Karyerada yüksəliş bir çox insan üçün həm peşəkar, həm də şəxsi nailiyyətlərin zirvəsidir. Amma bu zirvəyə gedən yol asan deyil. Rəhbərliyin etimadını qazanmaq, performansla fərqlənmək və doğru zamanda doğru addımlar atmaq lazımdır. Əgər son zamanlar iş mühitində bəzi dəyişikliklər hiss edirsinizsə, bəlkə də yüksəlişin astanasındasınız.
Beləliklə, iş yerində yüksəldiyinizi göstərən 5 əlaməti təqdim edirik:
1) Uğurlarınız artıq ölçülə biləndir
Əgər sizə tapşırılan vəzifələri vaxtında və yüksək keyfiyyətlə yerinə yetirirsinizsə, bu artıq rəhbərliyin diqqətindən qaçmır. Sadəcə “işi bitirmək” deyil, onu peşəkar səviyyədə görmək sizin şirkət üçün dəyərli əməkdaş olduğunuzu göstərir.
Unutmayın: şirkətlər yalnız səylə deyil, nəticə ilə fərqlənən işçiləri irəli çəkir. Amma bu yolda özünüzü tükətməyin yanmadan parlayın.
2) Sizə dəyərli layihələr etibar edilir
Bir gün rəhbər sizə şirkətin ən çətin və vacib layihəsini tapşırırsa, bu təsadüf deyil. Bu, artıq sizin etimad qazandığınızın sübutudur. Belə layihələr adətən menecment səviyyəsində və ya xüsusi mütəxəssislərə verilir. Bu imkanı qaçırmayın — çünki bu, sizin üçün sınaq mərhələsidir. Bu tapşırıqla uğur qazanmaq həm təcrübənizi genişləndirəcək, həm də sizi növbəti pilləyə daşıyacaq.
3) Rəhbərlik bacarıqlarınız ön plana çıxır
Bəzən yüksəliş təkcə vəzifə dəyişimi deyil, rol dəyişikliyi ilə gəlir. Əgər siz artıq həmkarlarınıza yol göstərir, qrup işlərini koordinasiya edir və nəticələri idarə edirsinizsə, deməli sizdə liderlik cizgiləri formalaşır. Rəhbərlik yalnız tapşırıq vermək deyil, insanları yönləndirmək, motivasiya etmək və düzgün qərarlar vermək bacarığıdır. Bu xüsusiyyətlər sizdə varsa, yüksəliş artıq uzaqda deyil.

4) Siz işə qəbul prosesinə cəlb edilirsiniz
Yeni əməkdaşların seçimi hər şirkət üçün strateji addımdır. Əgər sizdən yeni namizədlər barədə rəy soruşulur və ya siz müsahibə mərhələsinə dəvət edilirsinizsə, bu, rəhbərliyin məhz sizin düşüncə tərzinizə güvəndiyini göstərir. Bu, həm də qərarvermə proseslərinə daxil olmaq imkanı yaradır yəni artıq siz təkcə icraçı yox, təsir gücünə malik əməkdaşa çevrilmisiniz.
5) Siz yeni və mövcud əməkdaşlara təlim keçirsiniz
Təcrübənizi bölüşmək, həm yeni işçiləri, həm də mövcud komanda üzvlərini öyrətmək bir növ liderlik məktəbidir. Bəli, bu proses bəzən vaxt aparır, amma onun qazancı böyükdür: həm rəhbərliyin, həm də kollektivin gözündə etibarlı və bilikli mütəxəssis kimi tanınırsınız. Əgər rəhbər sizə bu məsuliyyəti həvalə edirsə, deməli, siz artıq potensial lider kimi qəbul edilirsiniz.
Əgər bu əlamətlərin bir neçəsini özünüzdə görürsünüzsə, deməli, növbəti pilləyə qalxmaq zamanıdır. Unutmayın, yüksəliş təsadüf deyil, inam və ardıcıllığın nəticəsidir. Yeni vəzifə, daha yaxşı maaş və geniş imkanlar – hamısı öz işinə dəyər qatan insanların payına düşür. Sadəcə öz bacarığınıza inanın və hər gün bir addım irəliləyin.
Tənzilə Ağabalayeva











































































































































































