İnsan orqanizmi mükəmməl bir quruluşa malikdir. Orqanizmlər haqqında bilmədiyimiz bir çox faktlar var ki, hələ də elmə məlum deyil. Hər bir şeyin olduğu kimi, insan orqanizminin də limitləri var. Amma nəyi nə qədər edə biləcəyimizi tam olaraq bilmirik. Məsələn, nə qədər boy atacağımızı, qaça biləcəyimizi və s. Bunlardan bir neçəsinə nəzər salaq:
– Günümüzdə insanların boyu 150 il bundan əvvəl yaşamış insanlara nisbətən orta hesabla 10 santimetr daha hündürdur. Ancaq genetik olaraq boyumuzun da uzanma limiti var və bu, nadir hallarda 2,28 metrdən çox olur. İndiyə kimi bilinən ən hündür insan Robert Vadlovdur. Hələ 5 yaşında olarkən yetkin bir insan boyda olan Robert öldüyü zaman 2,72 metr hündürlüyündə olub. Dünyanın ən hündürboylu insanları hollandiyalılardır. Onların boyu son 150 ildə təxminən 20 santimetr uzanıb. Dünyanın ən hündür insanlarının yaşadığı bu ölkədə kişilərin boy ortalaması 1,84 metr, qadınların isə 1,71 metrdir.
– Bir insanın dünya səthində görə biləcəyi ən uzaq məsafə üfüq xətti ilə məhduddur. Bu məsafə də ən çox 5 kilometrdir. Dünya oval formasında olduğu üçün bundan daha uzun məsafəni görmək mümkün deyil.
– Bir insanın qışqıraraq meydana gətirə biləcəyi ən yüksək səs 30 santimetr uzaqlıqdan 88 desibeldir (səs ölçü vahidi). Bu şiddətli qışqırıq səsi insanlar tərəfindən ən çox 5 km, əgər səs küləyin istiqamətindədirsə, 6, 7 km məsafədən eşidilə bilər.
– Dünya və Olimpiya çempionu, rekordçu atlet Useyn Bolt 100 metrlik qaçış rekordunu 9,58 saniyə ilə qət edərək, saatda 44 kilometr sürətə çatmışdı. Bəzi mütəxəssislər bu sürəti insan orqanizmi üçün limit hesab edirlər. Ancaq son illər aparılan araşdırmalara əsasən, mükəmməl bir insan saatda 60-65 kilometr sürətlə qaça bilər. Mükəmməl bir atletin qaçış zamanı ayağının yerlə hər təması saniyənin onda birində reallaşmalıdır. Bir filin qaçış sürəti saatda 44 kmdir. İnsan fildən daha sürətlə qaça bilmə qabiliyyətinə malik olmalıdır.
– İnsan maksimum 226 kiloqram ağırlıq qaldırma, 8,9 metr tullanma, saatda 8,5 km üzmə gücünə malikdir.