Sosial şəbəkədə dağılan ailələr

Baxış sayı: 1. 548

Bir neçə il öncə atasının sosial şəbəbkədə yaşadığı eşq üzündən ailəsi dağılan 18 yaşlı qızın həyat hekayəsini dinləmişdim. Atası qızının müəlliməsi ilə yaşadığı eşqin təməlini  “Facebook” da qoymuşdu. O, deyirdi ki, atam  səhər-axşam sosial şəbəbkələrdə müxtəlif insanlarla danışdığı üçün anamı və məni sanki görmürdü. Beləcə  ailənin düşüdüyü bu  vəziyyət çox çəkmədən dağılmışdı. Həyatı, arzuları, psixologiyası pozulan  18 yaşlı qız isə bütün bunların günahını  hər cümləsində lənətlədiyi “Facebook” da görürdü.  Əsl günahkarın isə  kim olduğun ayırd etmək elə  bizə də çətin gəldiyi üçün məsləni bir az araşdırmaq qərarına gəldik. Çünki bu səbəbdən dağılan ailələr, son qoyulan münasibətlər kifayət qədərdir. Ekspertlərin qənaətinə görə, hazırda dağılan ailələrin beşindn biri məhz sosial şəbəkələrin payına düşür.

Sosial şəbəkə ilan zəhəridir

Sosioloq Əhməd Qəşəmoğlu sosial şəbəkələri ilan zəhərinə bənzədib. Ondan doğru istifadə etdikdə  çox qiymətli bir dərman olur, artıq olanda ziyanlı, daha artıq olanda öldürücü təsir verir:

“Çox təəssüf ki, bizdə sosial şəbəkədən istifadə heç arzuolunan səviyyədə deyil.  Hər hansı bir ölkənin, ailənin, fərdin tərəqqisində 3 mühüm məqam var: birinci fiziki sağlamlıq, ikinci mənəvi zənginlik, üçüncü əməyə yaradıcı münasibət. O, Sosial şəbəkədən isifadə edən insanlarımızda sadalanan  bu üç məqamım üçünə də zərbə dəydiyini qeyd edir:

“Yuxusuz qalırlar, şüalanmaya məruz qalırlar, oturaq həyat keçirirlər onurğalarında problemlər yaranır. Sosial şəbəkəni intellektual inkişaf üçün istifadə etmirlər. Halbuki ondan kitabxana kimi istifadə edə, maraqlı müzakirələr apara bilərik. Bununla da mənəvi zənginlik əldə edərik. Amma  daha çox yüngül , erotik mövzulara üstünlük verilir və bu da bir başa əxlaqa, mənəviyyata  zərbə vurur”- deyən   Ə.Qəşəmoğlu   sosial şəbəklər vasitəsi ilə gerçəkləşən xəyanət hallarına da toxunub:  “Bunu insanın xislətinin üzərinə atmaq olmaz. İnsanın mənfi və müsbət xasiyyətləri xislətində səpələnib və o şəraitə görə üzə çıxır. Elə şərait yarana bilər ki,  orda müsbət cəhətlər inkişaf edər, elə şərait olar ki, orda mənfi xüsusiyyətlər özünü göstərər. Sosial şəbəkə neqativ davranışların inkişaf etməsinə şərait yaradır”.

“Real həyatımız virtual həyata qurban gedir”

Sosioloq Yaşar Şekari hesab edir ki, sosial şəbəkələrdən düzgün istifadə etmədikdə o, insanı ailə kimi real və qarşılıqlı münasibətlərin yaşandığı sistemdən çıxarıb, virtual aləmin nizamsız və çərçivəsiz münasibətlər dünyasına daxil edir:

“Valideynlər uşaqlara yetəri qayğı və nəzarət funkisiyanı tam yerinə yetirə bilmir. Uşaqlar təbii və real həyatın onların tərbiyəsinə verə biləcək töhfədən yararlana bilmir”.

“Kimisi varlı qız axtarır kimisi oğlan”

Təmiz Dünya” ictimai birliyinin sədri Mehriban Zeynalova  sosial şəbəkələrin faydalı və faydasız tərəflərindən söz açıb. Mehriban xanım deyir ki, sosial şəbəkələr həm də qüsurlu insanların özünü rahat biruzə verdiyi yerdir:  “Orada kimisi özünə varlı qız axtarır, kimisi varlı oğlan. Sosial şəbəkələr qızların etimadını qazanıb onlardan sui-istifadə edən oğlanların, uyğunsuz şəkillər paylaşan qızların tələsidir”.

Dağılan ailələr, ifrat informasiya yükü, stress

Psixoloq Elnur Rüstəmov sosial  şəbəkələrin bir başa olmasa da bəzən dolayı yolla münasibətlərin pozulmasına şərait yaratdığını bildirir:  “Nəzərə almaq lazımdır ki, bugün Azərbaycanda sosial şəbəkədən istifadə edən insanlar çoxdur.  Əvvəllər gənc və 17 yaşdan yuxarı yeniyetmələr sosial şəbəkədən istifadə edirdilərsə, bu gün biz fərqli mənzərə ilə rastlaşırıq. Yəni ilkin yeniyetməliyə qədəm qoyanlar və eyni zamanda orta və yuxarı yaş insanların da aktivləşdiyinin şahidi oluruq. Bu da zaman keçdikcə insanların ifrat informasiya ilə yüklənməsinə zaman keçdikcə stress və narahatçılığa gətirib çıxarır. Ən böyük təsir isə canlı ünsiyyət defisitinin yaranması olur. Nəticədə insan içində yaşanan hər hansı bir boşluğu sosial şəbəkə vasitəsi ilə doldurmağa çalışır. Tərəflər arasında güvənsizlik yaranır. Münasibətlərdə səmimilik, əminlik şübhə və narahatlıqla əvəz olunur. Bunlar da öz növbəsində tərəflər arasında münasibətə mənfi təsir göstərir. Bu gün sosial şəbəkələr dolayısı ilə ailə institutunun dağılmasına, boşanmalara, tərəflər arsında münasibətin pozulmasına mənfi təsir göstərir.

“Şifrələrinizi bir-birinizə etibar etməkdən çəkinməyin”

Psixoloq bu probeləmlərin qarşısını almaq üçün Sosial şəbəkə istifadəçiləri olan ailələrin  şifrələri də bir-birinə etibar etməsini məsləhət görür : “Bu qorxmaq yox məsuliyyət, inamdı. Ailəni ailə kimi formalaşdıran da məsuliyyətdi. Bugün məhz sosial şəbəkələr səbəbindən problem yaşayan ailələr mərkəzə müraciət edir. şikayət etdikləri də məhz güvənin sarsılması olur. Düzdü, o ailələrə lazım olan dəstək göstərilir, ailə bir yerə gətirilir. Ancaq etiraf edək ki, bütün ailələr də psixoloqa müraciət edə bilmirlər. Ona görə öncədən tədbir almaları faydalı olardı”.

“Kapitalizm insan faktorunu nəzərə almır”

E. Rüstəmov cəmiyyətdə canlı ünsiyyətin tənəzzülə doğru getdiyini bildirir. O, insanlar arasında özgələşmə, yadlaşma yaradan bu vəziyyəti kapitalizmin, texnokrat sivilizasiyanın yaşatmış olduğu fəsad kimi dəyərləndirir (publika.az)




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir