Uşaqlara ev tapşırıqlarında belə kömək edin – Valideynlərə məsləhət

Baxış sayı: 1. 494

Hər tətil sonrası uşağın məktəbə başlaması, yenidən tapşırıq və çalışma sisteminə uyğunlaşması bir az zaman alır. Normal hesab edilən bu müddətin daha məhsuldar və qısa olması üçün ailənin də dəstəyi vacibdir.

Ana-ata ev tapşırıqlarında uşağa nə qədər yardım etməlidir? Uşaqların tapşırıq etmək istəməməyinin səbəbi və bu səbəbləri ortadan qaldırmağın çıxış yolları nələrdir?

“Gencaile.az” Aile.lent.az-a istinadən valideynləri düşündürən bu suallarla bağlı ətraflı məlumatı təqdim edir.

Uşağın tapşırıq etməsi üçün nə edə bilərik?

Məktəb zamanı sadəcə tapşırıq həll etmək deyil, yuxu saatının təyin edilməsi, çanta yığışdırmaq, məktəbə aparılacaqları unutmamaq, həftəlik proqramı izləmək kimi digər məsuliyyət tələb edən rejimlərin təşkili uşağın yaşı ilə eyni nisbətdə olmalıdır.

Uşağına tapşırıq həll etdirmək bəzi valideynlər üçün işgəncə kimidir. Özü də bu hər gün təkrarlananda daha da sıxıcı olur.

Uşağım niyə tapşırıq etmək istəmir?

Uşağın tapşırıq etməməyinə çıxış yolu tapmazdan əvvəl problemin nədən qaynaqlandığını təsbit edin. Problemin qaynağını təşkil edən səbəblər isə bunlardır:

Ailə mövqeyi

Hər məsələdə olduğu kimi ev tapşırığı etməkdə də uşağın valideynlərini nümunə götürdüyünü unutmayın. Əvvəlcə edilməli olan məsuliyyətlərin ana və ata tərəfindən önəmsəndiyini uşağın görməsi lazımdır.

Ancaq uşağınız evə gələn kimi tapşırıq, dərslər kimi xatırlatmalar etmək ailədaxili ünsiyyət və effektli vaxt keçirmək hallarını baltalayacaq.

Uşaq məktəbdən gələndə günü haqqında danışın, yaşadığı və öhdəsindən gəlməkdə çətinlik çəkdiyi məsələlərin üzərindən keçin. Bəzən uşağınıza tapşırılan tapşırıqların çətin olduğunu düşünsəniz belə bunu onun yanında dilinizə gətirməyin. Belə hallarda uşağınıza fikrinizi bildirmədən tapşırıqlarını etməkdə kömək edin və müəlliməsiylə uşağınız olmayan bir vaxtda bu barədə danışın.

Məktəbdən evə gələn uşağın çantasını eşələyib dəftərini götürən və “bu günə hansı tapşırıqları verilib? Gəl, başlayaq”, deyə tapşırıqları uşaqdan daha çox sahiblənən valideynin sərgilədiyi bu davranış yanlışdır.

Təbii ki, ana-ata uşağa tapşırıqlarını etməkdə kömək edə, çətinlik çəkdiyi məsələlərin həllində yol göstərə bilər. Ancaq bu o demək deyil ki, onun tapşırıqlarını valideynləri edəcək, dərslərini edərkən əvvəldən sona kimi yanında olacaq və hər axşam da yoxlayıb çantasına yerləşdirəcək.

Müəllimənin mövqe və davranışları

Tapşırıqların edilməsində bir digər vacib amil də müəllimənin münasibət və davranışlarıdır. Tapşırığın verildiyini ancaq yoxlanmadığını görən şagird üçün tapşırıq həll edilib məktəbə gətirilməsi lazım olan bir məsuliyyət kimi dərk edilmir. Və bu hal ancaq ailə-müəllim aralarında həll edə bilər.

Vaxtında bitirilməyən tapşırıqlar

Axşam 23:00da və ya səhəri gün məktəbə gedərkən “Tapşırıqlarımı etmədim, belə məktəbə gedə bilmərəm”, – deyə səs-küy salan və ana-atanı gecənin bir yarısı ya səhəri gün sıxışdıran uşaqlar çoxdur. Belə hallarda “yatmaq vaxtın gəldi, bu vaxta qədər sənə nə qədər xatırlatdım, ancaq etmədin, sənin məktəbə tapşırıq olmadan getmək istədiyini düşünürəm” şəkilində bir açıqlama ilə mübahisə doğurmadan vəziyyətin həllini tapmasına nail ola bilərsiniz.

Proqram vərdişi

Uşağınızın proqram və plana ehtiyacı ola bilər. Etmək məcburiyyətində olduğumuz və etməkdən zövq aldığımız şeylər vardır. Hər gün dərsdən evə gələn uşağınızla oturub bunu müzakirə edin. Uşağınızın o gün etməli olduğu nələr vardır? Və o gün etməkdən zövq aldığı nələr var? Əvvəlcə siyahını tutmaqda siz də kömək edin, sonrakı günlərdə isə özünün hazırlamasına şərait yaradın. Bu siyahını tutduqdan sonra məcburiyyətdə olduqları ilə başlayın. Çətinlər bitdikdən sonra qalan vaxtda ağlında çətin tapşırıq qalmayan uşağın da əyləndiyini görəcəksiniz.

Özəl hallar

Diqqət əskikliyi və hiperaktivlik, disleksiya, öyrənmə çətinliyi, bioloji mənşəli problemlər. Bu problemləri olan uşaq hər zaman öyrənməkdə və yaxşı qiymətlər almaqda çox çətinlik çəkir. Uşağınızın öyrənməsində çətinlik yaşadığını hiss edirsinizsə, mütləq bir mütəxəssis yardımı alın.

Tapşırıq etmək necə vərdişə çevrilə bilər?

Uşaqlarınızın tapşırıq etməsinin məsuliyyət olduğunu bilməli və bu cür hərəkət etməlisiniz. İlk başda nəyin nə şəkildə edilməsinə dair model yaradın, dəstək verin və dəstəyinizi geri çəkib vaxtı bilinməyən anlarda yoxlama aparın. Uşağınızı uğurlarına görə mükafatlandırın.

 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir