Dəniz suyu: xeyri qədər ziyanı da var

Baxış sayı: 1. 659

Yay gələn kimi hər kəs sərinləmək üçün dənizə üz tutur. Dəniz suyu, isti qum, günəşin şüaları insan orqanizmi üçün nə qədər faydalı olsa da, zərərləri də az deyil. Çünki dəniz və hovuz suyunda orqanizm mikroblara daha tez yoluxur.

Qulaq-burun-boğaz həkimi Tural Babayevin sözlərinə görə, hovuzlarda və dənizdə qulaq, burun, boğaz infeksiyaları ilə yanaşı, dəri infeksiyaları da meydana gələ bilər: “Bir çox insanlar istirahət üçün hovuz və dənizə üstünlük verirlər. Çünki yayda qızmar istidən bədəni ancaq su sərinlədə bilir. Amma unutmamaq lazımdır ki, dənizdə də, hovuzda da sağlamlıq üçün zərərli olan mikroblar var”.

Həkimin dediyinə görə, hovuz suyunda bu mikroblar dəniz suyuna nisbətən daha azdır. Həmsöhbətimiz hovuza girməkdənsə, dənizə daha çox üstünlük verməyi məsləhət görür. “Bilirsiniz ki, hovuz suyunu təmizləmək üçün xlordan istifadə edilir. Xlor da sağlamlıq üçün zərərlidir. Nəzərə alın ki, hovuza hər cür insan girir və onların gigiyenik şərtlərə hansı dərəcədə əməl etdiyini bilmirik. Belə hallarda göz, qulaq və digər sistemlərdə problemlər yarana bilər. Xüsusilə həftə sonlarında çox adam hovuza eyni zamanda girdiyi üçün xəstəliyə yoluxma ehtimalı daha yüksək olur. Əgər hovuza girmək istəyirsinizsə, çalışın ki, hovuzda çox adam olan zaman girməyin”, – deyən T.Babayev suda çox qalmamağı, hovuzun təmizliyi ilə bağlı səlahiyyətlilərdən məlumat almağı tövsiyə edir. Onun sözlərinə görə, uşaqlar hovuza çox girdiyi üçün onlarda orta qulaq, xarici qulaq, sinusit kimi bir çox xəstəliklər müşahidə edilə bilər.
Həmsöhbətimiz bildirir ki, hovuzda və dənizdə ən çox göbələk infeksiyaları olur. Göbələk infeksiyaları eyni şəkildə qaşınma ilə qulaqda da yarana bilər: “Qulaqda infeksiya varsa, dənizə və hovuza girən zaman qulaq pərdəsi cırıla bilər. Buna çox diqqət yetirmək lazımdır. Ancaq onu da deyim ki, dəniz suyunda duz olduğu üçün daha xeyirlidir. Duzlu su burunda qabıqlanmanın qarşısını alır və nəmliyi təmin edir. Dəniz suyunu burun mayesinin atılmasını təmin edən çox kiçik tükcüklərin rahat hərəkət etməsini təmin edir. Bu səbəblə də təmiz dəniz suyu qrip kimi xəstəliklərin qarşısını alır. Dəniz suyu sayəsində burun tıxanmır, burun ifrazatı təmizlənir və asanlıqla atılır”.

Dənizə və ya hovuza girən insanlar bilməlidir ki, onları qulaq, burun, boğaz, sidik yolu infeksiyaları ilə yanaşı ishal kimi həzm sistemi problemləri də gözləyir: “Əgər dənizə və ya hovuza girdikdən sonra sizdə şiddətli qulaq ağrısı, xarici qulaq yolunda şişmə, qulaq axıntısı, tıxanma və eşitmə çətinliyi yaranırsa, mütləq həkimə müraciət edin. Uşaqlarda ishal varsa, onu hovuza buraxmayın. Uşaqlarınıza başa salın ki, hovuz və dəniz suyunu udmasınlar. Hovuza girən zaman gigiyena qaydalarına riayət edilməlidir. Hovuza girməzdən əvvəl duş alınmalı, tualet istifadə edildikdən və ya körpə pampersi dəyişdirildikdən sonra əllər sabunla yuyulmalıdır. Əks halda bədəninizdə olan mikroblar suya bulaşaraq, hovuza girən digər insanlara da təsir edə bilər”.

Babayevin dediyinə görə, hovuzdan və ya dənizdən sonra uşağın gözləri qızarırsa, bu, suyun mikroblu olmasından xəbər verir: “Unutmayın ki, suya qarışan nəcis parçası bütün suyu mikroblu edə bilər”.

Hovuzda və ya dənizdə olan bakteriyalar virus göbələkləri və göz soyuqdəyməsinə səbəb olur. Xəstələr gözlərinin qızarmasından, yaşarmasından və axıntıdan şikayət edirlər. Səhərlər gözlər şiş və çirklə dolu olur. Gözlərdə batma, xarici cisimlərə və işığa qarşı həssaslıq yarana bilər. Gözlərdə uçuqlama, linza istifadəçilərində daha ağır göz problemləri, allergik göz soyuqdəyməsi və s. müşahidə edilə bilər.

Həkim qeyd edir ki, çaylar, göllər və digər axar sularda çimmək və yuyunmaq da müəyyən xəstəliklərə səbəb ola bilər. Bu xəstəliklər arasında legioner xəstəliyi daha çox yayılıb. Yaşın 50-dən çox olması, siqaret çəkmək, alkoqollu içki aludəçiliyi legioner xəstəliyi riskini artırır: “Siqaret və alkoqollu içki aludəçiləri, yaşı 50-dən keçmiş insanların dənizdə, hovuzda, çayda və ya göldə çimməsi sağlamlıqları üçün daha təhlükəlidir”.

Xəstəliklər dənizdə, hovuzda, çayda, göldə çimdikdən 2-10 gün sonra ortaya çıxa bilər: “Buna görə də çalışın ki, Ekologiya və Səhiyyə Nazirliyi tərəfindən təmizliyinə qərar verilmiş çimərliklərə gedəsiniz və hovuz, çay, göldə çimməkdən uzaq olasınız”. (ekspress.az)




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir