Balıq ürək-damar xəstəliklərinə qarşı qoruyucu təsir edir. Sümüklərin əriməsini əngəlləyir. Zehni açaraq, hafizə itkisi ilə unutqanlığa qarşı təsirli olur. Bundan başqa, saçları və dərini qidalandırır. Göz sağlamlığı üçün də faydası danılmazdır. Əslində isə balığın faydaları saymaqla bitmir. Sağlamlığa çox mühüm fayda verdiyi üçün mütəxəssislər balığın həftədə ən az 2 gün yeyilməsinə diqqət çəkir. Ancaq balığın bu özəlliklərindən faydalanmaq üçün təzəliyindən bişirilmə üsuluna, yanında nələr yeyilməsinə qədər bir çox nəsnəyə də diqqət etmək lazımdır.
“Gencaile.az” Aile.lent.az-a istinadən balığın düzgün bişirilmə qaydalarını təqdim edir.
Balıq doymamış yağ tərkibli Omega 3-lə zəngin bir qidadır. Omega 3 yağ turşuları da ürək-damar xəstəliklərinə qarşı qoruyucu təsir göstərir. Bundan başqa, 85 min menopauza keçirmiş qadınlar üzərində aparılmış bir araşdırmada həftədə 5 və daha çox balıq yeyənlərdə heç balıq yeməyənlərə görə infarkt riskinin yüzdə 30 daha az olduğu müəyyənləşib.
Balıq tərkibindəki Omega 3 sayəsində yaddaşsızlığın qarşısını alır, beyin və sinir sisteminə faydalı təsir edir. Fosfor və A vitamini ilə zəngin olması gözdə meydana gələn degenerasiyaların qarşısını alır. Balıq eyni zamanda tərkibindəki kalsium sayəsində sümük itkisini azaldır. Proteinlə də zəngin olan balıq doyma hissi verir.
Yanında nələr yeməli?
Balığın yanında aruqula (roka) yeməyin!
Xalq arasında sümük əriməsi kimi bilinən “osteoporoz” müalicə edilmədiyində onurğa, omba ilə əl biləklərində ciddi qırıqlara və şiddətli ağrılara səbəb olur. Buna görə sümük əriməsinə yol açan amillərdən qaçmaq lazımdır. Bunun bir yolu da balığın yanında roka yeməməkdir. Rokanın tərkibində olan yüksək dəmir balıqla yeyildiyində kalsium miqdarını azaldır.
Üzərinə limon sıxın!
Limonun tərkibindəki antioksidanlar və C vitamini balıqdakı Omega 3-ün bədəndəki istifadəsini artırır. Üzərinə bir neçə damcı limon sıxanda balığın zəhərləyici təsiri mövcuddursa, bədəndəki toksik təsirini azaldır.
Balıqla qatığı birlikdə yeyə bilərsiniz
Balıq köhnədirsə, histamin miqdarı artıq olur. Histaminin çox olması da bədənə toksik təsir edir. Qatıq proteinində olan histamin boyat balıq yeyildiyində yüksək miqdarda olan histamini daha da yüksəldir. Buna görə də balığın yanında qatıq yemək olmaz deyirlər. Ancaq balıq təzədirsə, ondan əvvəl, ya sonra qatıq və süd məhsulları yeməkdə heç bir problem yoxdur.
Təzə balığı necə tanıyaq?
Balıq alarkən onun gözlərinə baxın. Gözləri canlı, bayıra doğru çıxmış vəziyyətdədirsə, təzədir.
Pulcuqlarına toxunun, canlı və parlaq olmalıdır. Toxunduğunuzda tökülməməlidir.
Balığı əlinizlə qaldırdığınızda quyruğu əyilmədən dik şəkildə durursa, o balıq təzədir.
Balığın qırmızı canlı qəlsəmələri təzə olduğunun bir digər göstəricisidir.
Balıqdan dəniz qoxusu gəlirsə, təzədir.
Balığın ətinə barmaqla basın və dərisi yenidən əvvəlki vəziyyətinə qayıda bilirsə, təzədir.
Proteinləri öldürənə qədər bişirməyin!
Proteinlər istiliyə məruz qaldıqda yox olur. Başqa sözlə desək, balıqdakı proteinin bədən üçün heç bir faydası qalmır. Buna görə buğlama, ya qrildə bişirilmə üsullarından istifadə edərək balığı azca sulu, çox qızartmadan bişirmək lazımdır. Şəkərli, kremli, lobyalı souslar istifadə etməyin. İstəsəniz limonlu, tərəvəzli qarnirlərlə yeyə bilərsiniz. Belə balıq daha ləzzətli və sağlam olacaq.
Ən doğru bişirilmə üsulu buxarda bişirməkdir.