Tahir Əmiraslanov: “Yemək bişirməyi kişi işi hesab etmirdim”

Baxış sayı: 1. 604

Hələ 5 yaşından özünü ailənin kişisi hesab edib. Düşünür ki, oğlan uşağı kişilik məktəbini ilk dəfə bacılarından öyrənir. Çünki kişilik bacını, ananı qorumaqdan başlayır…

Müsahibimiz Azərbaycanın Milli Kulinariya Mərkəzinin (MKM) prezidenti Tahir Əmiraslanovdur. Azərbaycan mətbəxini dünyada tanıdan məşhur kulinarın uşaqlıq illərinə səyahət etdik.

Həmsöhbətimiz 1958-ci il martın 14-də Tovuz rayonunun Qovlar kəndində anadan olub. Uşaqlığı Tovuz və Gəncədə keçib. Balaca Tahir o qədər dəcəl olub ki, uşaq vaxtı etdiyi dəcəllikləri öz övladının, nəvəsinin edə biləcəyini təsəvvürünə belə gətirmir: “Ailədə beş uşaq idik. Məndən sonra iki qardaşım və iki bacım var. Ailəm mənə hiss etdirdi ki, evin kişisi atamdan sonra mənəm. Mən də bacılarımı mühafizə edir, hətta pul qazanıb anama, bacıma hədiyyə alırdım. Ailədə bacıların olmağı çox gözəl və lazımlı bir şeydir ki, oğlan uşaqları kişilik məktəbini ilk dəfə bacılarına görə keçirlər”.

“Soğan-çörək yeyirdim”

Müsahibimiz deyir ki, 4 yaşında 3 təkərli velosipedi ilə Gəncədə soğan-çörək yeyə-yeyə bütün parkı gəzib: “Uşaqlıqdan bizə soğan-çörək yeməyi öyrətmişdilər. Çünki soğan tibbi cəhətdən çox xeyirlidir. Bütün virusları öldürür. Həyətdə soğan-çörək yeyə-yeyə velosiped sürürdüm. 5 yaşımda artıq ailənin bütün bazarlığını mən edirdim. Mənə çox güvənirdilər. Bəlkə də onlar məni izləyirdi, heç yerə tək qoymurdu. Amma mənə hiss etdirmirdilər. Onlar mənə etibar etdiyi üçün özümü güclü hesab edirdim və bu, çox gözəl tərbiyə metodu idi”.

Balaca Tahir ilk pulunu da 5 yaşında qazanıb: “Özümü kişi hesab etdiyim üçün atamdan pul almağa utanırdım. Öz pulumu özüm qazanmalı idim. İlk dəfə dirrikdə özümə nanə, ispanaq ləkləri saldım və məhsulu bazarda satdım. Həmin pula anama rəngli sancaqlar aldım. Bacı-qardaşlarıma da hədiyyələr alır, pul verirdim. Bunu edən zaman o qədər həzz alırdım ki… Çünki bacılarım da məni böyük bilib hörmət edirdilər”.

Həyatın ləzzəti

Həmsöhbətimiz deyir ki, ən gözəl uşaqlıq illəri kənddə nənəsinin yanında keçib: “Babamın dəyirmanı var idi. Ondan həmişə çörək və tənbəki iyi gəlirdi. Anamın anasına “ana” deyirdim. 80 yaşı var idi, üzündə bir dənə də qırış yox idi. Deyirdim, ay nənə niyə qocalmırsan? Deyirdi, bala, vaxtım yoxdu. Babam rəhmətə gedəndən sonra o, heç kimə pul vermirdi. Deyirdi ki, a bala, qazananımmı var? Dayım riyaziyyat müəllimi idi. Mənim dünyagörüşümün inkişaf etməsinə onun çox böyük təsiri olub. O mənim üçün hər zaman dahi insan olub. İstər siyasətdən, istər müsiqidən məlumatı var idi. Məntiqi hesablamalarla öncəgörmə qabiliyyəti də var idi. Mənə riyaziyyatın bütün sirlərini öyrətmişdi. Hətta məsələ həll edəndə əlimdən alırdı, qarşıma çətin məsələlər qoyurdu ki, “uşaq məsələlərini niyə həll edirsən? Sənin yaşına yaraşmaz”. Mən heç kimin həll edə bilmədiyi məsələni həll edəndə, yaradıcılıq ləzzətini duyurdum”.

Müsahibimiz düşünür ki, həyatda 3 ləzzət var. qida ləzzəti, sevgi ləzzəti və yaradıcılıq ləzzəti. Bunların ən önəmlisi isə yaradıcılıq ləzzətidir: “Mən çox oxuyurdum. Bütün fənləri oxuyurdum və əlaçı idim. 5 yaşımda oxuduğum ilk kitab Molla Nəsrəddinin lətifələri idi. 6 yaşımda “Koroğlu” dastanını oxumuşdum. 5 yaşımda babam məni bağa aparıb ağacın, otun dilini, bağla necə rəftar etmək lazım olduğunu öyrədirdi. Balaca idim, amma mənə hər şeyi öyrədirdilər. Onlar da mənim təfəkkürümə çox ciddi təsir edirdilər. Bir dəfə bağda idman edirdim. Təsəvvür edin, babam mənə dedi ki, beli götür, yeri şumla, ağacların dibini bellə, qum daşı, gücün havayı yerə getməsin. Çünki hər bir insanın etdiyi başqa insanlara xeyir gətirməlidir. İdman etsən belə, fayda verməlisən”.

“Niyyətin hara, mənzilin ora”

Müsahibimiz o qədər dəcəl olub ki, hətta 6 yaşında evdən xəbərsiz Hindistana gedirmiş: “Sabir adlı dostum var idi. Biz onunla qərar verdik ki, Hindistana gedək. Özümə boxça düzəltmişdim. Sabiri də yoldan çıxarmışdım, gedirdik. Anamın əmisi qarşımıza çıxdı və bizi geri qaytardı ki, qatar Rusiyaya gedir, Hindistana getmir. Ailəmin xəbəri yox idi. Mən həmişə xəyallarımda bütün ölkələrə səyahət etmişəm. İnanıram ki, insan nəyi istəyirsə, ona nail olur. Yetər ki, ürəkdən istəsin. “Niyyətin hara, mənzilin ora” hikmətinə inanıram. Çünki bu, mənim həyatımda baş verib. Çox oxuduğum üçün çox bilirdim. Hətta xalam universitetdə oxuyarkən ədəbiyyatdan təhlilini mənə etdirmişdi və 5 almışdı. O zaman müəllimlərinə demişdi ki, bunu 7 yaşında uşaq edib. Xalam da aldığı təqaüdlə mənə hədiyyə almışdı”.

Tahiri qız ötdü

Həmişə hər yerdə birinci olmağı qarşısına məqsəd qoyan müsahibimizi məktəbdə qızın məğlub etməsi ona çox təsir edib. Hətta bu zamana kimi də o hadisəni təsirli hadisə kimi xatırlayır: “Bir dəfə hava soyuq olduğu üçüm anam mənə uzun palto geyindirdi. Və söz verdirdi ki, nə olsa, bunu əynimdən çıxarmayım. Mən də paltonu geyinib məktəbə gəldim. Həyətdə qaçış yarışı keçirirdik, mən birinci idim, amma necə oldusa, qız gəldi məni keçdi. Hamı da məni lağa qoydu ki, Tahiri qız ötdü. Təsəvvür edin ki, mən liderliyə çox meyilli insanam. Üstəlik, məni qızın ötməsi ağır zərbə idi. Qaça bilməməyimin səbəbi isə paltom idi. Anama söz verdiyim üçün onu əynimdən çıxarmırdım. Anam tapşırmışdı, mən də kişi kimi söz vermişdim. Evdə gəlib qırğın edirdim ki, mən bir də o paltonu geyinməyəcəyəm. Söz vermək mənim üçün çox önəmli idi. Söz verdimsə, dünya dağılsa da, onu etməli idim. Balaca kişi idim axı…” (Gülür)

Bu gün Azərbaycanın məşhur kulinarı olan müsahibimiz sən demə, uşaqlıqda yemək bişirməyə qadın işi kimi baxırmış: “Anam çox dadlı yemək bişirirdi. Uşaq vaxtı yemək bişirmək ağlımdan belə keçmirdi. Ümumiyyətlə yemək bişirməyi kişi işi hesab etmirdim. Onu ağır iş saymırdım, mən həkim olmaq istəyirdim. Amma bir hadisə məni bu fikrimdən daşındırdı. Onda düşündüm ki, əgər xəstəni itirsəm, onun ailəsinə cavab verə bilmərəm. Beləliklə, həkim olmaq fikrindən daşındım”.

“Burnundan gəlsin”

Müsahibimiz deyir ki, ilk dəfə yeməyi də uşaqlıqda bişirib: “O zaman toylara təzə şərab gətirirdilər. Bir dəfə dostum Sabir əlində butulka gəldi ki, toydan çaxır gətirmişəm. Çaxır da butulkanın dibində idi. 5-6 uşaq yığışıb getdik Qarabulağa. Küçədən keçəndə gördüm qaz sürüsü gəlir. Qazın birinin boynundan tutub kəsdim. Onu közün içində alaçiy bişirdik. Evimizə gələndə gördüm Gilas anam (nənəsi – A.Ə.) qarğış edir: “Qaz aparan, burnundan gəlsin, haramın olsun”. Sən demə, öz qazımızı oğurlamışam. Sonra dayıma dedim, nənəmə desin ki, mən aparmışam, qarğış eləməsin. Çox qəribə oldu. Nənəm bir anda döndü və dedi ki, Allah, sənə çox şükür, yaxşı ki, özümüzünkünə qismət olub”.

“A bala, bu nə şalvardır”

Müsahibimiz özü də etiraf edir ki, uşaq vaxtı atasını və müəllimlərini incidib: “Sonra atam məni Tovuzda Puşkin məktəbinə qoydu. Həm Puşkin məktəbinə gedirdim, həm də dayımın dərslərində oturub ona qulaq asırdım. Müəllimlərim çox güclü olub. Amma çox nadinc idim, müəllimləri incidirdim. Bəlkə də əlaçı olduğum üçün məni qovmurdular. 7-ci sinfə qədər atam məni fiziki cəzalandırıb. Amma əvvəlcə günahımı sübut edib, sonra cəzalandırırdı. Bilirdim ki, günahla cəza eynidir. O mənə hər dəfə deyirdi ki, “adam ol, adam kimi hərəkət elə”. Həqiqətən pis uşaq idim. İndi nəvəmə imkan vermərəm ki, mənim kimi olsun. Saç uzadırdım, yaxası açıq köynək geyinirdim. Bir dəfə vilvet şalvar almışdım. Atam dedi ki, a bala, bu nə şalvardır, bunu yetimlər geyinir”.

“Kolxozçu deyiləm ki…”

Müsahibimiz deyir ki, kolxoza getmədiyi üçün onu imtahandan kəsiblər: “7-ci sinifdə bir hektar torpağım var idi. 130 faiz üzüm planı vermişdim. Bir dəfə yenə üzüm yığmaq üçün məni kolxoza çağırdılar. Riyaziyyat imtahanım olduğu üçün getmədim, çünki vaxtım yox idi. Məni çağıranda dedim ki, kolxozçu deyiləm ki… Amma kolxozdan müəllimə tapşırıq veriblər ki, getmədiyim üçün məni imtahandan kəssin. Məni imtahandan kəsdilər, payızda imtahan verəsi oldum. Amma o müəllimin böyüklüyü onda idi ki, bir neçə il sonra bizə elçi gəlmişdilər və orada məndən üzr istədi. Deməli o, daxilən böyük insan imiş. Neçə illər bu fikri içində gəzdirib ki, mən o uşağa haqsızlıq etmişəm. Mən ədalətli müəllim necə olur, görmüşəm”.

Həmsöhbətimiz deyir ki, universtitetdə oxuyarkən hər dəfə evə gələndə atasının ayağını yuyurmuş: “Mən universitetdə oxuyurdum. Hər dəfə evə gələndə atamın ayağını yuyurdum. Mənə deyirdilər ki, sən müəllimsən, camaata dərs deyirsən, amma atanın ayağını yuyursan. Nə qədər qalstuk-köynək geyinsək də, atamızın quluyuq. Mən onun ayağını yumağı, ona toxunmağı özümə fəxr bilirdim. Atam dünyadan tez köçdü. Mənim 27 yaşım olanda, ataya ən çox ehtiyacım olduğu vaxt vəfat etdi”.

Həyatın gücü

Müsahibimiz düşünür ki, dünyaya gələn hər kəs faydalı olmaq üçün əlindən gələni etməlidir. Onun sözlərinə görə, hər şey insanın iradəsindən asılıdır: “Sən başqaları üçünsən, başqaları sənin üçün deyil. Həyatda beş güc var. Birinci güc ağılın, savadın gücüdür. İkinci fiziki gücdür, üçüncü, pulun gücüdür. Dördüncü, hakimiyyətin gücüdür. Ən əsası, 5-ci güc isə mənəviyyatın gücüdür”.

Tahir Əmiraslanovun tələbəlik illəri Leninqradda (Snkt-Peterburq – A.Ə.) keçib. Elə ailə həyatını da orada qurub: “Əsgərlikdən gəldikdən sonra Leninqrada getmək qərarına gəldim. Mən həmişə lider olmaq, öndə olmaq istəyirdim. Orada iş tapıb işləməli, sonra da oxumalı idim. Pul qazanmaq üçün və qeydiyyatdan keçmək üçün fəhlə işləyirdim. Bu zaman tatar qızını bəyəndim və ailə qurmağa qərar verdim. Evdən xəbərsiz ailə qurdum. Çünki mən qərar qəbul etmişdim, ailəm qarşı çıxardı. Sevdiyim qadınla evlənməli idim. Qız çox güclü idi. Vurulduğum qadınların heç biri ağılsız, savadsız olmayıb. Sonra qızımız dünyaya gəldi. Mən həm oxuyur, həm də işləyirdim”.

Ən böyük mükafatım

Qida mühəndisliyi üzrə təhsil aldığı universitet illərindən danışan həmsöhbətimiz deyir ki, müəllimi və elmi rəhbəri Nikolayeviç Kavalyov onun kumiri olub: “O müəllimim dahi idi. Onunla söhbət etmək belə fəxr idi. Sinifdə bütün qızlar o müəllimə vurulmuşdu. O, evindəki kitabxanasını mənim ixtiyarıma vermişdi. Orada kitab oxuyurdum. Mənim ən böyük mükafatım odur ki, kumirim olan müəllimim çıxışında dedi ki, Tahir mənim yeganə tələbəmdir ki, məndən qabağa getdi. Təbii, elə deyil, o, dahi insandır. Bir dəfə də Rusiya Kulinariya Assosiasiyasının prezidenti Natalya İvanovna məni “Azərbaycandakı Kavalyovumuz” kimi təqdim etdi. Bu mənim ən böyük mükafatım idi…”

Kaspi.az




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir