Valideynlərin menyusuna – Uşağınızla böyük kimi davranmayın!

Baxış sayı: 1. 634
Uşağının tərbiyəsi üçün ən təsirli metodlardan istifadə edən, ancaq uşağı ilə ünsiyyətdə ciddi səhvlərə yol verən valideynlər az deyil. Belə valideynlər uşaqları ilə ünsiyyət qurarkən onların uşaq olduqlarını unudur və böyük bir adamla ünsiyyət qururmuş kimi ünsiyyət qururlar. Hətta bəzən bu az imiş kimi onlar uşaqlarından böyüklərdən tələb etdiklərini belə tələb edirlər.
Hər bir fərdin (uşaq və ya böyük fərqi yoxdur) bir fərd kimi hörmətə ehtiyacı var. Ancaq bütün hallarda bu hörmət əgər bu fərd böyükdürsə, böyüyə, əgər bu fərd uşaqdırsa, uşağa olan hörmət olmalıdır. Başqa bir məsələ isə böyüklərin özünəməxsus hüquqlara malik olması kimi, uşaqların da özünəməxsus hüquqlara malik olmasıdır (məsələn, oyun oynamaq, dəcəllik etmək, sual vermək və s. kimi). Digər tərəfdən, uşaqlar bir gün onlara izah edilən bir məsələni ertəsi gün yenidən eşitmək ehtiyacı hiss edə bilərlər. Ya da oyunu və ya oyun oynamağı hər şeydən üstün tuta bilərlər. Təbii ki, bu misalların sayını artırmaq da olar. Ancaq burada xatırlatmaq istədiyimiz əsas məsələ yenə uşaqların uşaq olduqlarını unutmamaqdır.
Bəzən belə hallar valideynlərdə ciddi narahatlığa səbəb olur. Belə ki, valideynlər bu cür halları (uşağın oyun oynamağı həddindən artıq sevməsi, uşağın nənəsinin (və ya babasının) yanında həddindən artıq şıltaqlaşması və s.) uşaqlarda “xarakter pozğunluğu” kimi qiymətləndirirlər. Halbuki, burada belə bir şeydən söhbət gedə bilməz. Xüsusilə də, məktəbəqədər dövrdəki uşaqlarda müşahidə edilən bu halları xarakter pozğunluğu kimi qiymətləndirmək olmaz.
Digər tərəfdən, uşaqları ilə böyük kimi davranan bu valideynlər baş verən bir hadisəni uşaqlarına kifayət qədər ciddi bir şəkildə izah etməyə çalışırlar. Halbuki uşaqla bölüşdüyünüz şeylər uşağın yaşına, hətta fərdi xüsusiyyətlərinə uyğun olmalıdır. Yəni, uşağınızla bölüşəcəyiniz bir şeyi öz anlayış tərzinizə görə yox, uşağınızın anlayış tərzinə görə tənzimləməlisiniz. Digər tərəfdən, bəzi valideynlər mütəmadi olaraq uşaqlarından davranışları üçün şərh və ya izah tələb edirlər. Əsasən özlərinin xoşbəxt olduqları mühitlərdə (hətta bu mühit uşaqlar üçün olmasa belə) uşaqlarının da xoşbəxt olduqlarına inanırlar. Üstəlik, belə mühitlərdə uşaqlarından böyüklük nümayiş etdirməyi tələb edirlər. Bu cür valideynlər uşaqlarının hisslərini nəzarət altında saxlamağa da çalışırlar. Buna görə də, “Ağlamaq sənə heç yaraşmır” və ya “Niyə bu qədər sevindiyini başa düşə bilmirəm” kimi reaksiyalarla uşaqlarının təbiiliklərinə zərbə vururlar. Bu cür münasibət hələ kiçik yaşlarda uşağın uşaqlığını unutmasına səbəb olur. Ən təhlükəlisi isə uşaq uşaqlığını kifayət qədər yaşaya və ya hiss edə bilmir. Bu isə gələcək illərdə uşaqda özünü müxtəlif xarakter pozğunluqları ilə göstərir. Təbii ki, burada əsas hədəfimiz valideynlərinin səhv mövqeləri nəticəsində vaxtından əvvəl böyüyən uşaqlardır. Digər tərəfdən, xarakter baxımından yaşıdlarından daha böyük olan uşaqlar da var ki, bu, onların xarakterik xüsusiyyətlərindən irəli gəldiyi üçün heç bir müdaxiləyə ehtiyac yoxdur.



Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir