Ailə həkimi Azərbaycan ailələrinə nə verə bilər?

Baxış sayı: 1. 570

Milli Məclisdə “Ailə həkimi haqqında” qanunun qəbulu məsələsi yenidən müzakirəyə çıxarılıb. Parlamentin Səhiyyə Komitəsinin dekabrın 14-də baş tutan ilk iclasında millət vəkili Məlahət İbrahimqızı bu təklifi irəli sürüb. Onun sözlərinə görə, belə bir qanunun qəbulu vacibdir və bu səbəbdən ötən çağırışlarda da mövzu ilə əlaqədar parlamentdə müxtəlif fikirlər səslənib. Millət vəkili qeyd edib ki, belə bir qanun layihəsi hazırlanaraq müzakirəyə çıxarılmalı və qəbul edilməlidir.
Dünya tibb təcrübəsində uzun müddətdir ki, ailə həkimlərinin fəaliyyət göstərməsinə baxmayaraq, Azərbaycanda vətəndaşların çoxu bu barədə məlumatsızdır. Ailə həkimi dedikdə hələ də bir çoxları bu statusu daşıyacaq həkimlərin iş fəaliyyətinin dəqiq nədən ibarət olacağını bilmir. Böyük əksəriyyət isə ailə həkimlərini sahə həkimləri ilə dəyişik salırlar. Qeyd edək ki, sahə həkimlərinin fəaliyyəti nisbətən dar müstəvidədir. Belə ki, sahə terapevti uşaqlar və böyüklərə ayrı-ayrılıqda baxır. Ailə həkimləri isə bu ikisinin təkmilləşdirilmiş formada cəmi hesab oluna bilər. Daha sadə dildə desək, ailə həkimləri bütün tibb ixtisaslarına yiyələnəcək və ailənin bütün üzvlərinə xidmət edəcək. Burada ailələrin sayına görə maksimum hədd tətbiq edilməyəcək ki, bu da insanlara həkim seçimində sərbəstlik verəcək. Bu isə o deməkdir ki, bir həkimi istənilən sayda ailə seçə biləcək. Qeyd edək ki, hər ailə öz həkimini yaşadığı ərazidən seçməlidir.

Bu həm də ilkin tibbi yardımdır

Tibb və fəlsəfə elmləri doktoru Şəmsiyyə Namazova mövzu ilə bağlı açıqlamasında ailə həkiminin dünya praktikasında geniş yayıldığını dedi və bildirdi ki, bu qanun layihəsini mütərəqqi addım kimi qəbul edir: “Dünya tibb təcrübəsində uzun müddətdir ki, bu sistem tətbiq olunur. Azərbaycanda da belə mütərəqqi qanunun qəbul olunması təqdirəlayiq bir haldır. Hətta məndə olan məlumata əsasən, universitetlərdə ailə həkimi adlı fakültələr açılması məsələsi də müzakirə edilib. Azərbaycanda elə ailələr var ki, rəsmi şəkildə olmasa belə, hər hansısa bir həkimlə uzun müddət əlaqə saxlayır və sağlamlıqla bağlı mövzularda ailə həmin həkimə üz tutur. Həkim isə ailə üzvlərini müayinə edir və lazımi tövsiyələr verir”.
Ş.Namazova deyir ki, əslində bu istiqamət ilkin tibbi yardım kimi qəbul oluna bilər. Qanun layihəsinin təsdiqi vətəndaşların xeyrinə olacaq. Ailə həkimləri işə başladıqdan sonra xəstəlikləri vaxtında aşkar etmək mümkün olacaq: “Həkim hər hansı xəstəliyi öncədən aşkar edir və hansı mərhələdə olduğunu xəstəyə bildirir. Xəstəlik xroniki formaya keçməzdən əvvəl, yaxud da sonra ailə həkimi hara müraciət ediləcəyini məsləhət görür. Belə olduqda ailə həm maddi, həm mənəvi tərəfdən qazanmış olur. Bu baxımdan istər uşaqlar, istərsə də böyüklər üçün ailə həkiminin olması çox müsbət hal kimi qarşılana bilər. Sovet dövründə vətəndaşlar klinikaya çağırılır, qeydiyyat aparılırdı. Müxtəlif xəstəliklər üçün hər 3-4 aydan bir peyvəndlər vurulurdu. İndi həmin o dispanser qeydiyyatda olan profilaktik tədbirlərin hamısının məsuliyyətini ailə həkimi öz üzərinə götürmüş olur”.
Ekspertin sözlərinə görə, ailə həkimləri dövlət tərəfindən təyin olunmuş məvacib alacaqlar: “Bunun necə və hansı şəkildə həyata keçiriləcəyini isə qanunun qəbulundan sonra biləcəyik. Sahə həkimi böyük bir əraziyə xidmət etdiyi üçün hər bir ailənin problemləri ilə yaxından maraqlana bilmir. Çünki onlar gün ərzində xəstəxanada və xəstələrin ev qəbulunda olurlar. Bu səbəbdən bu qanun təklifini vaxtında və düşünülmüş addım kimi qəbul etmək olar”.

“Ailə həkimi institutunun formalaşması prosesi başa çatıb”

Millət vəkili Musa Quliyev sözügedən qanunun vaxtilə parlamentin Sosial siyasət komitəsində müzakirə olunduğunu, lakin maliyyə problemlərinə görə gündəmdən düşdüyünü vurğuladı: “Belə bir qanunun qəbul olunması vacibdir. Azərbaycanda artıq ailə həkimi institutunun formalaşması prosesi başa çatıb. Hətta Azərbaycan Tibb Universitetinin Ailə həkimi kafedrası mövcuddur və bu sahədə kifayət qədər mütəxəssis kadr var. Bu məsələ Milli Məclisin yaz sessiyasında yenidən müzakirə olunacaq”.
M.Quliyev qanunun ləngiməsi səbəblərindən də söz açdı: “Əslində qanun layihəsinin təsdiqi maliyyə problemlərindən dolayı gecikir. Çünki bu qanun səhiyyənin maliyyələşməsinin bir qədər fərqli modelini tələb edir. Dünya praktikasında bu həkimlər bir neçə mənbədən – dövlətdən, tibbi sığortadan və yerli bələdiyyələrdən məvacib alır. Azərbaycanda isə bu, hələlik mümkün deyil. Məvacibə gəldikdə isə deməliyəm ki, ailə həkiminin məvacibi digərləri ilə müqayisədə yüksək olmalıdır. Çünki onlar bölgələrdə, ucqar dağ kəndlərində və gərgin situasiyalarda da işləməli olacaqlar. Bu mənada bir ailə həkimi bir neçə kəndə xidmət edə bilər və həmin həkimlər ümumiyyətlə, tibbin bir çox sahələrindən məlumatlı olmalıdır ki, xəstələrin şikayətlərinə ilkin diaqnozu qoymağı bacarsın. Həmçinin ailə həkimləri ucqar dağ kəndlərində belə xəstələrin diaqnostikasını apardıqdan sonra nəticələri vaxtında klinikalara göndərməyi bacarmalıdır. Bu mənada o, gərgin məqamlarda peşəkar həkimlərlə əlaqə saxlamalıdır”.

“Büdcəmizə münasib həkimlər”

Həkim-terapevt Məlahət Abbasova da bu təklifi müsbət hal kimi qiymətləndirdi: “Ailə həkimləri ailə ilə daimi olaraq ünsiyyətdə olur və ailənin bütün tibbi sirlərinə, genetik xəstəliklərinə yaxından bələd olur. Bundan başqa, həmin həkimlər ailə üzvlərində yeni yaranmış xəstəliklərdən vaxtında xəbərdar olur və lazımi tədbirləri görür. Ümumiyyətlə, bizdə belə bir xüsusiyyət var ki, son məqama qədər həkimə müraciət etmirik. Adətən bu xəstəliklər xərçəngin müxtəlif növləri və qaraciyər xəstəlikləri ilə bağlı olur. Orqanizmdə tez inkişaf edən bu xəstəliklərin vaxtında müalicəsi aparılmayanda sonradan edilən müalicələr də öz təsirini göstərə bilmir. Çünki xəstəlik artıq inkubasiya dövrünü keçmiş olur və orqanizmin müalicəyə cavab verməsi mümkünsüz olur”.
Həkimin sözlərinə görə, profilaktik olaraq müayinəyə getməkdənsə, ailə həkimi institutunun formalaşması vətəndaşların büdcəsinə daha münasib olar: “ Hazırda bir sıra yeni viruslar və xəstəliklər aşkarlanıb ki, onların ev şəraitində və xalq təbabəti ilə müalicəsi qeyri- mümkündür. İnsanlar müxtəlif sosial və maddi problemlərdən dolayı profilaktik həkim müayinəsini gecikdirir. Elə bu zaman ailə həkimləri ən yaxın köməkçimiz olacaq”.

Şəbnəm Mehdizadə




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir