Yəqin ki, valideynlərdən kiminsə öz uşağının eyni paltarı dəfələrlə geyməsindən, eyni cizgi filminə dəfələrlə baxmasından, eyni nağıla dəfələrlə qulaq asmasından şikayət etdiyi vaxtlar olur. Bu və ya buna bənzər hallar zaman keçdikcə təbii olaraq, valideynlərin hövsələdən çıxması ilə nəticələnir. Hətta belə valideynlər uşaqları ən sevdiyi yorğan olmadan yatmamağa, ən sevdiyi boşqab olmadan yeməməyə, ən sevdiyi oyuncaq olmadan oynamamağa başladıqda, təşvişə düşür və bu işə bir çarə tapmaq üçün mütəxəssis axtarmağa başlayırlar. Ancaq mütəxəssislər də öz növbələrində üzlərini belə valideynlərə tutur və: “Hər bu cür hərəkət xəstəlik deyil!” – deyirlər (yeri gəlmişkən deyək ki, bu cür hərəkətləri elmi dildə başqa cür obsessiv-kompulsiv pozuntu (OKP) da adlandırırlar).
Əsasən, 2-5 yaş arasındaki uşaqlarda müşahidə edilən bu hərəkətlər valideynlər tərəfindən daha çox şıltaqlıq kimi qəbul edilir. Halbuki uşaqlar bu hərəkətləri daha çox öz mənliklərini ifadə etmək üçün edirlər. Üstəlik, bu yaşlarda müəyyən vərdişlər qazanmağa başlayan uşaqlar bəzi əşyalara qarşı özlərini daha yaxın hiss edirlər. Ancaq bu da bir həqiqətdir ki, belə hallar təkcə uşaqlarda yox, böyüklərdə də tez-tez müşahidə olunur. Məsələn, eyni yolla getmək, eyni əşyadan istifadə etmək, eyni yerdə gəzmək və s. kimi. Ona görə də, uşaqlardakı bu halları elə ilk baxışdan xəstəlik kimi qəbul etmək doğru deyil. Ancaq əgər məsələ siz düşündüyünüzdən də ciddidirsə, uşağınız ciddi psixoloji pozuntu yaşayırsa və mövcud hərəkətlər gündəlik həyatına mənfi təsir göstərirsə, onda bir mütəxəssisə müraciət etmək lazım gələ bilər.
Bir sözlə, burada ən doğru yol mövcud problemin dərəcəsini müəyyəm etmək və bundan asılı olaraq, qərar qəbul etməkdir. Digər tərəfdən, bütün hallarda uşağınıza bu hərəkətlərini dəyişdirməsi üçün təzyiq göstərməməlisiniz. Məsələn, eyni paltarı geyməsinə, eyni cizgi filminə baxmasına, ya da eyni nağıla qulaq asmasına qadağa qoymaq kimi…
Buna görə də, uşağınıza istəyinin əksi olan bir şeyi zorla qəbul etdirmək əvəzinə, onun dəyişikliklərə uyğunlaşmasına (həm də tədricən) imkan verə bilərsiniz. Məsələn, “Bu paltar da sənə çox yaraşdı”, “Bu cizgi filmini də çox sevəcəksən”, “Bu nağıl da çox maraqlıdır” kimi pozitiv yanaşmalarla uşağınızın diqqətini yayındıra bilərsiniz.
Bir sözlə, uşağınızın kiçik problemlərini özünüz üçün böyük problemlərə çevirməməli və bu problemlərin həllini zamanın ixtiyarına buraxmalısınız.
Aygün Vəliyeva