“Mən”dən qurtulun, “biz” olun

Baxış sayı: 1. 768

Ailə qurduqdan sonra sevgi yerini hörmətə verir və evliliyi davam etdirmə vəzifəsini bu duyğu öz üzərinə götürür. Bu fikrin nə dərəcədə doğru olduğunu deyə bilmərik. Bəlkə də bu fərdlərin “sevgi”ni necə tanımasından asılıdır. Bəzilərinə görə, sevgi fədakarlıq, bəzilərinə görə isə, sadəcə, peşmançılıqdır. Halbuki sevgi dəyişməkdir, deyir Mövlana. Tamamilə dəyişmək. Bütün pis xüsusiyyətlərindən arınmaq və gözəlləşməkdir. Sevdiyinə oxşamaq, onun istədiyi kimi olmaqdır. Onun üçün ən yaxşısını etməyə çalışmaqdır. Sevgi həm sevməyi, həm dəyər verməyi öyrədir. Sevən insan incitməz, küsdürməz, ona özünü dəyərsiz hiss etdirməz. Bir sözlə, özündə bütün gözəl xüsusiyyətləri birləşdirən hissdir, sevgi.

İnsan birini sevdiyi zaman həyata dair bütün planları məhz onu əhatə edir. Gələcəyində onun olmadığı tək bir anı belə xəyal edə bilmir. Lakin ailə qurduqdan və bir müddət keçdikdən sonra bəzi cütlüklər heç nəyin əvvəlki kimi olmadığından və hisslərinin adiləşməsindən şikayətlənirlər. Bu narazılıqlar sərt şəkildə ifadə olunur, qarşı tərəfi incidəcək sözlər söylənilir və qəlblər qırılır. Tərəflər bir-birinə yalan danışır, qarşı tərəfi dinləmir, həyat yoldaşını başqaları ilə müqayisə edir və ən adi səbəbdən təhqirlər yağdırırsa, bu, ailədə nə sevgi, nə də hörmət adına heç bir şeyin qalmadığını göstərir. Bu da dağılmağa hazır bir ailənin təməlini qoyur.

Araşdırmalar göstərir ki, ölkəmizdə 2014-cü ildə boşanmaların sayı əvvəlki illə müqayisədə artıb. Belə ki, 2013-cü ildə bu göstərici 11730 nəfər  idisə, 2014-cü ildə bu rəqəm 12088 nəfərə çatıb. Bunların da kökündə ailədaxili münaqişələr, maddi ehtiyacların təmin olunmaması, xəyanət, bir-birinə qarşı münasibətin aşağı səviyyədə olması və s. kimi səbəblər dayanır.

Çox hallarda insanın hər şeyə alışdığı, böyük həvəslə arzuladığı şeylərin sonradan adiləşdiyi düşünülür. Bu, qışda yayın, yayda isə qışın gəlməyini istəməyə bənzəyir. Halbuki həm yayı həm də qışı sevirik. Psixoloqlar ailənin sevgi təməlləri üzərində qurulmasının vacibliyini vurğulayırlar. Əgər sevgi varsa, o heç vaxt itmir, sadəcə, funksiyasını dəyişdirir. Ailə həyatı qurduqdan sonra sevgi özünü dostluq, fədakarlıq, mərhəmət, qayğı, şəfqət kimi hisslərlə büruzə verir və münasibətlər qarşılıqlı hörmət çərçivəsində davam edir. Çünki sevgi və hörmət bir-birini bəsləyən hisslərdir. Həyat yoldaşları bir-birini dinləyib, başa düşüb, dost ola bilirsə, bu ailənin daha möhkəm və sağlam olduğundan xəbər verir.

Dinimiz də hörmət göstərməyin insani bir haqq olduğunu bildirir. İnsanı incitməmək, aşağılamamaq, sevmək və dəyər vermək insanlığın birinci vəzifəsidir. Həyat yoldaşları arasında fiziki və ya düşüncə baxımından fərqliliklər ola bilər. Lakin bu onların bir-birini aşağı görməsinə əsas verməməlidir. Bütün fərqlilikləri qəbul edib, birləşmək elə ailə olmağın əsas gərəyidir.

Evlilik həyatında tərəflərin yol verdikləri bəzi səhvlər onlar arasında münasibətin pozulmasına gətirib çıxarır. Mütəxəssislər, ailədə qarşılıqlı hörmət anlayışının qorunması üçün aşağıdakı nüanslara diqqət etməyi məsləhət görürlər.

– Tərəflərin bir-birindən narazılığı, qohumlarını və ya valideynlərini bəyənməməsi mübahisə mövzusuna çevrilir. Belə ailədə də səs-küy heç vaxt əskik olmur və bu mühitdə sevginin davam gətirməsi mümkün deyil.

– Həyat yoldaşları bir-birinə işlərində dəstək olmalıdır. Bütün günü evdə uşaq saxlayan, ev işləri ilə məşğul olan qadına həyat yoldaşı şorbanı qarışdıraraq, axşamlar uşaqla məşğul olaraq və ya sadəcə, onu dinləyərək kömək edə bilər. Eyni zamanda qadın da işdən stresli, yorğun gələn həyat yoldaşına xoş sözlər söyləyərək ona anlayış göstərə bilər.

– Heç kəs inadcıl bir insanla həyatını davam etdirmək istəməz. Onu başa düşməyən və yalnız öz doğruları ilə hərəkət edən birinə uzun müddət dözə bilməz. Ona görə də tərəflər daha həlim olmalı və bir-birilə məsləhətləşməlidirlər.

– Ailədə tərəflərin bir-birinə qarşı gözləntiləri imkanlar çərçivəsində olmalıdır. Əgər hər iki tərəfin də istəkləri bir-birinə yaxındırsa, onda ailədə hüzuru bərqərar etmək mümkün olacaq.

– Evlilik həyatının sağlam bağlarla davam etməsi üçün “bölüşmək”, “şərik olmaq” anlayışları əsas şərtlərdəndir. Unutmayın, problemlər bölüşdükcə azalır, xoşbəxtlik bölüşdükcə çoxalır. Birlikdə qohumları ziyarət etmək, gəzməyə çıxmaq, alış-veriş etmək və ən əsası uşaq böyütmək ailəni möhkəmləndirir.

– İnsan yaxşılığın quludur. Başqalarına yaxşılıq etmək həyatı daha gözəl yaşamağa, ondan ləzzət almağa səbəb olur. Bu cür xeyirxahlığın həyat yoldaşları arasında olması onların bir-birinə daha möhkəm bağlanmasına şərait yaradır. 

– Tərəflər bir-biri üçün fədakarlıq etməkdən çəkinməməlidir. Fədakarlıq sevgini möhkəmləndirir və onların bir-birinə qarşı güvənini artırır.

– Ailədə ən vacib nüanslardan biri də ailə sirrlərini başqalarına danışmamaqdır. Həyat yoldaşının xoşagəlməyən xüsusiyyətləri olsa belə, bunu başqası ilə müzakirə etmək doğru bir addım deyil. Heç kəs ailəsi haqda başqasının xoşagəlməz şeylər danışmağını istəməz. Buna görə də həyat yoldaşınızdan şikayət etmək əvəzinə, onun bəyənmədiyiniz xüsusiyyətlərini daha yumşaq bir şəkildə özünə deyin.

– Tərəflər bir-birindən heç nə gizlətməməli, hər mövzuda məsləhətləşərək hərəkət etməlidirlər; güvən, etibar hissi ailənin sütunları hesab olunur.

– Ailədə hər hansı anlaşılmazlıq yaşanarsa, bunun yerindəcə həll olunması daha məqsədəuyğundur. Çünki kiçik məsələlər sonradan böyüyüb içindən çıxılmaz hal ala bilər.

Bəli, insanlar arasındakı münasibətin təməli sevgi və hörmətdir. Hər bir insan ətrafında onu sevən və hörmət edən insanların olmağını istəyər. Çünki insanın ruhu sevgidən qidalanır. Sevdiklərindən dəyər görmək isə ona güc verir və özünəinamı formalaşdırır. Buna görə də insan özü ilə necə rəftar edilməsini istəyirsə, başqalarına qarşı elə olmalıdır. Bu qayda ailədaxili münasibətlərdə də tətbiq olunmalıdır. Qadın həyat yoldaşından diqqət, qayğı, sevgi, hörmət gözləyirsə, birinci bunu özü etməlidir. Eyni zamanda da kişi. Ailəyə güc verən, çətin günlərin öhdəsindən  gəlməkdə, tərəflərin bir-birinə dəstək olmasında rol oynayan ən önəmli ünsür sevgidir. Hörmət olmadan sevgi heç bir işə yaramaz, sevgsiz hörmət də əskikdir. Sevgi və hörmətin olduğu ailələrdə cəmiyyət uzunömürlüdür və heç bir güc onları yıxa bilməz.

Ailə olmaq bütünləşmək deməkdir. “Mən” düşüncəsindən sıyrılıb, “biz” ola bilməkdir.

zaman.az




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir