Bu yazı evli cütlüklər üçündür!

Baxış sayı: 1. 667

Evlilik deyəndə insanların ağlına ilk gələn şey xoşbəxtlik olur. Xoşbəxtlik nədir? Bu sualın cavabını hər kəs özünə görə fərqli düşünür. Kiminə görə, ailə qurmaq, valideyn olmaq, var-dövlət sahibi olmaq, kiminə görə isə, sevmək, sevilmək və insanların bir-birilərini qüsurları ilə qəbul etmələri əsl xoşbəxtlikdir. Həyat təcrübəsi olan insanların sözlərinə görə, kişi üçün əsl xoşbəxtlik həyat yoldaşının onu sevməsidir. Bəs burada deyilən sevmək məfhumu nəyi ifadə edir, sevmək nədir? Psixoloqların fikrincə, sevmək anlayışla yanaşmaqdır, sevdiyinə hörmət etməkdir. Amma bəzən ailədə ər və arvad arasında problemlər də olur. Ər arvadın dediyini, arvad da ərinin dediyini heç cür anlaya bilmir. Bunun səbəbi nədir? Bunun səbəbi evlilikdəki yorğunluqdur. Bəli, bir az qəribə, özü də çox az-az eşitdiyimiz ifadə olsa da, evlilik yorğunluğu günümüzün reallığıdır.

Son vaxtlar “evlilik yorğunluğu” adlandırılan səbəbdən xeyli sayda boşanmalar baş verir. Ailə psixoloqları evlilikdə yorğunluğu sırf ər-arvadın yola getməməsi ilə əlaqələndirirlər. Cütlüklərin bir-birilərini anlamamalarını buna əsas səbəb kimi göstərirlər. Türkiyəli psixoloq Yasəmən Əyyuboğlunun sözlərinə görə, evliliyi bir insan kimi düşünmək lazımdır: “Necə ki, insan dünyaya gəlir, böyüyür, inkişaf edir, yaşa dolur və həyatdan köçür, evlilikdə də belədir. İlk vaxtlardakı hissləri qoruyub saxlamaq getdikcə çətinləşir. Əgər bunun üçün səy göstərilməzsə, 30 yaşındakı insan, 60 yaşda keçirilən hissləri yaşayar”.

Psixoloq İsmayıl Qılınc isə evlilik yorğunluğunu uzun müddət evli olan cütlüklərdə rast gəlindiyini deyir. Onun sözlərinə görə, sevginin azalması, qarşılıqlı hörmətin olmaması, gözləntilərin qarşılanmaması və əvəzində böyük problemlərin meydana gəlməsi özü ilə böyük zədələr gətirir: “Əvvəlcə eşq, daha sonra sevgi bitir. Nəticədə münasibət qanqrenə çevrilir. Ardınca depressiya və tükənmişlik sindromu yaşanır. Bütün bunlardan sonra evlilik daşına bilməyəcək yükə çevrilir. Belə yorğunluğa düşən cütlüklər münasibətləri düzəltmə və qoruma düşüncəsində olmasa, yuvaları dağıla bilər”.

“Cütlüklər bir-birilərini dinləməlidirlər”

Y. Əyyuboğlu evlilik yorğunluğunu təbii hadisə kimi görür: “Ailədə məsuliyyətlər, maddi və mənəvi çətinliklər, ehtiyacları qarşılaya bilməmə narahatçılığı yorğunluğa aparan yollardır. Belə halda şüurlu şəkildə bu təhlükəli yorğunluğu aradan qaldırma yolları axtarılmalıdır. Məsuliyyətlər yerinə yetirilməyəndə, qarşıdurmalar baş verir. Evliliyin əvvəlində də kiçik anlaşılmazlıqlar olubsa, o da üzərinə gələrək insanları tamamən halsızlaşdırır. Beləliklə, bu yorğunluq həm səbəb, həm də nəticə olur. Yorğun bir insan həyatına davam edə bilir. Amma rahat olmur, həmişə qanıqara, gördüyü bütün işlərdə məhsuldarlıq aşağı, daima depressiyada olur”.

İsmayıl Qılınc yorğunluqla bərabər yaranan bir-birinə yadlaşmaya da diqqət çəkir. Psixoloqun sözlərinə görə, evlilər bəzən özlərini subay kimi hiss edirlər: “Gənclərin əksəriyyəti niyə ailə həyatı qurduğunun fərqində deyil. Elə bilirlər evlənməklə dünyada cənnət yaşayacaqlar. Gözləntilərinin olmadığını düşünmək, artıq ciddi təhlükədən xəbər verir. Bu mərhələdə qarşıdurma və depressiya qaçılmaz olur”.

Problemləri danışaraq həll etmə çətinliyini münasibətə virus düşməsi kimi dəyərləndirən ekspertin sözlərinə görə, cütlüklər bir-birilərini dinləməyi bacarmalıdırlar: “Problemləri həll etmək mümkün olduğu halda, dinləmədən qarşılıqlı dialoq qurmaq münasibətləri olduqca çətinləşdirir. Əslində çox kiçik olan bir problem dağ kimi böyüyür”.

“Əvvəllər belə deyildi”

Əyyuboğlu evlilik bağlarının düzgün qurulmasının da vacib olduğunu deyir: “Həyat yoldaşını düzgün seçməmək, şəxsiyyət problemləri, ünsiyyətdə qırılmaların olması ardınca yorğunluq gətirir. Hər şey normal olduğu vaxtlarda da diqqətli olmaq lazımdır. Məsələn, “əvvəllər belə deyildi”, “keçən il belə problemimiz yox idi”, “həyat yoldaşım məni çox tənqid edir” tipli şikayətlərin ancaq zərəri var. Çünki nəticəsi boşanmağa apara bilər”.

Əvvəllər problem olmayan şeylərin artıq problem olması haqda isə psixoloq: “Bu hallarda məsləhətləşərək, “bizə nə yaxşı təsir edir?” sualının cavabını axtarmaq lazımdır. Əgər evlilik bir zavoddursa, bu zavodun işləməyən cihazlarını birlikdə təmir etmək lazımdır. Problemlər öz-özünə həll olunmur, gərək insanlar buna səy göstərsinlər. Kiçik problemlər qar topu kimi yuvarlana-yuvarlana böyüyür və böyük qar topası olur”.

Evlilik yorğunluğuna qarşı tövsiyələr

1. Eqo ilə yox, şəfqətlə danışın.

2. Günahlandıraraq yox, həll yolu axtararaq danışın.

3. Münasibətinizi ortaq bank hesabı kimi düşünün. Hər dəfə hesaba qoyulan “davranışlarla” sərmayəniz daha da artır. Münasibətdə sevgi sərmayənizi artırın.

4. Sevdiyinizi mütləq deyin. Peyğəmbərimiz (sas) bir hədislərində belə buyurub: “Kişinin həyat yoldaşına “səni sevirəm” deməsi qətiyyən qadının ürəyindən çıxmır”.

5. Eşqinizi sevgiyə və dostluğa çevirin.

6. Eşq bitsə, sevgini, sevgi bitsə hörməti qorumaq üçün mübarizə aparın. Çünki sevgi seçim, hörmət məcburidir.

7. İmkan varsa, birlikdə tətilə gedin. Yoxdursa, yaşadığınız yerin ən gözəl yerlərinə gedin, birlikdə gəzin.

8. Ətrafınızdakıların dediklərinə çox da ciddi yanaşmayın. Başqalarına görə yaşasanız, özünüz üçün yaşaya bilməzsiniz.

9. Ailə büdcəsinə ciddi təsir edəcək formada pul xərcləməyin. Büdcədə problem olarsa, ailəyə təsir edər.

10. Həm bir-birinizə, həm də ehtiyacı olanlara kömək edin. Başqalarına yardım etmək sizi bir-birinizə bağlayacaq.

11. Ortaq hədəfləriniz olsun. Məsələn, bir kitabı eyni vaxtda oxuyub qurtarmağa çalışın.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir