Rəsmi statistikaya görə, Azərbaycan əhalisinin 49,8 faizini kişilər, 50,2 faizini isə qadınlar təşkil edir. Hazırda hər 100 doğulan qıza 117 oğlan düşür. Doğulan uşaqların cins nisbəti (hər 100 qıza düşən oğlanların sayı) bioloji normaya uyğun olaraq 105-106-dır.
2014-cü ildə ölkədə doğulan 171 min uşaqdan 46,4 faizini qızlar, 53,6 faizini oğlanlar təşkil edib. 2013-cü ilin məlumatlarına əsasən, bütün doğum ardıcıllığı üzrə oğlanların sayı qızların sayını üstələyir və bu, bioloji normadan yüksəkdir. Belə ki, 2-ci uşaqlar arasında hər 100 qıza 112 oğlan, 3-cü uşaqlar arasında 151 oğlan, 4-cü və daha sonrakı doğulan uşaqlar arasında bu göstərici 166-dır.
Ekspertlər qız uşaqlarının getdikcə azalmasının ümumilikdə demoqrafik balansın pozulmasına, ağır fəsadlara gətirib çıxaracağını bildirir. Hesab edilir ki, bu vəziyyət ultrasəs müayinəsi ilə dölün cinsiyyətinin deyilməsindən sonra ciddi problemə çevrilib.
Ultrases müayinəsi üzrə mütəxəssis Şəfa İsmayılovanın sözlərinə görə, anaların böyük əksəriyyəti dünyaya gələcək övladlarının cinsiyyəti ilə maraqlanırlar: “Hamiləliyin 11-12-ci həftəsində ultrasəs müayinəsindən keçəndə uşağın cinsiyyətini soruşurlar. Amma cinsiyyəti deməyə icazə verilmir. İcazə verilsə belə, demək düzgün deyil. Çünki əksər analar dölün qız olduğunu bilib abort etdirir”.
“Böyük hamiləliklərdə, hamilələyin 25-30 həftəsində ana gəlib uşağın cinsiyyətini soruşursa, onun dünyaya gələcək uşağını istədiyini, sevindiyini görürüksə, onda dölün cinsiyyətini deyirik. Həmin müddətdə gedib abort etməyəcək ki. Bəzən də olur ki, dölün cinsiyyətinin bildiyini deyir və düz deyirsə, təsdiq edirik”, – deyə müsahibimiz əlavə edib.
Deputat, tibb elmləri namizədi Musa Quliyev “azvision.az”a bildirib ki, demoqrafik balansın bu şəkildə pozulmasında insan faktorunun böyük rolu var. Bu, onu göstərir ki, ultrasəs müayinəsi vasitəsilə hamiləliyin üçüncü ayında uşağın cinsiyyəti təyin olunur. Buna görə də selektiv abortlar aparılır. Onun sözlərinə görə, selektiv abortların Səhiyyə Nazirliyinin göstərişi ilə aparılmasına qadağa qoyulsa da, qanunvericilikdə bu sahədə boşluq var.
Deputat bildirir ki, gələn ilin yaz sessiyasında “Reproduktiv sağlamlığın qorunması” haqqında qanun layihəsi müzakirəyə çıxarılacaq: “Artıq Səhiyyə komitəsinin ilk iclasında bu məsələ gündəliyə salınıb. Qanunda xüsusi müddəa var ki, uşağın cinsiyyətinin ultrasəs müayinəsi ilə təyin olunması və valideynlərə bu barədə məlumat verilməsi qadağan olunacaq. Xüsusi istisna hallarda ananın, uşağın səhhəti ilə bağlı problemlər yaranarsa, müayinə aparıla bilər. Selektiv abortların aparılmasına da qadağa qoyulacaq. Hamiləliyin üçüncü ayından sonra aparılacaq hamiləliyin süni şəkildə pozulması əməliyyatları yalnız konsiliumun qərarından sonra verləcək”.
Sosioloq Əhməd Qəşəmoğlunun sözlərinə görə, oğlanların sayının qızlardan çox olmasında qorxulu bir şey yoxdur: “Bunun ətrafında ajiotaj yaradırlar ki, oğlanlar çox olacaq: qızlar azalacaq. Bu cür düşünmək düzgün deyil”.
Qəşəmoğlu bildirib ki, əvvəllər bizim cəmiyyətdə qızların valideynlər üçün yük olduğu, oğlanların isə işləyib evə pul gətirdiyi fikri yayılsa da, indi bu fikirlər özünü doğrultmur. “Bu stereotipi qırmaq lazımdır. Çünki cəmiyyət dəyişib. İndi elə qızlar var ki, əksinə, evə pul gətirir”.
Sosioloqun dediyinə görə, Azərbaycanda uzun müddət kişi qıtlığı yaşanıb: “Belə ki, oğlanlar həmişə qızlardan az olub. Oğlanların çoxu yetkinlik dövrünə çatdıqdan sonra ölkədən gedirlər. Oğlanlar riskli işlərlə məşğul olduqları üçün də onlar arasında ölüm halları da çox olur”.
Oğlanların çox doğulmasının əslində yaxşı hal olduğunu deyən həməsöhbətimizə görə, bunun pis tərəfi valideynin ana bətnində olan uşağı tələf etmək qərarını verməsidir: “Bu o deməkdir ki, onlar öz uşaqlarının ölüm hökmünü oxuyur. Onlarda mənəvi aşınma baş verir”.
Psixoloq Dəyanət Rzayevin sözlərinə görə, cəmiyyətimizdə oğlan uşaqlarına üstünlük verilməsinin kökü genetik yaddaşla bağlıdır: “Əvvəllər qız uşaqları heç istəmirdilər. Hər bir davranış insanda proqramlaşdırılır, kodlaşdırılır. Genetik kod irsi olaraq ötürülür”.
D.Rzayev bildirib ki, abortların sayının artması bilavasitə ultrases müayinənin tətbiqi ilə cinsiyyətin bəlli olmasından sonra başlayıb: “Həmişə qızların sayı çox olub. Evdə qalıb və s. məsələlər var. Ultrasəs müayinə çıxandan sonra kişilər arvadlarını uşağın cinsiyyətini öyrənməyə göndərirlər. Qız uşağı olacaqsa, abort etdirirlər. Bu da kişilərin çox ciddi komplekslərinin olması ilə bağlıdır. Kişi evlənmirsə deyirlər ki, gəzir, kef edir. Qız ərə getmirsə, yarlıq yapışdırırlar ki, nəsə problemi var. Eləcə də, evlənən cütlüklərin uşağı olmursa, bunun günahını daha çox qadında görürlər. Kişi çox vaxt özünü yoxlatdırmır da: “Ola bilməz ki, mənim uşağım olmasın!” fikrini irəli sürür. Bu da bir kompleksdir”.
Bundan başqa, cəmiyyətimzdə qadın hüquqlarının tapdanması da üstünlüyün oğlan uşaqlarına verilməsində rol oynayır.
“Bizim kişilər qadınların qədrini bilmirlər. Dildə nə qədər deyilsə də ki, “ana qədri bilənik”, bu, belə deyil. Fikir verin, bizdə küçələri kim süpürür – analar”.
Onun sözlərinə görə, qız ailədə də qapalı böyüdülür, təhsildən yayındırılır, erkən nikaha təhrik edilir və s. Analar da qız uşaqlarını özləri əziyyət çəkdiyi və balasında bunu görmək istəmədiyindən aborta üstünlük verirlər.
Aynurə Məmmədova