“Uzun illər Rusiyada yaşamışam. Gənc idim o vaxtlar, həyatımda müxtəlif qadınlar olurdu. İnsan gənc olanda xəstəlik haqqında o qədər də düşünmür. Həm də o zaman xəstəliklər indiki kimi çox yayılmırdı. Hamı bir-birinin sağlam, təmiz olduğunu düşünürdü. Amma… Bir gün bədənimdə sulu yaralar yaranmağa başladı. Özüm özümdən iyrənirdim. Dostlarımın təkidi ilə həkimə getdim. İlkin analiz zamanı heç nə məlum olmadı. Dedilər “bir aydan sonra gəl”. Getmədim. Artıq yaralar da sağalmağa başlamışdı. Bakıya qayıtdım. Evləndim. Uşaq dünyaya gələndə həkim onda sifilis əlamətləri aşkarladı”.
Arif Əhmədov (ad şərtidir) bu məsələ ilə əlaqədar bir neçə həkimə müraciət edir. Sonda müəyyən edilir ki, onda ikincili sifilis inkişaf edirmiş: “Bakıda qala bilməzdim, uşağı sağaltmaq lazım idi. Buna görə də ailəmi götürüb, Türkiyəyə köçdüm. Burada müayinələr və güclü müalicə ilə sağaldıq. Amma 7 il öncə yaşadığım stressi unuda bilmirəm. Həkim belə sənə iyrənc bir varlıq kimi yanaşır. Yaraların qaşınır, su verir, üz tutur, qopur, yenidən əmələ gəlir. Qəribə iy gəlir səndən. Sanki ayaq üstə çürüyürsən. Rusiyada nə qazanmışdımsa, hamısı müalicəyə getdi. Həyata sıfırdan başladım. Çox ağır günlər idi…”
***
Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarına əsasən, iyunun 1-dən evlənmək istəyən cütlüklər tibbi arayış almalıdırlar. Nikaha daxil olmaq istəyən şəxslərin məcburi şəkildə tibbi müayinədən keçməli olduqları xəstəliklərin siyahısında sifilis də yer alıb. Bəs sifilis nədir, hansı yolla yoluxur, müalicəsi mümkündürmü? “Gencaile.az” Aile.lent.az-a istinadən sifilis haqqında geniş məlumatı təqdim edir.
Sifilis cinsi yolla yoluxan və xroniki inkişaf edən dəri-zöhrəvi xəstəlikdir. 25 faiz xəstələrdə ilkin mərhələdə özü sağalsa da, 50 faizində ağırlaşmalar olur və 25 faiz bundan dünyasını dəyişə bilir.
XIV-XV-ci əsrlərdə bu xəstəlik “fahişə xəstəliyi” adlanırmış. Ən çox dənizçilər yoluxduğu üçün bu xəstəliyin limanlarda görüşdükləri fahişə qadınlardan keçdiklərini iddia edirmişlər.
1999-cu ildə aparılan araşdırmalar zamanı məlum olur ki, sifilisə dünya səviyyəsində 12 milyon insan yoluxub. Və ən qəribəsi budur ki, sifilis daha çox, yəni 90 faiz nisbətində inkişaf etmiş ölkələrdə müşahidə edilib. Əvvəllər sifilis xəstəliyindən dünyasını dəyişənlər çox olsa da, 1940-cı ildən – antibiotiklər kəşf edildikdən sonra sifilisin müalicəsi tapıldı, nəticədə ölüm nisbəti də aşağı düşdü. Sifilis ən çox kişilərdən yoluxan cinsi xəstəlikdir. Qorumasız və təsadüfü cinsi münasibətlər bu xəstəliyin yayılmasına səbəb olur.
1997-ci ildə ABŞ-da kişilərlə qadınlar arasında xəstəliyin nisbəti eyni olduğu halda, 2007-ci ildə kişilər çoxluq təşkil edib. Sifilis ən çox ABŞ, Kanada, İngiltərə, Avstraliya və Avropada müşahidə edilir. 1990-cı illərdən isə Rusiya və Çində də qeydə alınıb. Xəstəlik müalicə edilmədiyi təqdirdə kişilərdə 58 faiz ölümə səbəb olur.
Sifilisin konkret mənşəyi məlum deyil. Fərziyyələrə görə, Xristofor Kolumbun Amerika qitəsinə etdiyi səfər zamanı dənizçilər tərəfindən Avropaya gətirilib. Bu fərziyyə daha çox inandırıcı hesab edilir.
Tarixi qeydlərə görə, Napoleon da sifilisə yoluxubmuş. Buna görə də sifilisə çox zaman “fransız xəstəliyi” deyilir. Əvvəllər “grit poks” adlanan xəstəlik 1530-cu ildə həkim-şair Gilyermo Frakastro tərəfindən “sifilis” adlandırılıb.
Mütəxəssislər hesab edir ki, sifilisin erkən diaqnozunu qoymaq çətindir. Xəstəlik yoluxduqdan 15 il sonra belə ortaya çıxa bilər.
Uroloq-androloq Kamil Baxşıyev deyir ki, sifilis treponema pallidum adlı mikrobun səbəb olduğu xroniki, bütün bədəni əhatə edən zöhrəvi yoluxucu xəstəlikdir. Cinsi əlaqə yolu ilə yoluxan bu xəstəlik qan yolu ilə hamilə qadının hələ doğulmamış uşağına da keçə bilir. Xəstəlik müxtəlif yollarla bulaşır: sifilisli bir xəstə ilə öpüşmə, onun qidalandığı qablardan istifadə, eyni unitazdan istifadə… Digər yoluxma yolu isə sifilisli ananın övladına süd verməsidir.
Həkim bildirir ki, sifilis xəstəliyinə səbəb olan treponema pallidum spiral formasında və öz üzərində 6-14 dəfə sarılmış bir mikroorqanizmdir. Bir yay kimi irəliyə, sağa, sola, aşağıya hərəkət edir. Quruluğa davamsız olan bu mikroorqanizm belə mühitdə bir neçə saniyəyə ölür. Cinsi əlaqə zamanı yaranan bədən sıyrıqları və cinsi orqanların mukozası mikrobun bədənə daxil olması üçün “giriş qapısıdır”. Virus bədənə daxil olduqdan 3 həftə sonra ilkin əlamətlər müşahidə edilməyə başlayır. Bu dövrə xəstəliyin “latent dövrü” deyilir. Dövrün sonunda sifilisin 3 mərhələli dövrü başlayır: “Mikrob bədənə düşən kimi qana və limfa sisteminə qarışır. 3 həftəlik latent dövründə qanda treponema pallidum mikrobu aşkarlanır. Xəstəlik üçün 3 mərhələli testlər aparıldıqdan sonra konkret diaqnoz qoymaq mümkün olur. Sifilisin birinci dövrünün iki xüsusiyyəti vardır. Bunlardan biri sifilis mikrobunun daxil olduğu dəri səthində inkişaf edən “şankr” adlanan eroziyalı suluqların yaranmasıdır. İkinci xüsusiyyət isə dərinin bu bölgəsiylə əlaqəli limfa düyünlərinin şişməsidir. Şankr ağrısız, ət rəngində, şəffaf, parlaq görüntüyə malik eroziyalı bir suluqdur. Bu suluqlarda treponema pallidum mikrobu yığılır. Sifilisin birinci dövründə şankrların olduğu bölgələrdə limfa düyünləri şişir. Xüsusi iynələrlə limfa düyünlərindən alınan mayelər müayinə edilir və orada treponema pallidum aşkarlanır. Bu, xəstəliyin ikinci sero neqativ dövründə edilir. Qeyd edim ki, xəstəliyin bu dövrü yoluxucu dövr hesab edilir”.
Şankr suluqları kişilərdə penisdə, qadınlarda cinsi orqanın ətrafında, homoseksual kişilərdə isə ən çox ağız və anus ətrafında olur.
Sifilisin birinci dövr suluqları yaxşılaşdıqdan sonra xəstəliyin ikinci dövrü başlayır və 3 il davam edir. Bu dövrün əsas əlamətləri bədəndə bir çox limfa düyünlərinin şişməsi və dəridə çox sayda suluğun olmasıdır. İkinci dövrdə suluqların artması yoluxuculuq dövrünün ən pik nöqtəsidir. Suluqlar ən çox bədənin yan və arxa hissəsində müşahidə edilir. Ağız içində olan suluqlar mukoza valları adlanır və xəstəliyin yoluxmasında böyük rol oynayırlar.
Özünə baxmayan xəstələrdə dəridə yaralar əmələ gəlir və bunların üzəri qabıq bağlayır. Bu yaralara “rupia syphilitika” deyilir: “Suluqlar və möhkəmlənmiş limfa düyünləri əsasən anus ətrafında, qoltuq altında, döşlərin altında inkişaf edir və böyüyür. Zaman keçdikcə çəhrayı-boz-ağ rəng alır. Bunlara “kondiloma lata” deyilir. İkinci dövrdə qadınlarda boyunbağı kimi ağ ləkələr meydana gəlir. Buna “Venera boyunbağısı” deyirlər. Ağırlaşmış hallarda saç yamaq formasında tökülür. Sifilisin üçüncü dövründə bədənin müqaviməti azalır və həssaslıq artır. Bu dövrdə xəstəlik bütün daxili orqanlara nüfuz edir. Sifilisdə ən çox mərkəzi sinir, skelet və ürək-damar sistemi zərər görmüş olur. Daha sonra üzdə və bədənin müxtəlif yerlərində 1 sm ölçüdə irinlənmiş yaralar müşahidə edilir”.
Həkimin sözlərinə görə, xəstəlik müalicə edilmədiyi təqdirdə bütün bədənə və daxili orqanlara yayılır və xəstəliyin üçüncü mərhələsində müalicə çətinləşir. Buna görə də hər bir şəxs sadalanan hər hansı bir əlaməti özündə müşahidə etdiyi zaman mütləq həkimə müraciət etməlidir: “İstər qadın olsun, istər kişi özündə hər hansı bir narahatlıq hiss etdiyi zaman mütləq həkimə müraciət etməlidir. Bu kimi xəstəliklər özbaşına sağalmır. Mütləq antibiotik dərmanlarla müdaxilə etmək lazımdır. Amma təəssüf ki, insanlar müalicədən, müayinədən çəkinirlər. Sifilis olub bu xəstəliyi yaxınlarınıza yoluxdurmaqdansa ən yaxşısı vaxtında müayinə edilib, müalicə almaqdır. Unutmayın ki, hər bir xəstəlik yalnız vaxtında aşkarlandığı təqdirdə müalicə edilə bilir”.