zorlama

Zorlanan qadın ya fahişəyə çevrilir, ya da… – MÜTƏXƏSSİS RƏYİ

Baxış sayı: 1. 897

“Ata qızını zorladı”, “Qardaş bacısını zorladı”, “12 yaşlı uşaq zorlandı”, “Azyaşlı qız zorlandıqdan sonra öldürüldü”…
Bu kimi xəbərlər tez-tez qarşımıza çıxsa da, belə hadisələr çox zaman hüquq mühafizə orqanları ilə yanaşı mediadan, insanlardan gizli saxlanılır. İnsanlar bu cür hadisələri gizlətməyə daha çox üstünlük verirlər. Çünki strereotiplər bu səddi aşmağa imkan verməyib. “Ayıbdı, biabır olarıq”, – kimi fikirlər belə cinayətlərin ört-basdır edilməsinə, cinayətkarların cəzasız qalmasına səbəb olur. Amma “zorlama” hadisələrinin insanların psixikasına, sağlamlığına vurduğu zərbə ömür boyu davam edir.
“Gencaile.az” Aile.lent.az-a istinadən bu dəfə seksual təcavüzə uğramış şəxsin hansı psixoloji, fizioloji problemlər yaşadığını araşdırmağa çalışıb.

Psixoloq Aynur Əlibəylinin sözlərinə görə, təcavüzə uğramış qızlar və oğlanlar ömrünün sonuna kimi aldıqları o zərbəni unutmurlar. Təcavüzə uğramış insanların çox nadir hallarda normal həyatı olur: “Zorlama, təcavüz insan psixologiyasın çox böyük zərbə vurur. İnsanlar həmin hadisəni illər boyu unutmur. Bir qədər çətinlik yaşayan kimi həmin anlar göz önündə təkrar canlanır”.

Psixoloq bildirir ki, zorlanan qadınlar çox zaman ya seksual hisslərdən məhrum olur, ya da fahişəyə çevrilirlər: “Zorlanan qadınların cinsi həvəsi olmur. Onlar ya bədənlərindən intiqam almaq üçün fahişəliklə məşğul olurlar, ya da ömürlərinin sonuna kimi ailə haqqında düşünmürlər. Zorakılığa məruz qalmış qadınlarda sevgi hissinə inam olmur. Onlar elə düşünür ki, yenidən o anları yaşaya bilərlər”.

Əvvəllər çox zaman arada olan söz-söhbətin qarşısını almaq və ya təcavüzçünün məsuliyyətə cəlb edilməməsi üçün zorlanan qız zorlayana ərə verilirdi. Psixoloq deyir ki, təcavüzçü ilə bir yatağı, bir evi paylaşmaq, ondan övlad dünyaya gətirmək qadınlar üçün ölümə bərabər bir hissdir: “Düşünün, həyat yoldaşım dediyi şəxs onu zorlayıb, zorla cinsi əlaqədə olub. Həmin qadın o şəxslə necə münasibətdə ola bilər axı. Amma təəssüf ki, o vaxtlar qadınların düşüncələrinə önəm verilməyib. Onlar həyatı boyu əzab çəkiblər.
Ümumiyyətlə, zorakılığa məruz qalmış qadınların ruhu yaralı olur və heç bir zaman sağalmır. Onlarda ailəyə bağlılıq, övlad sevgisi, mənəvi duyğular məhv olmuş vəziyyətdə olur”.

Çox zaman deyirlər ki, psixoloqların müdaxiləsi ilə zorlanmış şəxsləri yenidən həyata qaytarmaq mümkündür. Amma təəssüf ki, bu, o qədər də real görünmür. Zorlanan şəxs özünə olan inamı itirir. Onu bərpa etmək isə asan məsələ deyil.
Zorlanmış oğlan uşaqları isə çox zaman homoseksuallığa daha çox üstünlük verir. Yəni çox nadir halda onlardan ailə başçısı, heterseksual şəxs olur.
Psixoloq hesab edir ki, zorlama hadisələrinin səbəbkarları ağır cəzaya məhkum edilsə, o zaman belə hadiələr cəmiyyətdə azalar.

Zorlanma zamanı zərərçəkmiş təkcə psixoloji deyil, eyni zamanda fizioloji zərbəyə də məruz qalır. Düzdür, bu yaralar bir müddət sonra sağalsa da, şüur altında qalır və zaman-zaman ortaya çıxır.
Həkim-ginekoloq Yayla Babayevanın sözlərinə görə, zorlanma zamanı alınan xəsarətlər məhkəmə tibbi ekspertizası tərəfindən müəyyən edilir. Bu zaman zərəçəkmişin yaşı, vəziyyəti, aldığı xəsarətlər də nəzərə alınır: “Ümumiyyətlə, qadın cinsi əlaqəyə 18 yaşından sonra hazır olmağa başlayır. Biz normal cinsi əlaqədan danışırıq. Amma güc tətbiq etməklə, azyaşlılara və ya böyüklərə qarşı edilən zorlama hadisələri zamanı da müəyyən xəsarətlər meydana çıxır və xəstə bu hadisənin fəsadlarını uzun müddət yaşayır”.

Müsahibimiz deyir ki, zərərçəkmiş azyaşlıdırsa, bu zaman o, çox qan itirməklə dünyasını dəyişir və ya genital orqanları sıradan çıxır. Həkim müdaxiləsi ilə belə şəxslər həyata qaytarılsa da, sonradan onlardan cinsi həvəsin olmaması, vaginizm və s. bu kimi xəstəlikər ortaya çıxır: “Qeyd edim ki, bu fəsadlar zorlama zamanı yaranan xəsarətlərin ağırlığından asılıdır. Böyüklərdə isə zorlama zamanı çox da böyük fəsadlar müşahidə edilmir. Amma qanun hamı üçün eynidir. Yəni zərərçəkənin azyaşlı və ya böyük olması cinayətkarın cəzasını azaltmır”.

“Faustus” Hüquqi Xidmətlər mərkəzinin direktoru, hüquqşünas Vasif Rzayevin sözlərinə görə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 149.1 ci maddəsinə əsasən zorlama, yəni zərərçəkmiş şəxsə və ya başqa şəxslərə qarşı zor tətbiq etməklə və ya belə zor tətbiq etmə hədəsi ilə və ya zərərçəkmiş şəxsin köməksiz vəziyyətindən istifadə etməklə onunla cinsi əlaqədə olma sayılır: “Zorlama şəxsiyyət əleyhinə törədilən ən ağır cinayətlərdən biridir. Zorlama dedikdə zərərçəkənin razılığı olmadan fiziki və ya psixi zor tətbiq etmək yolu ilə, yaxud zərərçəkənin köməksiz vəziyyətindən istifadə etməklə onunla cinsi əlaqədə olma başa düşülür. Zorlama cinayətinin obyekti qadının cinsi azadlığı, yetkinlik yaşına çatmayanların və azyaşlıların zorlanmasında isə onların cinsi toxunulmazlığıdır. Zorlama cinayəti onun nəticəsindən asılı olmayaraq cinsi əlaqə aktı başlayan andan başa çatmış sayılır. Başqa sözlə, cinayətin başa çatması üçün fizioloji mənada cinsi əlaqənin başa çatması, yaxud qızın bəkarətinin pozulmasının əməlin tövsifi üçün heç bir əhəmiyyəti yoxdur”.

Zorlama cinayəti üzrə cinayət təqibi zərər çəkmiş şəxsin şikayəti əsasında və ya AR CPM-nin 37.5-ci maddəsində nəzərdə tutulmuş hallarda prokurorun təşəbbüsü ilə başlayır.

Qeyd edək ki, zorlama hadisəsi zamanı təcavüzkar 5 ildən 15 ilə qədər azadlıqdan məhrum edilə bilər.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir