“Gencaile.az” Aile.lent.az-a istinadən Gənc Psixoloqlar İctimai Birliyinin baş katibi Rövşən Uğurun məqaləsini təqdim edir.
Motivasiya – insanın istək və arzularını həyata keçirmək üçün məqsədyönlü şəkildə davranmasıdır. İnsanlar həyatları boyunca ehtiyaclarını ödəyib, xoşbəxt və rahat yaşamaq üçün əmək fəaliyyəti ilə məşğul olurlar. Buna görə də insan həyatının əhəmiyyətli hissəsi iş yerində çalışaraq keçir. İşçinin öz iş yerini sevməsi və çalışdığı yerə emosional olaraq bağlılığının yaranması işçi məmnuniyyətinin əsas şərtidir. Qurumun uğurlu olması və yüksək məhsuldarlıq səviyyəsinə çatması əsasən orada çalışan işçilərin rahatlığı, məmnunluq səviyyələrinin yüksək olması və onların ehtiyaclarının ödənilmiş olmasından asılıdır. Bəs iş prosesində işçiləri motivasiya edən amillər nələrdir? İşçilərin məhsuldarlığının artıb azalması hansı faktorlardan asılı olaraq dəyişir? Əmək haqqının yüksək olması iş yerində motivasiyanın əsas şərtidirmi? Bu kimi suallar motivasiya mövzusunu bizim üçün daha da aktual edir.
20-ci əsrin əvvəllərində psixoloqları bu sual düşündürürdü ki, dolğun əmək haqqı tək başına işçinin işini yüksək motivasiya ilə görməsinin əsas şərtidirmi, yoxsa burada digər amillərin də rolu var?! Bu suala cavab tapmaq üçün müxtəlif araşdırmalar edilmiş və bunlardan bir neçəsi öz unikallığı ilə fərqlənmişdir. Bu araşdırmalarda ən birinci nəzəriyyə olan klassik model tərəfdarları, insanı motivasiya etməkdə ən effektli yolun maddi rəğbətləndirmə, yəni maaş artımı olduğunu iddia edirdilər. Bunun üçün də işçinin gördüyü işə görə mükafatlandırılması sistemi tətbiq olunmuşdur. Ancaq zamanla maddi artımın şəxslərin faydalı iş əmsalının artmasında çox da böyük rolu olmadığı görülmüşdür. Bu səbəbdən də alimlər yeni axtarışlar içərisində olmuş və nəticədə ən məşhur və geniş yayılmış araşdırma humanist psixologiyanın əsas nümayəndələrindən sayılan Abraham Maslou tərəfindən həyata keçirilmişdir.
Amerikan psixoloqu Abraham Maslou keçən əsrin əvvəllərindən başlayaraq insanların hərəkətverici qüvvəsinin, onları motivasiya edən fəaliyyət sahələrinin nələr olduğunu araşdırmış və özünün bütün dünyada məşhur olan ehtiyaclar piramidasını yaratmışdır. Bu nəzəriyyəyə görə insan ehtiyacları ardıcıl şəkildə aşağıdan yuxarıya doğru pilləkənvari formalaşır və əgər bir ehtiyac tam ödənilməyibsə, digər yuxarıdakı ehtiyaclar da ödənilməmiş qalır. Maslou ehtiyacları 5 hissəyə bölərək (fizioloji – bioloji, təhlükəsizlik, sosial tələbatlar, təsdiq olunma və özünü aktuallaşdırma) onları piramida formasında ayırmışdır.
Fizioloji ehtiyaclar: İnsanın öz varlığını davam etdirə bilməsi üçün ən vacib sayıla biləcək bu tələbatlara təbii yaşam, yəni qidaya, suya, havaya və yuxuya aid olan tələbatlar aiddir. Fizioloji ehtiyaclar refleksiv olaraq insan dünyaya gəldiyi andan başlayır. İnsan bütün maddi və sosial nemətlərlə təmin olunmuş olsa belə, onun fizioloji və bioloji ehtiyacları ödənilməsə, o, yaşamdan zövq ala bilməz və buna görə də digər bütün fəaliyyətlər onun üçün ikinci planda qalmış olar. Qısacası belə deyə bilərik ki, ac olan insan heç vaxt sevgi, hörmət, başqasına kömək etmək və sosial ehtiyaclar barədə düşünməz, onun bütün fikri yalnızca qarnını doyurmaq, qida əldə etmək və təbii ehtiyaclarını ödəmək istiqamətində olur.
Təhlükəsizliyə aid olan tələbatlar – Maslouya görə təhlükəsizlik tələbatları fizioloji və bioloji tələbatların ardınca piramidanın ikinci mərhələsində gəlir. Bu tələbatlara daha çox insanın özünü fiziki olaraq təhlükə və təhdidlərdən uzaq hiss etməsi kimi tələbatlar aid edilir. Yaşayış yeri, ev, ailə mühiti, iş qarantiyası bu pillənin əsasını təşkil edir.
Sosial tələbatlar – Sosial tələbatlar insanın özünü hər hansı bir qrupa aid etməsi, onun bir parçası olaraq özünü görməsi, ailə olmaq ehtiyacı, sevgi, dəstəkləyici bir mühit içərisində olması başa düşülür.
Hörmətə olan tələbatlar – Maslou tələbatlar ieararxiyasının 4-cü mərhələsinə isə hörmət, ətrafdan təsdiq olunmaq, özünə dəyər vermək, cəmiyyət içərisində tanınmaq və təsdiq olunmaq kimi ehtiyacları aid etmişdir. Burada əsasən insanın öz çevrəsi və ətrafı tərəfindən necə görüldüyü, ona hansı səviyyədə hörmət edildiyi onun üçün meyar rolunu oynayır. Bu səbəbdəndir ki, biz insanlar hər zaman sevilmək, digərləri tərəfindən təsdiq olunub, alqışlanmaq üçün əlimizdən gələni edirik.
Özünü aktuallaşdırmağa aid olan tələbatlar – Maslounun piramidasının ən yüksək zirvəsində isə özünü aktuallaşdırmağa olan tələbatlar durur. Bildiyiniz kimi hər insanın özünə məxsus qabiliyyətləri və xüsusiyyətləri vardır. Şəxslər həmən bu qabiliyyət və istedadları inkişaf etdirmək və bunu digərlərinə də göstərərək nə dərəcədə qabiliyyətli olduqlarını sübut etməyə çalışırlar. Bu mərhələdə insan gördüyü işləri və yaradıcılığı ilə uğurlar qazanır və nəticədə ailəsi, dostları, iş yoldaşları bir sözlə, çevrəsi tərəfindən qəbul olunaraq, dəstəklənir və beləliklə.ş insan özünü aktuallaşdırmış olur. Abraham Maslouya görə, ilk dörd tələbat tam şəkildə ödənilə bildiyi halda, özünü aktuallaşdırmaq tələbatı daima artaraq inkişaf edir və yenilənir. Bu da insanı daimi gərginlik şəraitində saxlayaraq, daha çox cəhd etməsinə və çalışmasına səbəb olur. Maslou həmçinin onu da qeyd edirdi ki, bütün ilk dörd tələbatın hamısı özünü aktuallaşdırmağın təmin olunmasına yönəlmiş olur.
Maslounun yaratdığı tələbatlar piramidası əsasən, iş həyatında və təşkilatların işçiləri ilə münasibətlərini tənzimləməsi proseslərində geniş istifadə olunur. Böyük korporasiya və şirkətlər işçi məmnuniyyətini və işin keyfiyyətini artırmaq üçün bu nəzəriyyəni praktikaya tətbiq edib, məhsuldarlığı artırırlar. Ehtiyaclar piramidasını iş həyatına tətbiq etmək istəyən təşkilatlar, işçilərin ehtiyaclarını öyrənməyə başlayıb və nəzəriyyəni aşağıdakı sxem üzrə iş həyatına tətbiq etməyə başladılar.
Fizioloji və təhlükəsizliyə aid olan tələbatlar qurum daxilində qane edici maaş səviyyəsi, təhlükəsiz iş şəraiti və iş qarantiyası kimi dəyərləndirilərək, işçilərin bu yöndə olan istək, arzu və tələbatları kimi nəzərə alınıb başa düşülür. Piramidanın üçüncü mərhələsinə aid olan sosial tələbatlara iş yerində olan insanlar arasındakı ünsiyyətin səviyyəsi, rəhbərliyin işçiləri ilə düzgün münasibətinin qurulması və işçilərin şəxsiyyətinə hörmətlə yanaşılması kimi hisslər aid edilir. Hörmətə aid olan tələbatlar isə iş mühitində işə verilən dəyər, işçilərin xüsusi olaraq həvəsləndirilməsi və onlara rütbə və vəzifənin verilməsi kimi başa düşülür. Piramidanın zirvəsində olan özünü aktuallaşdırmanı isə yaradıcılıq, şəxsi inkişaf, karyerada yüksəlmək imkanları və s. kimi xüsusiyyətlər ilə eyniləşdirmək mümkündür. Əgər bu kimi ehtiyaclar iş yerində qarşılanmasa və bunların ödənilməsinə diqqət yetirilməsə, işçilərin performansları və məhsuldarlıq aşağı düşəcək, işçi məmnuniyyəti azalacaq və nəticədə işdən ayrılmaların sayı kəskin şəkildə artacaqdır.
Sonda onu deyə bilərik ki, insan davranışlarının səbəblərini və işçilərin məmnuniyyət səviyyəsini artırmaq üçün Maslounun ideyalarının dərindən analiz edilib, iş mühitinə tətbiq edilməsi işçi məmnuniyyətinin qorunmasında böyük önəm daşıyır.