Uşaqlara yanaşma necə olmalıdır? – Valideynlərin menyusuna

Baxış sayı: 1. 853

Beş barmağın beşi də bir olmadığı kimi, ailədəki uşaqlar da bir-birlərindən fərqlənirlər. Əslində uşaqların bir- birindən kəskin fərqlənməsi onların böyüməsi ilə əlaqəli deyil. Məsələn, bir ailədə iki fərqli xarakterli uşaq böyüyə bilər ki, bunlardan birincisi olduqca sakit və həlim, ikincisi isə dəcəl və sözəbaxmayan ola bilər. Belə olan halda valideyn tərbiyəsinin səhvliyi də ikinci plana keçmiş olur.

Əsas məsələ ümumi verilən tərbiyə deyil, hər uşağa qarşı yönələn fərqli diqqət olur. Bəzən ailədə bir uşağın sakit olması ikinciyə örnək olaraq göstərilir, ikincinin əslində nə üçün nadic olması ilə maraqlanılmır və uzun müddət belə davam edən münasibətlər ikinci uşağın tamamilə aqressiv və fərqli böyüməsinə yol aça bilir.

Psixoloqlar bu fikirdədir ki, ailədə uşaq sayı qədər də tərbiyə növü olmalıdır. Yaş fərqi olan, eləcə də qız və oğlan uşağı olaraq iki fərqli cinsə mənsub insan bir evdə tərbiyə olunursa, hər birinin fərqli tərbiyə üsulu olmalıdır. İki və daha artıq uşağa yönələn eyni tərbiyə metodu birinin hər zaman əzilməsinə və digərinin bir pillə üstdə olmasına şərait yaradacaq ki, bu da zamanla ailədaxili daha böyük problemlərin yaranmasına səbəb olacaq. Ümumiyyətlə, hər bir ailə ən ideal, ən sakit, ən ağıllı, ən xoşbəxt övlad istəyindədir. “Mənim övladım belə olmamalıdır”, “mənim oğlum ağıllı olmalıdır” və bu kimi hisslər tərbiyədən çox valideyni tələbkarlığa yönəldir ki, azyaşlı uşaq üçün bu, qətiyyən yolverilməzdir.

Psixoloq Emil Behrudinin fikrincə, uşaq tərbiyəsi üçün valideynin fərdi metodları olmalıdır. Uşaq tərbiyəsinə aid olan kitablar, kurslar, filmlər və məsləhətlər sadəcə qulaqardı edilməli və uşağın özünə, yaşına, davranışına, ailə və çevrəsinə uyğun tərbiyə metodu seçilməlidir: “3 yaşlı uşağa onu döyərək hansısa bir problemin həllinə nail olmaq olmur. Əgər ondan yaşca böyük qardaş və ya bacısı döyülərək tərbiyə olunur və nəticəsi də qaneedici olursa, bu o demək deyil ki, ikinci uşaqda da bu metod işə yarayacaq. Tərbiyə üsulu standart deyil ki, bütün valideynlər ona əməl edərək övladını istədiyi kimi böyütsün. Valideyn o halda ideal övlad böyüdür ki, o məhz övladına məxsus tərbiyə metodunu düzgün seçir. Bizdə ən böyük problem budur. Uşaq sözə baxmır danlanır, yenə baxmır döyülür, yemək yemir məcbur yedizdirilir, yenə yemirsə qorxudulur. Bu, artıq standartlaşıb deyə müasir uşaqları bunlarla da idarə etmək mümkün olmur. Halbuki, bir uşağı döymədən etdiyi səhvi düşünərək başa düşməsini təmin etmək onun bu hərəkəti bir daha etməməsinə nail olmaq olar. Problem bundadır ki, valideyn yazılan, məsləhət görülən bütün tərbiyə metodlarını dinləyir, əməl edir, lakin özü öz fərdi tərbiyə metodunu seçmir”.

Psixoloq bildirir ki, əslində uşaq xarakteri deyilən bir şey yoxdur. Onu valideynlər formalaşdırır. Uşaqlar doğulan zaman özlərinə sahib bir xarakterlə doğulmurlar. Valideynlərin ailəiçi münasibətlərindən yaranan xarakter artıq 3-4 yaşa gəldikdə üzə çıxır. Əslində bu vaxtlar tam “övlad ailə güzgüsüdür” məsəlinə uyğun gəlir. Düzgün tərbiyə metodu bu yaşlarda uşaqların sözəbaxan və daha sakit olmasına, səhv tərbiyyə metodu isə uşaqların ağlayaraq istəklərini yerinə yetirmə, vurma, dağıtma, qırma kimi özünü göstərir: “Artıq yaş artdıqca övladın hərəkətləri valideyni qane etmirsə, deməli, tərbiyə metodunu mütləq dəyişmək lazımdır. Edilən hər hansı bir hərəkəti uşaq bilərək və ya bilməyərək edirsə, bunun səbəbkarı valideyndir və o verdiyi yanlış tərbiyə üçün övladı cəzalandırmamalıdır. Məsələn, evin müəyyən bir hissəsini, masanın kənarını, pəncərənin önünü, qapının kənarını düşünmə nöqtəsi olaraq yaradın. Hər yanlış hərəkət zamanı uşağı 2-3 dəqiqə ərzində məhz o yerdə dayanması və düşünməsi üçün məcbur edin. Azyaşlı uşaqlar belə artıq 1 dəqiqənin tamamında nə üçün burda gözlədiyini dərk etməyə başlayacaq. Bu zaman problem uşaqdadırsa, o, ikinci dəfə bu yerdə gözləməmək üçün səhv addımdan çəkinəcək. Problem valideyndədirsə, məhz bu gözləmələrdən sonra dəfələrlə eyni hərəkət davam edəcək. Bu zaman valideyn öz davranışlarına mütləq fikir verməlidir”.

Ailə uşağa fərd kimi yanaşmalıdır, böyütməyə və nəsil artırmağa məcbur olduğu üçün deyil. Buna görə, hər uşağa da fərdi yanaşmaq, onu dinləmək, öyrətmək, başa salmaq lazımdır. Heç bir tərbiyə metodu eyni anda 2 və daha artıq uşağa eyni dərəcədə təsir etməz. Bunun üçün övladına uyğun ən düzgün tərbiyə üsulunu məhz onun valideyni seçə bilər. Düzgün yanaşma və düzgün tərbiyə uşağın gələcək yaşlarında da problemsiz uşaq olaraq böyüməsinə imkan verəcək. Bu, həm valideyn, həm də hərəkətinin yerini bilən övlad üçün həyatı olduqca asandlaşdıracaq.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir