Rus Pravoslav Kilsəsinin baş keşişi Maksim Pervozvanski erkən doğuşa qarşı çıxış edib. O, 22-24 yaşdan daha kiçik qızların çox vaxt ana olmağa hazır olmadığını bildirib. Keşiş qadının ilk növbədə təhsil alıb ailə qurmasının vacib olduğunu vurğulayıb.
Onun sözlərinə görə, araşdırmalar göstərir ki, qadın nə qədər tez ana olsa, ikinci və üçüncü uşaq dünyaya gətirmə ehtimalı bir o qədər aşağı olur. Pervozvanski həmçinin hökumətin nikahdankənar uşaq dünyaya gətirən tələbə və məktəbli qızları dəstəkləmək təşəbbüslərini tənqid edib, bunu “kökündən yanlış yanaşma” və “axmaqlıq” adlandırıb.
Keşişin sözlərində həqiqət payı nə qədərdir? Belə iddialar Azərbaycan cəmiyyəti üçün də keçərlimi? Ümumiyyətlə, bəşəriyyət “yaşlandıqca” evlilik üçün optimalı yaş azalır, yoxsa artır? Hazırda qadınlar və kişilər üçün orta rəqəm hansı sayılır?
Əvvəllər insan ömrü 50-60 yaş sayılırdısa, indi bu rəqəm 75-80-i keçib. Bu isə o deməkdir ki, gənclər həyat planlarını daha uzunmüddətli qururlar. UNESCO-nun son hesabatında göstərilir ki, Avropa ölkələrində ilk evlilik yaşı qadınlarda orta hesabla 29, kişilərdə isə 32-dir. Yaponiyada isə bu rəqəmlər müvafiq olaraq 31 və 34 yaşdır. ABŞ-da da oxşar mənzərə mövcuddur.
Azərbaycanda isə kənd yerlərində erkən nikah halları hələ də qalır. Bəzi bölgələrdə qızların 17-18 yaşında ailə qurmasına təzyiq göstərilir. Lakin təhsilin və məlumatlılığın artması ilə bu hallar azalır. Qeyd edək ki, ötən əsrin 80-90-cı illərində Azərbaycanda qadınların evlilik yaşı orta hesabla 20-21 idi. Hazırda isə bu rəqəm rəsmi statistikaya görə 23-24 yaş olsa da, reallıqda Bakı və digər iri şəhərlərdə 27-28 yaşa qədər yüksəlib. Kişilər üçün isə bu yaş 30-u keçir. Sosioloqlar bildirir ki, təhsil müddətinin artması, karyera planlarının önə çəkilməsi, iqtisadi müstəqilliyin gec qazanılması, sosial təzyiqlərin azalması insanları ailə qurmağa daha gec qərar verməyə vadar edir.
Ginekoloqlar isə bildirir ki, qadınların 18 yaşına çatmadan hamilə qalması həm psixoloji travma riski yaradır, həm də bəzi hallarda ana və uşaq üçün təhlükəli ola bilir. Amma bu, o demək deyil ki, 20 yaşındakı ana mütləq məsuliyyətsiz olacaq. Burada fərdi yetkinlik daha önəmlidir.
Sosioloq Üzeyir Şəfiyev mövzu ilə bağlı danışarkən bildirib ki, son illərdə Azərbaycanda evlilik yaşı həm qızlar, həm də oğlanlar üçün artmaqdadır: “Əvvəllər insanlar daha erkən ailə qururdular. Cəmiyyətdə belə bir yanaşma var idi: “Tez evlənənlə tez oyanan udar”. Təəssüf ki, bu düşüncə bəzən erkən nikahlara təkan verirdi. Lakin bu gün gənclər daha çox təhsil almaq, karyera qurmaq, maddi cəhətdən özlərini təmin etmək və yalnız bundan sonra ailə qurmaq barədə düşünürlər. Məncə, bu daha sağlam və rasional yanaşmadır”.
Sosioloq qeyd edir ki, ailə qurmaq üçün yalnız bioloji yetkinlik kifayət etmir: “Gözəl bir söz var: “Qızı qız yaşında, amma qadın ağlında ərə vermək lazımdır”. Yəni qız ailə qurmazdan əvvəl həyatın məsuliyyətini dərk etməli, ailə böhranlarına hazır olmalı, ailə dəyərlərini mənimsəməlidir. Bu yanaşma oğlanlar üçün də keçərlidir. Onlar da ailə dəyərlərini anlayaraq, məsuliyyətli şəkildə ailə qurmalıdırlar”.
Sosioloqun fikrincə, optimal evlilik yaşı şəxsən fərqlidir, lakin ümumi tendensiyaya əsaslanaraq təxminən belə müəyyən etmək olar: “Qızlar üçün bu yaş əsasən 22-23-dən sonra başlayır, oğlanlar üçün isə 26-30 yaş arası daha uyğundur. Bu dövrdə insanlar artıq müəyyən həyat təcrübəsi qazanır, psixoloji cəhətdən daha yetkin olurlar. Amma burada söhbət yalnız yaş rəqəmindən getmir. Ən önəmlisi odur ki, insan psixoloji, sosial, mənəvi və iqtisadi baxımdan ailəyə hazır olsun. Ailə qurmaq üçün təkcə fiziki yetkinlik deyil, həm də sosial və emosional hazırlıq vacibdir. Gənclər ailə dəyərlərinə hazırlıqlı olmalıdır. Bu dəyərlər məktəbdə, ədəbiyyat vasitəsilə və kütləvi informasiya vasitələrində aşılanmalıdır. Ailə yalnız iki şəxsin şəxsi məsələsi deyil, bu, həm də cəmiyyət və dövlət üçün strateji əhəmiyyətə malik bir institutdur.
Ailə fədakarlıq tələb edir – həm qadından, həm də kişidən. Hər iki tərəf bu fədakarlığa hazır olmalıdır. Ailə qurmağa təkcə yaş yetkinliyi ilə deyil, psixoloji və mənəvi hazırlıqla da yanaşmaq lazımdır. Ancaq bu şəkildə ailələr böhranlı vəziyyətlərdə sağlam qərarlar qəbul edə və uzunömürlü ola bilərlər”.
Mama-ginekoloq Rəşad Sultan isə qeyd edib: “Adətən biz görmüşük ki, din xadimləri və konservativ insanlar deyirlər: “Qadınları tez evləndirin, qoy çoxlu uşaqları olsun” və sair. Bu dəfə isə əksinə oldu. İlk dəfədir ki, bir din xadimindən belə bir proqressiv fikir eşidirik – yəni qadınlar 22-23 yaşdan əvvəl evlənməsinlər. Tibdə, xüsusilə ginekologiyada konkret rəqəm olaraq 20 yaş əsas götürülür. Statistika göstərir ki, 20 yaşdan əvvəl baş verən hamiləliklərin gedişatında ciddi fərqlər olur – xüsusilə də vaxtından əvvəl doğuş daha tez-tez müşahidə olunur. Vaxtından əvvəl doğuş isə həm ana, həm də körpə üçün ciddi fəsadlar yaradır. Xüsusilə yeni doğulmuş körpələr üçün bu, olduqca risklidir. Bütün dünyada neonatal ölüm və xəstəliklər statistikasında vaxtından əvvəl doğuş bir nömrəli səbəblərdən biridir. Sağlamlıq sisteminin effektivliyini ölçən iki-üç əsas göstəricidən biri də məhz budur. Məhz buna görə biz hər zaman, hər yerdə 20 yaşdan əvvəlki hamiləlikləri erkən və riskli hamiləlik kimi qiymətləndiririk və bununla mübarizə aparırıq.
Qanunvericilik 18 yaşdan sonra nikaha icazə verir, lakin biz həkimlər və tibb elmi 20 yaşdan sonra hamiləliyin baş verməsini daha doğru hesab edirik. Mama-ginekologiyada belə bir anlayış var: Hamiləliyə düzgün qayğı göstərilməlidir, lakin əgər bu arzuolunmaz və planlaşdırılmamış bir hamiləlikdirsə, ən yaxşısı odur ki, bu hamiləlik ümumiyyətlə baş verməsin. Mən hesab edirəm ki, həmin din xadimi də məhz bunu nəzərdə tutur – yəni hökumət nikahdankənar uşaq dünyaya gətirən məktəbli və tələbə qızlara dəstək verməkdənsə, arzuolunmaz hamiləliklərin qarşısını almaq barədə düşünməlidir.
Biz ginekoloqlar illərdir bu mövqedəyik: arzuolunmaz hamiləliklərlə mübarizə aparmaq lazımdır. Yəni hamilə qalıb abort etdirməkdənsə, hamiləliyin, ümumiyyətlə, baş verməməsi daha doğrudur. Bunun üçün müxtəlif tibbi üsullarla – kontrasepsiya vasitələri ilə, yəni hamiləlikdən qorunma üsulları ilə tanışlıq və maarifləndirmə məktəb yaşlarından başlamalıdır”.
Xalidə GƏRAY