3899b5bc578efea59cc012e3f01c8f2e

Şimali Koreyada film çəkən rus rejissorun DƏHŞƏTLİ xatirələri – MÜSAHİBƏ

Baxış sayı: 1. 950

Tanınmış rus rejissoru, seçdiyi mövzular, maraqlı baxış bucağı ilə məşhurlaşmış Vitali Manski “Günəşin şüaları altında” adlı növbəti sənədli filmi ilə festivalları fəth eləməyə başlayıb. “Günəşin şüaları altında”, Şimali Koreya Xalq Respublikasının paytaxtı Pxenyanda çəkilib və səkkiz yaşlı Zin Minin həyatından bəhs eləyir. KXDR-in Mədəniyyət Nazirliyi Rusiya Xarici İşlər Nazirliyinə nota göndərərək filmin nümayişinə qadağa qoyulmasını tələb eləyib. Səbəb? Rejissor, “The New Times” jurnalına müsahibəsində bu suala cavab verir.

– Şimali Koreya haqqında film çəkməyi sizə təklif etmişdilər, yoxsa öz qərarınız idi?

– Təbii ki, öz qərarım idi. Şimali Koreya məni həmişə maraqlandırıb, çünki “İnsanı necə əzmək olar? Ondakı əsas prinsipləri necə  məhv eləmək olar? Niyə insan tabe olmağa hazırdı?” kimi suallar məni hər zaman narahat edib.  Təbii ki, bu film təkcə Şimali Koreya haqqında və yalnız ona aid deyil. Mən “Koreya bu gün” jurnalını oxuyurdum,  acgözlüklə orda olan insanları sorğu-sual eləyirdim, daima ordan danışan videolara (az-çox nə varsa) baxırdım.  Bir dəfə şimali koreyalı məmurlarla tanış olmaq imkanı yarandı. Hər şey belə başladı.

– Çuçxe ölkəsinə ilk dəfə nə vaxt getdiniz?

(çuçxe- Şimali Koreya Milli Kommunist partiyasının dövlət ideologiyasıdır, Kim İr Sen tərəfindən “marksizm”ə qarşı hazırlanıb-xeber365.com)

– İlk tanışlıq səfərim 2013-cü ildə baş tutdu: mənə oranın necə gözəl ölkə olduğunu göstərdilər, axırda da qəhrəmanımı seçdim: məni nümunəvi bir məktəbə apardılar, direktorun kabinetinə beş balaca qız gətirdilər və dedilər: “Sizin beş dəqiqəniz var. Qızlarla tanış ola və xoşunuza gələni seçə bilərsiz”.  Sənədli filmin ssenarisi Uşaq İttifaqına, pionerə daxil olan qızdan bəhs eləyir. Ona çox vacib bir iş tapşırırlar – dünyanın ən böyük bayramında iştirak etmək. Qız, yoldaşları ilə birlikdə həmin bayrama uzun müddət hazırlaşır və sonda dünyanın ən nəhəng canlı rəsmini yaradan minlərlə insandan birinə çevrilir. Absolyut xoşbəxtliyi təsvir edən rəsm həmin vaxt artıq hazır idi, baxmayaraq ki, qəhrəmanımı hələ tapmamışdım. Mən Zin Mini seçdim. Çünki o, atasının jurnalist işlədiyini dedi. Mən də düşündüm ki, onun işi sayəsində haralarısa görə bilərəm. Anası haqqında isə dedi ki, zavod yeməkxanasında işləyir. Fikirləşdim ki, əladı, yeməkxana, insanlar yemək yeyirlər, bu da bir fakturadı.  Zin Mi vağzal yaxınlığında, birotaqlı mənzildə anası, atası, nənəsi və babası ilə yaşayırdı.

– Amma filmdə hər şey başqa cürdü: ata jurnalist deyil, yeməkxana da yoxdu, baba ilə nənə də…

– Təbii ki. Biz çəkiliş üçün gələndə ata möcüzəli şəkildə nümunəvi tikiş fabrikində mühəndisə çevrilmişdi, ana isə soya südü hazırlayan nümunəvi fabrikin əməkdaşına. Sonra da məlum oldu ki, onlar şəhərin düz mərkəzində yerləşən, pəncərəsindən fantastik mənzərə açılan möhtəşəm bir evdə yaşayırlar. Düzdü, evin parketini əvəz eləyən linoleum qayçı ilə kəsilib beton döşəmənin üzərinə sərilmişdi. Hətta plintusla döşəməyə bərkitməmişdilər belə. Mebel təzəcə gətirilmişdi, rəsmlər divara təzəcə asılmışdı. Mən şkafa baxmağa fürsət tapdım: o, boş idi, vannadan heç vaxt istifadə olunmamışdı, orda heç su da gəlmirdi. İşıq çəkilişlər zamanı yanırdı. Ümumiyyətlə, məndə belə bir hiss yarandı ki, binada heç kim yaşamır, lifti də filmin xatirinə işə salıblar. Amma bu binada, heç olmasa, üç blok açıq idi. Üzbəüz binanın isə- müşayiətçilərimin gözündən yayınmağa imkan tapanda oranı gəzdim- yerli-dibli girişi yox idi. Bununla belə axşamlar binanın pəncərələrində işıqlar yanırdı. Ancaq diqqətlə baxanda hamısında lampaların eyni olduğunu gördüm. Güman ki, hansısa sistem qurulmuşdu- axşamlar ümumi mənbədən işıq verilir və binada həyat olduğu təəssüratı yaradılırdı. Hərçənd orda heç kim yaşamırdı və bir dənə də girişi yox idi. Orda hər şey saxtaydı.

 

– Necə yəni? Sadəcə qutu idi?

– Hə.

– Bəs Zin Minin valideynləri? Onlar realdılar?

– Realdılar. Ailə albomlarına görmüşəm. Amma albomdakı şəkillər hansısa saxta bir fonda çəkilmişdi. Ya mebel salonunun fonunda çəkilmişdi, ya da jurnallardakı şəkillərə montaj edilmişdi.  Mən həmin fotoları qəsdən filmin əvvəlində göstərirəm. Orda bir müddət yaşayandan sonra anladım ki, Pxenyan- başdan-ayağa Stalin, Brejnev dövrünün Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisidi, şəhərin bütün sakinləri isə eskponatdılar. Məsələn, hər yerdə yaşıl otlar var. Səhər saat altıda, ya da axşamlar işdən sonra üçqat əyilmiş adamlar orda pinsetlə alaqları qopardırlar. Yeri gəlmişkən, qəhrəmanımızın atasının, guya mühəndis işlədiyi nümunəvi tikiş fabrikində çəkiliş aparanda mən ayaqyoluna getmək istədim, ancaq qapını səhv saldım. Açdım və içəridə 150-ə yaxın çılpaq qadının duş aldığını gördüm. Gizlincə pəncərədən baxanda başa düşdüm ki, fabrikin ərazisində baraklar qurulub və fəhlələrin işə gəldiyi səhnə tamamilə saxtadı. Çünki onlar elə fabrikdə yaşayırlar.

– Belə saxtakarlıq eləməyin nə mənası var? Pxenyana əcnəbilər, demək olar ki, buraxılmır. Buraxılanda da, öz dediklərinə görə, əvvəlcədən müəyyənləşdirilmiş marşrut üzrə hərəkət eləyirlər.

– Bilmirəm. Oktyabrın axırından aprelin əvvəlinə qədər ölkə, ümumiyyətlə, əcnəbilər üçün bağlanır: evlər ya kömürlə, ya da odunla qızdırılır. Pəncərələrdən çıxan boruların görüntüsü, çətin ki, cəlbedici olsun. Hazırda Şimali Koreyanın dünyada iki əsas partnyoru var: Çin və bu yaxınlarda yenidən Rusiya oldu. Rusiya Şimali Koreyaya ildə  500-ə yaxın viza alır. Mənim üç səfərim olub. Qrupda dörd nəfər vardı, bu, on iki viza eləyir. Hər il DİN, ya da Aleksandrov xoru gedir – bu da yüz viza. İndi hesablayın, görün, Rusiyadan oraya neçə adam gedir. Yəqin, Çindən gedən daha çoxdu. Bir də çox-çox məhdud sayda başqa əcnəbilər olur.

– Onda bu filmin çəkilməyinə niyə razılıq vermişdilər? Xüsusilə də rus rejissoruna. Özü də üsyankar kimi ad çıxarmış bir rejissora…

– Ölkədə internet yoxdu, hardan biləydilər? Yəqin elə biliblər, bir halda ki, Rusiya onların dostudu, onda Rusiyada da qaydalar Şimali Koreyadakı kimidi, insanlar da ordakı kimi yaşayırlar. Üstəlik Rusiya Mədəniyyət Nazirliyi filmi rəsmi şəkildə dəstəkləyib, rejissor Manski də Putin haqqında filmlər çəkib. Bu məlumat onlara kifayət eləyib.

– Şimali Koreyaya neçə ekspedisiyanız oldu?

– İki. Hərçənd üç olmalıydı, amma girişi qadağan elədilər.

– Niyə? Sizin gizlincə film haqqında film çəkdiyinizi hiss elədilər?

– Onlar bunu nə başa düşürdülər, nə də görürdülər. Amma mənim, məsələn, oteldə pərdələrin arxasından çəkməyim xoşlarına gəlmirdi. Bir dəfə səs-küyə oyandım, pəncərəyə yaxınlaşdım və həddindən artıq fantastik bir mənzərə gördüm:  səhər saat altıda bütün meydan, səkilər insanlarla doludu. Kimisi sallağı oturub, kimisi arxasını yerə qoyub, kimisi nəsə çeynəyir, kimisi yatır, kimisi uzanıb- onları növbəti mitinqin məşqləri üçün gətirmişdilər. Təbii ki, dərhal kameranı qapdım və pəncərədən çəkməyə başladım. İki-üç dəqiqədən sonra qapı döyüldü: mənim otağımın sağında və solunda qalan müşayiətçilərim idi. Dedilər ki, pəncərədən aralanın, istəyirsiz, sizi bir də bura buraxmayaq? Filmdə qeyri-rəsmi çəkilən hər şey- avtobusda bir-birini itələyən insanlar, zibil çəlləklərinin yanındakı uşaqlar, talonla ərzaq alanların növbəsi – bunların hamısı ya pərdə arxasından, ya da hansısa dəlikdən çəkilib.

– Bəs bayırda gəzə bilirdiz?

– Yox, pasportlarımızı əlimizdən almışdılar. Onsuz küçəyə çıxmaq yasaq idi. Ancaq bir-iki dəfə müşayiətçilərimizi aldadıb oteldən qaçmışdıq.

– Mağazalara girmək imkanınız olmuşdu?

– Bir-iki dəfə univermaqda oldum. Orda gülməli vəziyyətlə qarşılaşdım. Birinci dəfə o univermağa məni müşayiətçilərim aparmışdılar. Gəzdim, baxım, hər şey çox ucuz idi. Bu, ilk səfərimdə olmuşdu. Onda nə baş verdiyini anlamamışdım. Üstəlik əcnəbilərin Şimali Koreya pulu gəzdirməyə ixtiyarları yoxdu, ona görə də heç nə almaq mümkün deyildi. Ancaq sonra bir qədər pul tapdım və bir-iki suvenir almaqdan ötrü müşayiətçilərimlə birlikdə univermağa getdim. İçəri girdim. Orda bir yığın gülməli dəftərçələr vardı. Satıcıdan üç dəftərçə istədim. Cavab: “Siz onları ala bilməzsiz”.  Sonra anladım: satıcılar, müştərilər, mallar… Ora əsl mağaza deyildi, sərgi idi. Növbəti dəfə – təbii ki, müşayiətçilərlə birlikdə – ərzaq mağazasına girdik. İçəridə 15-20 adam vardı, yuxarıdan-aşağıya qədər bütün rəflərə pomidor şirəsi qutuları düzülmüşdü. Qiymətini soruşdum. Müşayiətçim ənənəvi şəkildə cavab verdi: “Sonra deyərik”. Mən: “Yox, indi tərcümə eləyin”. Satıcı uzun-uzadı nəsə danışdı. Müşayiətçim mənə: “Qiymət kağızlarını hələ gətirməyiblər”. Mən: “Yaxşı. Bəs keçən həftə pomidor şirəsi neçəyə idi?” O, satıcının cavabını tərcümə elədi: “Tomat şirəsi satılmır”.

– Bəs çəkiliş qrupunuz harda yemək yeyirdi?

– Səhər yeməyini və naharı oteldə yeyirdik. Axşamlar, adətən, öz otaqlarımızda. Bir neçə dəfə səfirliyin mağazasından ərzaq almışdıq – konservləşdirilmiş sosiska-filan. Hərdən bizi valyuta ilə işləyən restorana aparırdılar: bir nahar-on avro. Baha deyil. Bizim üçün baha deyil. Bilirsiz, Pxenyanda 800 nəfər işçisi olan sənədli kino studiyasının baş ssenaristinin maaşı nə qədərdi? Onun maaşı ayda 75 sentə bərabərdi.

– Filminizdə bir səhnə var: bütün ailə- ana, ata və qız- üstü yeməklə dolu alçaq masanın ətrafına toplaşırlar. Əgər ölkədə bütün ərzaqlar talonla verilirsə, mağazalar sərgi salonlarıdısa, o yeməklər hardandı?

– O yeməkləri bizim yanımızda sellofana bükülü halda gətirdilər, açdılar, masaya düzdülər. Adamlar onlara toxunmağa qorxurdular. Müşayiətçilər onlara “yeyin, yeyin” deyirdilər. Adamlarsa onlara baxırdılar: doğrudan, yemək olar?

– Axı, yeganə malı pomidor şirəsi olan mağazaların anlamı nədi?

– Başa düşmürəm. Şimali Koreyanı görəndən sonra suallarım daha da çoxaldı. Ora gedəndə müəyyən fərziyyələrim vardı. Hər şeydən əvvəl fikirləşirdim ki, orda qorxu, təzyiq sistemi hökm sürür və insanlar öz içlərində hər şeyi dərk eləyirlər. Amma yaxından tanış olandan sonra gördüm ki, insanlar nəinki dərk eləmirlər, hətta bu barədə düşünmürlər belə… Bir dəfə  bir pələng təlimçisi ilə söhbət eləyirdim. O mənə başa saldı ki, pələng anadan olanda – sirkdə çıxış üçün nəzərdə tutulmuş pələng- ilk gündən elə tərbiyə edilir ki, pələng olduğunu bilmir. Yəni o böyüyür, caynaqları, dişləri, bığları uzanır,  mırıldanır, nərildəyir, hoppanır, ancaq pələng olduğunu bilmir… Bir nümunə göstərim. Metroda çəkiliş aparırdıq. Pxenyanda əcnəbi, yanında müşayiətçi olmadan metroya girə bilməz. Müşayiətçi ilə də yalnız iki stansiya gedə bilər. Yəni cəmi üç stansiyanı görmək imkanı var. Orda əcnəbilər üçün xüsusi marşrut var: metroya konkret stansiyada daxil olursan və konkret stansiyada ordan çıxırsan. Biz iki stansiyaya çəkilişi bitirə bilmədik və xahiş elədik ki, daha bir neçə stansiya getməyimizə icazə versinlər. Cavabında “qətiyyən olmaz” eşitdik. Bizə geri qayıdıb eyni stansiyalarda çəkməyi təklif elədilər. İzah elədim ki, geri qayıdanda vaqonda artıq başqa adamlar oturacaq.  Müşayiətçilər bunun problem olmadığını dedilər və vaqondakı sərnişinlərə əmr elədilər: “Qalxın və o biri qatara keçin”. Bütün vaqon ayağa qalxdı və əks istiqamətə qayıdan vaqona keçdi. Səssiz-səmirsiz, müzakirəsiz.

 

– Onlar gerçək sərnişinlər idilər?

 

– Mən hardan bilim?

 

– Siz demək istəyirsiz ki, Şimali Koreyada hər şey birmənalıdı? Hətta Stalin dövründə SSRİ-də də belə deyildi.

 

– Tamamilə. Orda insanlar valideynləri, valideynlərinin valideynləri hansı şərtlərdə yaşayıblarsa, həmin şərtlərdə doğulurlar. Onlar başqa bir həyatın mövcudluğundan xəbərsizdilər. Heç yerə getmirlər, internetləri yoxdu. Mənə elə gəlir ki, onların içində artıq qorxu da yoxdu. Dəhşət ondadı ki, bu, hansısa başqa bir mərhələdi, qorxudan sonra gəlir. Bilirsiz, bir ölkəni ifşa  və izah eləyən ən güclü şey onun televiziyasıdı. Təbii ki, Şimali Koreyada televiziya verilişlərini köçürmək qadağandı, amma biz özümüzlə xüsusi bir qurğu aparmışdıq: hər ehtimala qarşı sutkada 24 saat televiziya siqnalını sərt diskə yazırdıq. Deməli, orda cəmi iki kanal var. Reklam verilmir. Reklam fasilələrinin əvəzinə dahi rəhbərlər haqqında kliplər göstərilir. Kontent- ya rəhbərləri mədh eləyən verilişlər, ya da çuçxenin oxunması. Hətta bizim bildiyimiz xəbərlər proqramı da yoxdu.

 

– Sevgi filmləri də yoxdu?

 

– Şimali Koreya kinosunun tarixi boyunca heç bir filmdə heç vaxt heç kim öpüşməyib.

 

– Bəs sizin qəhrəmanlar- qızın ata-anası öz münasibətlərini necəsə göstərmirdilər?

 

– Yox. Qətiyyən. Onlar vacib dövlət tapşırığını yerinə yetirirdilər: filmə çəkilirdilər.

 

– Yaxşı, tutaq ki. Amma ola bilməz ki, insanın ağlına gəlməsin: niyə filmdə masanın üstünə onların ömürləri boyu nəinki yemədikləri, hətta üzünü belə görmədikləri yeməklər düzülüb?

 

– Onlar bilirlər ki, pis yaşayırlar, çünki Birləşmiş Ştatlar onlara qarşıdı. Uşaqların pionerə qəbul olunması səhnəsini çəkəndə müşayiətçilər bizə yeddi-səkkiz yaşlı, hərbi forma geyinmiş uşaqları göstərdilər və “onların valideynləri müharibədə həlak olub,  onlar müharibə uşaqlarıdı” dedilər. Hansı müharibənin? Şimali Koreya axırıncı dəfə altmış il əvvəl müharibədə iştirak eləyib! Amma Ş.koreyalılar qəti əmindilər ki, hardasa müharibə gedir, Şimali Koreya ordusu ordadı, cəbhə xətti var, əsgərlər həlak olur, dahi rəhbər isə onların övladlarının qayğısına qalır. Onlar döyüşürlər, həqiqətən döyüşürlər.

 

– Onların qəzetləri necədi?

 

– Şimali Koreyada üç qəzet çıxır. Yeri gəlmişkən, onları ölkədən çıxartmaq və kağız kimi istifadə eləmək qadağandı.  Hə, qəzetlərin hamısı eyni sxem üzrə nəşr olunur. Birinci səhifə- rəhbərin böyük şəkli və kiçik mətn. İkinci səhifə- rəhbərin dörd şəkli və onlara uyğun kiçik mətnlər. Üçüncü səhifə- rəhbərin səkkiz şəkli. Bir qayda olaraq, hansısa ümumi fotolar olur. Dördüncü səhifə – ölkədə baş verənlər, lap küncdə isə – dünyada baş verənlər. Güclə seçilən ağ-qara fotolarla verilmiş xırda mətnlər: üsyanlar, fəlakətlər, təyyarə qəzaları haqqında xəbərlər. O qəzetləri almaqdan ötrü hər gün köşklərin qabağında növbələr yaranır.

 

– Demişdiz ki, çəkdiyiniz materialları hər gün təhvil verməliydiz. Bəs gizli çəkdiyiniz kadrları ordan necə çıxarda bildiz?

 

– Operator hər gün qarın ağrısından şikayətlənirdi və 20 dəqiqəlik ayaqyoluna girirdi. Orda, çəkilmiş materialı başqa yaddaş kartına köçürürdü. Düzünü desəm, yəqin ki, bu mənim ən çətin filmim oldu. Hərçənd çətinliklə başa gələn filmlərim az deyil. Amma bu, psixoloji baxımdan çox ağır idi. Sutkalarla nəzarət altında idik, ya işarələrlə danışırdıq, ya da dəhlizə çıxırdıq, çünki növbəti çəkilişi müzakirə eləməliydik. Hər gecə nömrənin qapısı qarşısında barrikada qururduq ki, gecə heç kim içəri girməsin, qapını bayırdan açmaq mümkün olmasın..

 

– Pxenyanda neçə gün çəkdiniz?

 

– 45. Hərçənd müqaviləyə görə 75 gün olmalı idi.

 

– Sonra nə baş verdi?

 

– Sonra ölkəyə girişimizə qadağa qoydular. Filmin Tallin kinofestivalında nümayiş olunacağından xəbər tutana qədər. Artıq bütün dünyada göstərildiyini bilmirdilər. Tallin festivalı haqqında eşidəndə geri qayıdıb filmi tamamlamağı təklif elədilər. Amma nə mənası vardı bunun? Bizim mədəniyyət nazirliyi də koreyalıların notasından sonra adının titrlərdən silinməyini istədi. Ki, çox qəribə və axmaq istəkdi. Çünki dünyanın, təxminən, 30-a yaxın böyük festivalında iştirak üçün göndərdiyimiz sorğular təsdilənib, bir neçə ölkə artıq filmi tv-də nümayiş üçün alıb, Avropanın bir neçə  ölkəsində isə prokata çıxacaq. Hazırda ortaqlarım filmin ABŞ-da prokata çıxması haqqında danışıqlar aparırlar.

 

– Bəs Rusiyada göstəriləcək?

 

– Məncə, Dmitri Kiselevin proqramı gedən vaxtda göstərilsəydi, yaxşı olardı. Amma televiziyalar mənə müraciət eləməyiblər. O ki qaldı kinoprokata, əvvəlcə prokat vəsiqəsi almaq lazımdı. Ümid eləyirəm, yazda bununla məşğul olacağıq.

 

– Filmə qayıdaq. Finalda balaca qız qəflətən hönkürüb ağlayır. Arxadan sizin səsiniz eşidilir. Zin Mi sizə cavab olaraq rəhbərə sadiqlik andını deklomasiya eləməyə başlayır. Orda nə baş vermişdi?

 

– Məncə, qız ona görə ağladı ki, üzərində böyük məsuliyyət hiss eləyirdi və bunun öhdəsindən gəlmədiyini fikirləşirdi. Onu seçiblər.  Ona görə seçiblər ki, ölkənin qüdrətini, gücünü, ona olan sədaqəti göstərsin. Qıza elə gəlir ki, ona ünvanlanan suala kifayət qədər yaxşı cavab verməyib. Buna görə özünü itirir və ağlayır. O deyir ki: “Mən başa düşmürəm, dahi rəhbərə minnətdarlığımı bildirmək üçün əlimdən gələn hər şeyi elədim, ya yox?”. Düşünəndə ki, yox, hər şeyi eləməyib, ağlamağa başlayır.

 

Tərcümə: Aygün Aslanlı




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir