Əziz valideynlər, gəlin, «uşağımız niyə solaxaydır?» deyə narahatlıq keçirməyək. Çünki burada heç bir faciəvi hal yoxdur. Sol əllə iş görməyə meyl anadan gəlmə haldır. Solaxaylıq ya irsən keçir, ya da baş beynin sol yarımkürəsinin funksional zəifliyi ilə bağlı olur. Bu funksiyanı sağ yarımkürə öz üzərinə götürür. Bəzən bu proses gizli getdiyindən valideynlər bunu hiss edə bilmirlər. Solayaxlıq nadir hal deyil. İnsanların 10 faizi solaxaydır.
Bəzi ibtidai sinif müəllimləri solaxay uşaq görəndə dəhşətə gəlirlər. Həkimin nəzarəti olmadan onların vərdişlərini sağ ələ keçirməyə çalışırlar. Ancaq unudurlar ki, insanın beyni sol və sağ yarımkürədən ibarətdir. Sol yarımkürə bədənin sağ tərəfinin, sağ yarımkürə isə sol tərəfinin hərəkətlərini idarə edir. Bu yarımkürələrdən biri aparıcı olduqda insanın sağ əli, ayağı, digər orqanları daha çevik və güclü olur. Zorla sağ ələ keçirilən hərəkətlərin nəticəsində uşaq nervoz, pəltək və tənbəl olur.
Solaxaylığı qüsur hesab etmək düzgün deyil.
Təcrübələrdən də görürük ki, solaxay uşaqlar normal şəraitdə öz çevikliyi və bilikli olması ilə seçilirlər. Məhşur italiyalı rəssam Leonardo da Vinçi, tanınmış ingilis aktyoru Çarli Çaplin, görkəmli yazıçı və riyaziyyatçı Luis Keroll, ABŞ-ın keçmiş prezidenti Bill Klinton və başqa görkəmli şəxsiyyətlər solaxay olublar.
Solaxay uşaqların məktəbə tam hazır olması üçün onlara qayğı ilə yanaşmaq, solaxay olduqlarını üzə vurmamaq lazımdır. Evdə, uşaq bağçasında bu ləqəbdən istifadə etmək, irad tutmaq yanlış addımdır. Uşağın hər bir müvəffəqiyyətini qiymətləndirmək vacibdir.