facebook status

Şairlər və jurnalistlər “Facebook”da nədən yazır?

Baxış sayı: 1. 828

Qələm əhlinin – şair və jurnalistlərin işi onsuz da yazmaqdı, ancaq onların çoxusu yazmaq ehtiyacının ödənməsini Facebook-da tamamlayır. Maraqlıdır, onlar social şəbəkədə hansı mövzulara toxunurlar. Tanınmışşair və jurnalistlərin bəzilərinin son statuslarını nəzərdən keçirmək qərarına gəldik, onlardan ən maraqlılarını sizə təqdim edirik:

Yazıçı Salam Sarvan kənara qoya bilmədiyimiz adət-ənənələrimizi qabardıb:

–        Şadlıq evlərində borclu qalanların girov götürülməsi təzə xəbər deyil. Qanun pozuntusu da olsa, ürəkdən alqışlayıram. Canın çıxsın, eləmə belə toyu. Öl öldüyün yerdə. Nə işin var cığırda, itlər səni çığırda?!

Dövlətin də gücü çatmadı bu camaatın xeyir-şər məsələlərini qaydaya salmağa. Camaat dedi, yox e, mən bu dananı yasda kəsəcəm ki kəsəcəm.

Düzdü, SSRİ-ni biz dağıtmamışıq, amma dəqiqdi ki, kommunizmi məhz bizim camaat qoymadı qurmağa. Məsələn, dinin “tiryək” sayıldığı o zamanda da oğrun-oğrun, oğru-oğru məscid qurub zəncir vura-vura dirəndi ki, yox e, qoymaram kommunizm qurasız, qoymaram.

Şair Səlim Babullaoğlu isə öz müsahibəsindən sitat paylaşıb:

– Atanızdan sonra şeir yazmaq çox çətin olmadı ki?

– Əgər biz şairlər Nizamidən sonra yazmaq kimi cəsarəti özümüzdə tapırıqsa, görünür ata məsələsi bu halda o qədər də önəmli deyil. Bir şeyi deyim, atam mənə şeirdən daha vacib bir şeyi öyrədib: adam olmağı, gərəkli adam olmağı.

Jurnalist Azər Qismət qarpızın adətən sadaladığımız faydalarından birini fərqli məzmunda təqdim edib:

–        Qədimdə “zəngli saat”i olmayan adamlar seher tezden vaxtinda durmaq ucun gece xeyli qarpiz yeyermişlər.

Başqa bir media adamı Elçin Əlibəyli isə romantik ruhlu köklənib:

–         Aylardı içində toplayıb gəzdirdiyi, səslənməməsi üçün cəhd etdiyi, özündən çıxanda dilinin ucuna yığdığını axır dedi, ürəyi boşaldı. İndi xoşbəxt olsa da, içi boşalıb və bu onu yaman üşüdür.

Yazıçı Şərif Ağayar isə lətifəsevərlər üçün yazıb:

Kişi namaz qılmağa gedəndə mollanı gözəl bir xanımla tutur. Əvvəl gözünə inanmır. Hannan-hana məsələni anlayandan sonra qışqırır:

– Tü sənin sıfatına!

Molla təmkinini pozmur:

– Qoy əlimdəki bu mübarək işi qutarım, məscidə tüpürməyin nə demək olduğunu başa salacam sənə.

Gənc yazıçı Dilqəm Əhməd oxuduğu kitabın leytmotivindən bəhs edib:

–         Oxuduğunuz romandakı hadisələri yaşamısınızmı? Deməli, Əziz Alpoud yazır ki, liseydə oxuduğum vaxt Knut Hamsunun “Aclıq” əsərini oxumuşdum, amma Cümhuriyyətin işğalından sonra ruslar bizi Sibirə sürgün edəndə o romandakından daha dəhşətli günlər gördük, üstəlik roman qəhrəmanı azad olsa da, bizlər kölə idik.

Deməli, Əziz bəy yazır ki, təsadüfən göydən qarğanın biri ölüb yerə düşür, ölmüş qarğa üstündə mübarizə başlayır ki, kim ələ keçirib şorba bişirəcək. Və ya bunlara un kisələrini daşıdırlar, bunlar xəlvəti kisənin birini deşib unu yeyirlər. Yerdən ot qoparıb yemək, zibilxanadan ağ çörək tapıb sevinclə götürmək və s. Sovetin ilk illərində rusların bizə nə cür zülmlər verməsi, nə cür həbsxanaya salınıb, nə cür mühakimə etmələri baxımından əla kitabdır , bitirim geniş yazı yazacam.

Yazıçı Günay Arda xidmət sektorundan narazılığını dilə, daha doğrusu, statusa gətirib:

–        Xidmət sektorunda gülərüz adam görəndə şoka düşürəm. Çoxu özünü elə aparır, elə bil maaşını ayın axırı mənə verir.

Jurnalist Rəbiqə Nazimqızı istedadsız adamların aqibətini statuslaşdırıb:

–        Dünyada ən təhlükəli adam hara gəldi soxulmaq istəyən adamdı – ədəbiyyatda, jurnalistikada, siyasətdə – fərqi yoxdu, bacarığı olmayan bütün sahələrdə özünü sınayacaq və əlbəttə, himayədar axtarışına çıxacaq… Axırda da ağlı olmadığı üçün qalacaq ortalıqda və kiminsə əl-ayağına dolaşacaq.

Yazıçı Kəramət Böyükçöl tələbə qızın “inkişaf” trayektoriyasından bəhs edib:

–         Bir dəfə Bakı Dövlət Universitetində bir qız mənə yaxınlaşıb dedi ki, Kəramət bəy, mən şeir yazıram, amma nə qədər edirəm qafiyələri düz gəlmir. Olar, siz mənim şeirlərimin qafiyələrini düzəldəsiniz? Xahiş edirəm, qafiyələrini elə düzəldin ki, oxuyanda adamların ürəyinin sarı siminə toxunsun.

Qızın üzünə diqqətlə baxdım. Vallah, dünyanın heç bir şeiri nə o qızın işıqlı üzü, nə vulkan gözləri, nə aşmış qayığa oxşayan qaşları, nə də qorxaq baxışları qədər gözəl ola bilməzdi. Amma işinə-gücünə baxın, gəlib məndən xahiş edir ki, ona qafiyə tapım.

Deyəsən, o qız birinci kursda oxuyurdu, danışığından hiss elədim ki, hələ hiyləgərləşməmişdi. Üzü o qədər təmiz idi, elə bil üzündə ay doğmuşdu.

Aradan iki-üç il keçəndən sonra gördüm qız pilləkənin altında bir ayağını qaldırıb divara qoyub siqaret çəkir. Yanında iki-üç oğlan da vardı, qızı barmağlaya-barmaqlaya söhbət edirdilər… Qız siqareti elə çəkirdi ki, tüstüsü adamın ürəyinin sarı siminə toxunurdu.

Hazırladı: Vüsal




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir