27

Körpələr niyə zibilliyə atılır?

Baxış sayı: 1. 503

Şirvanda yerli sakinlər zibilliyə atılmış 7 aylıq oğlan uşağının meyitini aşkar ediblər. Körpənin meyiti Şirvan şəhər Patoloji Anatomiya və Məhkəmə Tibbi Ekspertiza mərkəzinə təhvil verilib. Mərkəzdə meyitin müayinəsi zamanı onun 7 aylıq hamiləlikdən sonra ölü doğulduğu barədə ilkin rəy verilib. Uşağın meyitinin kim tərəfindən atıldığı məlum deyil. Faktla bağlı Şirvan polis şöbəsində araşdırma aparılır.

Bu kimi hadisələrlə tez-tez qarşılaşırıq. Övladlarından imtina edən valideynlər, valideyn məsuliyyətini anlamayanlardır. Bu da birbaşa onların tərbiyə aldığı ailədən qaynaqlanır.

Sosioloq Əhməd Mansurovun sözlərinə görə, əvvəllər bu kimi hallara az rast gəlinsə də, son zamanlar isə demək olar ki, çox adam öz övladından imtina etməyə hazırdır. Səbəb isə odur ki, qadınlar ailə həyatı qurarkən həyatı başa düşmədən evləndirilir və onlarda analıq hissi inkişaf etməmiş olur: “Əgər yadınızdadırsa, bir müddət əvvəl bir ana öz iki yaşlı oğlunu küçəyə buraxmışdı. Səbəb kimi isə imkansız olduğunu göstərirdi. Amma ana nə qədər imkansız olsa da, öz övladından imtina etməməlidir. Bu məsələnin kökündə bir çox problemlər durur. Qızların təhsildən yayındırılması, erkən yaşda ərə verilməsi və ya ailədə düzgün nizam-intizam qaydalarının olmaması sonradan atılmış uşaqların sayının artmasına səbəb olur. Qız 14-16 yaşda ailə həyatı qurursa, onda analıq duyğusu, məsuliyyəti inkişaf edə bilməz”.

Müsahibimiz qeyd edir ki, belə hallar daha çox bölgələrdə baş verir. Erkən evləndirilmiş qızlar uşaqlarından imtina edərək paytaxta qaçır, burada sevgi macəraları yaşayaraq yenidən ana olurlar. “Ana olurlar, ancaq analıq hissinin nə olduğunu başa düşmürlər. Yəni çox zaman atılan uşaqlar arzudan kənar dünyaya gəlir. Əgər valideyni bu qızı erkən yaşda, məcburən evləndirməsəydi, bəlkə onu da cəmiyyətə qazandırmaq olardı”.

Ə.Mansurovun dediyinə görə, bu kimi halların qarşısını almaq üçün qanunlar qəbul olunsa da, cəzalar tətbiq edilsə də, analıq hissini anlamayan qadınları bu cəzalar qorxutmur.

Hüquqşünas Vasif Rzayev isə deyir ki, uşağın ölü doğulması valideyni məsuliyyətdən azad edir: “Əgər uşaq ölü doğulmasaydı, zibillikdə ölsəydi və ya öldürülüb atılsaydı, bu zaman valideyni Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə cəza gözləyə bilər. Və yaxud yoxlama zamanı ölü doğulmuş uşağın meyitinin üzərində hər hansı bir təhqiredici nüans qeyd edilsəydi, bu zaman Cinayət Məcəlləsinin 245-ci (Qəbir üzərində təhqiredici hərəkət Qəbir və ya meyit üzərində təhqiredici hərəkət) maddəsi ilə iki ilədək müddətə islah işləri və ya beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə valideyn məsuliyyətə cəlb oluna bilərdi. Bu vəziyyətdə valideyn hüquqi baxımdan heç bir məsuliyyət daşımır”.
Hüquqşünas deyir ki, bu kimi halların qarşısını ancaq cəmiyyət qınağı ilə almaq olar.

Psixoloq Aydın Əfəndiyev təəssüflə qeyd edir ki, heç bir cəmiyyət bu kimi hadisələrdən sığortalanmayıb. Bu kimi hallar xarici ölkələrdə olduğu kimi Azərbaycanda da baş verir. “Bu, əsasən qanunsuz evliliklər daxilində baş verə bilir. Çünki əgər qadın və kişi rəsmən evlidirsə, onların gizlətməyə heç nəyi olmur. Doğuş prosesi həkim nəzarətində həyata keçirilir və uşaq ölü doğulsa belə qeydiyyata alınır. Bu kimi hallar isə yüngül həyat tərzi keçirən və ya vətəndaş nikahı ilə evli olan qadınlar tərəfindən həyata keçirilir”.

Həmsöhbətimizə görə, bu kimi qadınlarda psixoloji vəziyyət o həddə olur ki, onlar atdıqları addımlarının sonunumüəyyənləşdirə bilmirlər. Bir gecəlik münasibətlər, yüngül həyat tərzi, yaşadığı insanın ondan imtina etməsi qadın psixologiyasını məhv edir. Və belə qadınlar özlərini də, dünyaya gətirdikləri körpələri də dəyərsiz hesab edirlər. “Belə qadınlar depressiyanın son həddini yaşayırlar. Əgər qadın pul üçün bədənini satırsa və uşaq təcavüz sonrası dünyaya gəlirsə, qadın üçün bu halın heç bir əhəmiyyəti olmur. Yəni oldu, bitdi, keçdi. Onlar heç məsələnin məsuliyyətini də anlamırlar. Qadın övladını bətnində daşıyanda onda analıq hissi inkişaf etmirsə, doğulandan sonra da heç bir hiss olmayacaq”.
Psixoloq bildirir ki, belə qadınların psixoloji problemləri böyüdükləri ailələrdən qaynaqlanır. Valideynlərarası mübahisələrin olması, iqtisadi-sosial problemlər, valideyinlərin bir-birinə hörmət etməməsi, qız uşaqlarına yük kimi baxılması, onların arzu və istəklərinin həyata keçirilməməsi, yetərli sevgi görməmə bu qadınların psixologiyasını elə uşaq ikən məhv edir. “Bu gün yaşadığımız problemlərin kökü keçmişə dayanır. Yəni bir fərd öz ailəsinin güzgüsüdür. Necə böyüyürsə, həyata da elə davam edir”.

Onun fikrincə, bu kimi halların qarşısını almaq üçün hər bir valideyn özündə, düşüncələrində dəyişiklik etməlidir. “Ailə dəyəri hər zaman qorunmalıdır. Qız uşaqlarına daha diqqətlə davranılmalı, onların ehtiyacı olduğu qədər sevgi verilməlidir. Çünki qadın cəmiyyətin təməlidir. Qadının psixologiyasında problem varsa, hansısa gələcəkdən danışmaq düzgün deyil”.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir