Havalar isti olduğu üçün insanların sərinləşdirici sulara olan tələbatı da artıb. Paytaxtda hər addım başı müxtəlif çeşiddə sərinləşdirici sular satılan yerlərlə rastlaşırıq. İri marketlərdə sərinləşdirici suların çeşid bolluğunu daha çox müşahidə etdik. Əhali xüsusən də qazlı sərinləşdirici sulara üstünlük verir.
Satıcılarda alıcıların daha çox şirin qazlı sərinləşdirici sular və energetik içkilər aldığını deyirdilər. Suların müxtəlif çeşiddə olması istehlakçılara rahat seçim imkanı verir. Qiymətləri isə sərinləşdirici rəngli qazlı sular 30 qəpikdən 5 manat arasında satılırdı. Energetik içkilər isə 1-4 manat arasında satılırdı.
Maraqlıdır, bəs içdiyimiz sərinləşdirici qazlı sular səhhətimizə nə dərəcədə zərərlidir?
“Circulation” jurnalında dərc olunan məqalədə şirin qazlı içkilərdən çox istifadənin dünyada hər il təqribən 184 min insanın ölümünə səbəb olduğu yazılıb. Həmçinin əlavə çəki ilə yanaşı, sağlamlıqla bağlı bir çox problemlərin yaranmasına da gətirib çıxarır.
Qazlı içkilərdən istifadə tezliyini bu insanların ölümü ilə qarşı-qarşıya qoyan alimlər qrupu aşkar edib ki, bu içkilərdən çox istifadə etmə birbaşa və dolayı yolla hər il təqribən 180 min insanın ölümünə səbəb olur. Ölüm hallarının əksər hissəsi II tip şəkərli diabetin, 45 mini ürək və damar xəstəliklərinin, 6,5 mini isə xərçəng xəstəliyinin payına düşür. Gün ərzində cəmi 2 şüşə şəkərli qazlı içki içmək insanların şirin dadları bilmə hissini kütləşdirir və onları şəkərə daha da meylləndirir. Qazlı içkilərin əsas zərərləri ürək xəstəlikləri, qaraciyər çatızmazlığı, hipertansiyon, maddələr mübadiləsinin pozulması ikən eyni zamanda hər orqana fərqli şəkildə zərər verir. Bu içkilər asılılıq yaradır və bir çox orqanlara qalıcı ziyan verir. Harvard Universitetinin araşdırmalarına görə, qazlı içkilərin içində olan fosfat erkən yaşlanmaya səbəb olur, infakt riskini artırır.
Bədəndəki kalsium tarazlığını pozub sümük əriməsinə gətirib çıxardır, diş minasına zərər verir. Həmçinin qazlı içkilərin siqaret qədər zərər verdiyi də deyilir. Əksər sərinləşdirici suların dibində çöküntü olur. Hazırda satışda isti günəş altında, mənşəyi məlum olmayan, üzərində istehsal və son yararlılıq tarixi yazılmayan içkilərin satışı kifayət qədərdir. Qeyd edək ki, mineral su 5-12 dərəcə temperaturda saxlanılmalıdır. Təbii mineral suların saxlanılma müddəti 1 ildir. Tərkibində dəmir olan suları isə 4 ay saxlamaq olar. Süni mineral suların ticarət şəbəkəsində saxlanılma müddəti 15 gündür. Keyfiyyətli spirtsiz içkilər şəffaf, çöküntüsüz olmalıdır. Spirtsiz içkilər 0-12 dərəcə temperaturda saxlanılmalıdır. Odur ki, sərinləşdirici içkilər alan zaman bu kimi amilləri nəzərə almaq lazımdır.
Görəsən, bu qaydalara əməl olunurmu?
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov qazlı suların içmək üçün yararlı olmayan sular olduğunu dedi: “Qazlı şirin sular içmək üçün məsləhətli olmayan sulardır və məsləhət görərdim ki, əhali bunu bilsin. Rəngli və rəngsiz fərdi olmadan qazlı sular ciddi mədə-bağırsaq xəstəliklərinə səbəb olur. Bu sulara kimyəvi rəngləyicilər, şəkər əvəzinə saxarin və digər mənşəyi bilinməyən maddələr vurulur ki, şirinlik versin. Şirinləşdirilmiş, rəngləşdirilmiş, üstəlik də qaz vurulmuş sular arzu olunmayan sulardı. Əhali belə sulardan uzaq durmalıdır. Bu içkilərdə standartların tələbləri pozulur. Bu suları cəlbedici etmək üçün qatqılar artıq vurulur. Buna da dövlət orqanları nəzarət edə bilmir. Ona görə də almaq məsləhət deyil. Əlbəttə, öldürücü deyil, az miqdarda içmək olar. Lakin təəssüflər olsun əhali, xüsusən də uşaqlar çox içir. Bu da zərərlidir”.
Tibb elmləri doktoru, professor Adil Qeybulla isə müəyyən içkilərin daimi istifadə üçün olmadığını dedi:“Qazlı suların tərkibinə karbon qazı vurulur. Karbon qazının vurulması da suya həm sərinləşdirici effekt verməyi, həm də dizenfeksiya məqsədilə xarab olmaması üçün vurulur. Qazlı sulardan həddən artıq istifadə etmək məqsədəuyğun deyil. Amma qazlı suların insan ölümünə səbəb olması ilə bağlı məsələlər reallığa uyğun deyil. Bu gün Azərbaycanda ölüm hallarının məhz qazlı sudan baş verməsini kim tədqiq edib?! Heç kim. Ona görə də bu statistika reallığa uyğun deyil. Əvvəla, qazlı sulardan insanlar daima istifadə etmir. Müəyyən içkilər var ki, onlar daimi istifadə üçün deyil. Qazlı suların tonoslandırıcı içkilərin uzun müddətli istifadəsi zərərlidir. Onların uzun müddətli istifadəsi təbii ki, müəyyən problemlər törədə bilər”. (musavat.com)