Müasir qadın yalnız ailə həyatının yox, həm də ictimai və peşəkar sahənin fəal iştirakçısına çevrilib. Bununla yanaşı, həyat ritminin sürətlənməsi, balanssız qidalanma, fiziki hərəkətsizlik və psixoemosional yüklənmə qadın sağlamlığını müxtəlif aspektlərdən təhdid edir. Bu kontekstdə qadının sağlamlığının qorunmasında ailə həkiminin rolu getdikcə daha da aktuallaşır.
Bu mövzuda daha ətraflı məlumat almaq üçün biz MayoMed Medikal Fizioterapiya və Reabilitasiya Mərkəzinin təsisçisi və baş həkimi, terapevt, ailə həkimi Nərminə Abbasova ilə danışdıq.
Hormonal balans, həyat tərzi və qadın sağlamlığı
Nərminə xanım bildirir ki, qadın sağlamlığının əsas sütunlarından biri hormonal balansdır və bu, birbaşa həyat tərzi ilə əlaqəlidir:
“Günümüzdə 20–35 yaş arası qadınlarda belə menstrual nizamsızlıq, yuxu pozuntuları və xroniki yorğunluq halları artıb. Səbəb isə tez-tez balanssız qidalanma, yüksək stress və az hərəkətli həyat tərzidir. Bu simptomlar zamanla daha ciddi endokrin pozuntulara çevrilə bilər.”
Ailə həkimi olaraq o, qadın pasiyentlərin sağlamlıq tarixçəsini geniş spektrdə qiymətləndirir: həyat tərzi, qidalanma rejimi, stressə dözümlülük, ailə tarixi və hormon profilləri nəzərə alınır.
Ginekoloji şikayətlərin arxasındakı həyat tərzi faktorları
Nərminə Abbasovanın sözlərinə görə, qadınların ailə həkiminə müraciət etdiyi bir çox ginekoloji şikayətin arxasında psixoloji və sosial faktorlar dayanır:
“Daimi yorğunluq, aybaşı öncəsi ağrılar, hətta sonsuzluq halları belə bəzən düzgün yönləndirilməyən həyat tərzindən qaynaqlanır. Biz həkim olaraq yalnız simptomlara deyil, səbəblərə fokuslanmalıyıq.”
O bildirir ki, müasir ailə həkimi həm terapevt, həm psixoloji müşahidəçi, həm də maarifləndirici olmalıdır. Xüsusilə gənc qadınlarla açıq və güvənə əsaslanan münasibət qurmaq önəmlidir.
Qadın sağlamlığında erkən skrininqlərin əhəmiyyəti
Ailə həkimi olaraq Nərminə Abbasova qadınlara erkən yaşdan mütəmadi tibbi müayinələr tövsiyə edir:
“Servikal xərçəngə qarşı Pap-test, süd vəzilərinin USM müayinəsi, hormon analizləri və dəmir, D vitamini kimi göstəricilərin nəzarətdə saxlanması – bunlar həyat keyfiyyətinin qorunmasında vacib addımlardır.”
Onun sözlərinə görə, qadınların bəzən həkimə yalnız problem yarandıqda müraciət etməsi, gecikmiş diaqnozlara və müalicənin daha mürəkkəb olmasına gətirib çıxarır.
Nə etməli? Ailə həkiminin tövsiyələri
Nərminə xanım qadınlara aşağıdakı əsas prinsiplərə əməl etməyi tövsiyə edir:
🔹 Gündəlik fiziki aktivlik – sadə gəzinti belə metabolizmi tənzimləyir;
🔹 Sağlam və balanslı qidalanma – hormon balansı üçün xüsusilə yağ turşuları və mikronutrientlər vacibdir;
🔹 Yuxu rejiminə riayət – melatonin sintezi üçün optimal yuxu həyati əhəmiyyət daşıyır;
🔹 Psixoloji istirahət – meditasiya, sevdiyin məşğuliyyətlər, sosial dəstək mühümdür;
🔹 Vaxtaşırı həkim müayinəsi – erkən diaqnostika sağlam gələcəyin əsas açarıdır.
Qadın sağlamlığı – cəmiyyətin sağlam gələcəyinin təməlidir. Ailə həkimi bu prosesdə yalnız xəstəlikləri müalicə edən deyil, həm də sağlamlıq vərdişlərini aşılayan, hər bir qadının fərdi ehtiyaclarına uyğun yanaşan bir müşayiətçidir.
Nərminə Abbasova deyir ki, hər bir qadın öz bədəninə və psixologiyasına diqqət yetirməyi öyrənməlidir:
“Qadın yalnız özünə baxdıqda, ətrafındakı hər kəsə də daha faydalı ola bilir. Həkim olaraq bizim missiyamız təkcə xəstəlikləri müalicə etmək deyil – sağlam qadınlar yetişdirməkdir.”
Təqdim etdi: İlahə Atəş