Çinli müəllimə: “Sizin ölkədə qadınlara dəyər verilir”

Baxış sayı: 1. 562

“Sizin adətləriniz, yaşam tərziniz düşündüyümdən tam fərqli imiş. Azərbaycanın bu qədər inkişaf etmiş, müasir ölkə olduğunu bilmirdim. Çünki Azərbaycan Çinlə müqayisədə xəritədə çox kiçik ölkədir. Düşünürdüm ki, kiçik olduğu üçün insanları az, mühiti isə qapalı olar”.

Bu sözləri bizimlə söhbətində Azərbaycan Dillər Universitetinin çinli müəllimi Ayquli İmamihaci (Aygül İmamhaci) deyir. Həmsöhbətimiz 2 ildir ölkəmizdə yaşayır. Azərbaycan haqqında heç bir məlumatı olmadığı halda, 2 ilə dilimizi mükəmməl şəkildə öyrənib. Çinli qonağımız bizim dildə elə səlis danışır ki, əcnəbi olduğuna inanmaq mümkün deyil.

Azərbaycan qismətim idi…

Müsahibimiz deyir ki, Azərbaycana gəldikdən 3 ay sonra artıq bu dildə ünsiyyət qurmağa başlayıb. Onun sözlərinə görə, dilimizi öyrənməyi qarşısına məqsəd qoyub və heç bir müəllim yanına və ya kursa getmədən internetin köməkliyi ilə məqsədinə çatıb: “Mən burada Çin dilini tədris edirəm. Əgər öz dilimizi azərbaycanlılara öyrədirəmsə, onların da dilini mükəmməl bilməliyəm. Əsl dilçi hansısa ölkədə dil təhsili verirsə, həmin ölkənin dilini mütləq bilməlidir…”

Müsahibimiz ölkəmizə gəlməyinin səbəblərindən də danışdı: “Çində sizin Təhsil Nazirliyi kimi bir qurum var. Bu qurumun əsas vəzifəsi Çin dilini bütün dünyaya öyrətməkdir. Hər ölkədə konfutsi institutları var. Həmin institutlara çinli müəllimlər göndərilir və bu dil tədris edilir. Biz də müəyyən imtahanlardan keçdikdən sonra ölkələrə göndərilirik. Mənim qismətimə Azərbaycan düşdü. Bu ilin may ayından Dillər Universitetində konfutsi institutu açılacaq. Həm tələbələrə dərs keçiriləcək, həm də Çin dilini öyrənmək istəyənlər bu kursdan yararlana biləcəklər”.

Mehriban, qonaqpərvər, qayğıkeş, şirindil…

Müsahibimiz deyir ki, Azərbaycan haqqında tez-tez xəbərlərdən eşitsə də, bu ölkə haqqında məlumatı olmayıb: “Xəbərlərdə Azərbaycan adlı ölkə olduğunu eşitmişdim. Amma necə ölkə olduğunu bilmirdim. Bura gələndə çox təəccübləndim. Çünki mənim təsəvvür etdiyimdən tam fərqli idi. Özbək, qırğız, tacik tələbələrə dərs keçmişəm. Amma azərbaycanlılar haqda heç bir məlumatım olmayıb. Sizin adətləriniz, yaşam tərziniz düşündüyümdən tam fərqli imiş. Azərbaycanın bu qədər inkişaf etmiş, müasir ölkə olduğu ağlıma gəlmirdi. Xüsusilə dilinizin bu qədər gözəl olduğunu bilmirdim”.

Ayquli deyir ki, azərbaycanlılar qonaqpərvər və qayğıkeşdirlər. Xüsusilə qonşu münasibətlərindəki mehribanlıq onu təəccübləndirib: “Azərbaycanda ən çox xoşuma gələn cəhət bayramların gözəl keçirilməsidir. Novruz bayramı Çində də var. Amma bu bayram sizdə çox gözəl qeyd edilir. Bizim bir gün keçirdiyimiz bayram sizdə bir ay davam edir. Kiçik ölkə olsa da, milləti qonaqpərvər və mehribandır. Məsələn, mən təzə gəlmişdim, bir azərbaycanlı tələbə soruşdu ki, müəllimə, çinlilərin hamısı sizin kimi mehribandır? Bu söz o qədər xoşuma gəlmişdi ki… Mən də 2 ildir burdayam və düşünürəm ki, azərbaycanlıların hamısı mehriban və şirindillidir. Adi taksi ilə harasa gedəndə, məni getdiyim ünvana təhvil verməyənə qədər əl çəkmirlər. Fikirləşirlər ki, əcnəbiyəm, birdən ünvanı tapmaram”.

“Burada qadınlara dəyər verilir”

Müsahibimiz deyir ki, Azərbaycanda gənclər öyrənməyə meyillidirlər. Onun sözlərinə görə, azərbaycanlı tələbələrin dil götürmək qabiliyyəti digərləri ilə müqayisədə çox yaxşıdır: “Çin dilinin qrammatikası çətindir. Amma sizin tələbələr rahatlıqla öyrətdiklərimi mənimsəyirlər. Zəngin diliniz var. Sözlərin qarşılığını tapmaq asandır. Hətta mən Çində müəllimlərə də yazdım ki, azərbaycanlı tələbələrə Çin dilini öyrətmək çətin deyil. Məni təəccübləndirən tələbələrin dili tez qavramasıdır. Sizin tələbələrə nəyisə izah etmək rahatdır”.

Gənc müəllimin ölkəmizdə diqqət etdiyi məsələlərdən biri də qadınlara xüsusi hörmət edilməsidir: “Avtobusda və ya metroda yer vermək məsələsinə çox diqqət etmişəm. Bu, bizim mədəniyyətdə də belədir. Yaşlılar otağa birinci girir, yaşlını görəndə azyaşlı ayağa durub yer verir. Amma sizdə qadınlara xüsusi hörmət edilir. Neçə dəfə metroda özümdən yaşlı birinə yer vermişəm, məni ayağa qalxmağa qoymayıb ki, “sən qadınsan”. Yaxud marketdən əlində çantalarla çıxanda “xanım kömək lazımdı?” deyə soruşurlar. Sizin ölkədə qadınlara dəyər verilir”.

Xarici böyük, zahiri uşaq olan gənclik

Çin gəncliyi ilə Azərbaycan gəncliyi arasındakı fərqlərə gəldikdə, həmsöhbətimiz deyir ki, azərbaycanlılar pozitiv, şən və uşaq kimidirlər: “Çinlilər xarici görünüşcə cavan görünürlər. Məsələn, bizim yaşımızı heç vaxt düzgün təyin edə bilmirlər. Azərbaycanlı gənclər isə yaşlarından böyük görünürlər. Amma daxillərində əsl gənclik yatır. Çin millətinin xasiyyəti ağırdır. Çox ciddi olurlar. Amma sizin tələbələrə baxıram, hələ də uşaqdırlar. Çində də xarici millətin nümayəndələrinə dərs demişəm. Onlar da çinlilərə nəzərən şən, deyib-gülən olur, amma Azərbaycan gəncləri qədər şən deyillər”.

Çinli qonağımız Azərbaycan mətbəxini sevir. Hətta bizim mətbəxin yeməklərindən Çində də bişirir: “Ləziz mətbəxiniz var. Xüsusilə yarpaq dolması və üçbacını sevirəm. Üçbacını Çində də ailəmə öyrətmişəm, tətildə onlara bişirirəm, çox xoşlarına gəlir. Buranın adamları bizə nisbətən cüssəli, bədənli olduğu üçün elə bilirdim ki, sizdə xəmir yeməkləri çox yeyilir. Amma gördüm ki, həqiqətən fərqli və dadlı yeməkləriniz var. Mətbəximizin oxşar cəhəti odur ki, hər iki ölkədə düyü çox sevilir”.

Çində sevilən “Sarı gəlin”

Müsahibimiz sonda vurğuladı ki, son bir ildə Azərbaycan Çində tanınmağa başlayıb: “Çində azərbaycanlıları tanımırdılar. Amma son bir ildə, xüsusilə Avropa Oyunlarından sonra sizin ölkə Çində daha çox tanınmağa başlayıb. Avropa Oyunları canlı yayımlananda atam mənə zəng vururdu ki, sənin ölkəni görürük. Oyunlardan sonra mədəniyyətiniz daha çox tanınmağa başladı. Məsələn, sizin möhtəşəm “Sarı gəlin”, “Ayrılıq” kimi mahnlarınız var. Mən onu ilk dəfə Sami Yusifdən eşitmişdim. O vaxta qədər Azərbaycan mahnısı olduğunu bilmirdim. Sonra Azərbaycan dilində həmin mahnıya qulaq asdım, çox xoşuma gəldi. Hətta onu həm Çin, həm Azərbaycan dilinə tərcümə edib tələbələrə tədbirdə oxutdurdum. “Sarı gəlin”dən sonra mən Azərbaycan mahnılarına qulaq asmağa başladım. Beynəlxalq oyunlardan sonra “Sarı gəlin”, “Ayrılıq” mahnıları artıq Çində Azərbaycan dilində oxunmağa başlandı. Azərbaycana gəldiyim il Çin dilini öyrənmək istəyənlər az idi. Gənclərin Çinlə bağlı düşüncələri çox dayaz idi. Çin dilini çətin dil hesab edirdilər. İndi isə belə deyil. Çin dilini öyrənmək istəyənlərin sayı artır. Bununla həm iki ölkə arasındakı əlaqələr yaxşılaşır, həm də bir-birimizin mədəniyyətini öyrənirik”.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir