Uşaqlara vətənpərvərlik hissi necə aşılanmalıdır?

Baxış sayı: 5. 203

Cəbhədə bir neçə gün ərzində gedən döyüşlər xalqımızın böyük ruh yüksəkliyinin olduğunu göstərdi. Həm də onu gördük ki, vətən üçün təkcə oğullarımız deyil, yaşından asılı olmayaraq hər bir vətəndaşımız canından keçməyə hazırdır. Bu da onu göstərir ki, azərbaycanlılarda vətənpərvərlik hissi güclüdür.
Bəs bu günün uşaqları necə, vətənpərvər ruhda böyüyürmü? Uşaqların vətənpərvər ruhda böyüməsi kimdən asılıdır? Bağça, məktəb, yoxsa valideyn burada əsas rol oynayır? Vətənpərvərlik hissi necə aşılanmalıdır? Bu yazımızda bu və ya digər suallara cavab tapmağa çalışacağıq. Bağça müəlliməsi Saimat Məmmədxanova qəzetimizə açıqlamasında bildirdi ki, onlar uşaqlara ilkin vətənpərvərlik hissinin aşılanması üçün müxtəlif üsullardan istifadə edirlər: “Biz gündəlik olaraq dərslər çərçivəsində uşaqlara vətənpərvərlik hissini çatdırmağa çalışırıq. Vətənpərvər mövzuda mahnılar öyrədirik, Himnimizi hər gün bir dəfə uşaqlarla oxuyuruq, milli atributlarımızın şəkillərini çəkirik, onlar haqqında məlumat veririk”.

“Vətən haqqında ilkin biliklər bağçada öyrədilməlidir”
S.Məmmədxanova deyir ki, son günlər cəbhədə gedən döyüşlərlə əlaqədar uşaqların vətənpərvər ruhda olması üçün daha çox iş görməyə çalışıblar: “Məsələn, bu günlərdəki proseslərdən dolayı dərsə başlamamış “Əsgər marşı”, himnimiz, Qarabağa aid mahnılarımızı oxuduq, şəhidlərimizi bir dəqiqəlik sükutla yad etdik. Daha sonra onlara informasiya verməyə başladıq. Uşaqlar hazır gəlmişdilər. Sevindik ki, valideynlər uşaqları məlumatlandırıblar. Azərbaycan xəritəsini göstərdik. Orada işğal olunan torpaqlarımızı göstərib, ermənilərin bizdən oğurluq etdiyini dedik. Çünki uşaq işğal nə olduğunu bilmir. Biz onlara başa düşəcəyi şəkildə izah etməyə çalışırıq ki, indi rahat gəzməyimizə səbəb əsgərlərimizdir”.
S.Məmmədxanova uşaqlarda vətənpərvərlik hissinin yüksək olduğunu deyir: “Oğlanlar öz aralarında danışırlar ki, biz əsgər gedəcəyik, qızlar da həkim olsunlar. Biz döyüşdə yaralananda onlar bizi sağaltsınlar. Burada 50 faiz iş evdəkilərin, 50 faiz isə bağçanın üzərinə iş düşür. Evdə bu hiss aşılanmasa, bağçada bir az çətin olur. Çünki vətənpərvərlik hissi həm də ailədən gəlməlidir. Uşaq bağçadan çox, anadan aldığı informasiyanı ürəklə həzm edir”.
S.Məmmədxanova onu da bildirdi ki, vətən haqqında ilkin biliklər bağçada öyrədilməlidir ki, zamanla uşaqların yaddaşına həkk olunsun: “Prezidentimiz, eks prezidentlərimiz haqqında uşaqlara məlumat veririk. Qəhrəmanlarımızın, işğal olunan torpaqlarımızın adlarını yavaş-yavaş öyrədirik. Çünki bağça yaşında öyrədilsə, uşaq məktəb yaşına çatanda artıq dövləti, vətəni haqqında müəyyən biliklərə malik olur”.

“Torpağımızın çiçəklərindən tutmuş, heykəllərinə qədər uşaqlara məlumat verin”
İbtidai sinif müəlliməsi Təranə Əliyeva deyir ki, vətənpərvərlik hissi uşağa məktəbə qədər aşılanmalıdır: “Lap kiçik yaşlardan başlamaq lazımdır. Məsələn, uşaq ana sözü deməyə başlayanda. 2-3 yaşdan sonra uşaqlar çox sual verirlər, hər şeylə maraqlanırlar. Onların suallarını heç vaxt geri çevirmək olmaz. Nə sual verirlərsə, onun yaşı səviyyəsində cavab vermək lazımdır. Torpağımızın çiçəklərindən tutmuş, heykəllərinə qədər məlumat vermək lazımdır. Ən azı Şəhidlər Xiyabanının yanından keçəndə qəhrəmanlar haqqında danışsınlar. Uşağın ilkin qəhrəmanlıq bilikləri nağıllarla bağlı olur. Uşaqlara nağıllarla müqayisəli şəkildə qəhrəmanlarımız haqqında da danışmaq lazımdır”.
T.Əliyeva deyir ki, məktəbdə vətənpərvərliyi aşılamaq üçün ilk növbədə şagirdlərə vətənin sərvətləri, milli atributları haqqında məlumat verirlər: “Sərvətlərimiz haqqında danışırıq. Bizim nəyimiz var, nəyimiz yoxdur? Başqalarında nə var, bizdə yoxdur, yaxud bizdə nə var ki, başqalarında yoxdur? Bayatılar öyrədilir. Amma əsas onu aşılayırıq ki, ən quru torpağım da mənim üçün əzizdir. Çünki orada bizim ata-babalarımız, əcdadlarımız doğulub”.

“Nənələr-babalar vətənpərvərliyi analardan çox aşılayırlar”
T.Əliyeva bildirdi ki, uşaqlara vətənləri barədə məlumatlar yaradıcı formada çatdırılanda daha effektli olur: “Biz təkcə nəzəri bilik vermirik, yaradıcı olaraq onlara vətənpərvərliyi aşılamağa çalışırıq. Nəzəri biliklər darıxdırıcı ola bilər. Bu onların yaddaşında o qədər də qalmaya bilər. Yaradıcı tapşırıqlarla isə onlar daha çox vətənpərvərlik hissinə köklənirlər. Adi bayraq, ev şəkli üzərində onlara vətənpərvərliyi aşılamaq olar. Vətəni sevib, qorumağı biz onlara zamanla aşılayırıq”.
T.Əliyeva onu da bildirdi ki, nənə-baba yanında böyüyən uşaqlarda vətənpərvərlik hissi daha çox olur: “Bəlkə evlərdə onlara vətənpərvərlik istiqamətində daha çox söhbət edirlər. İndiki valideynlərin başı çox qarışıq olduğu üçün uşaqlara az vaxt ayrırılar. Bir də bağçadan gələn uşaqlar evdən, ana-dayə yanından gələnlərdən çox seçilir. Uşaqların bağçaya qoyulmasının tərəfdarıyıq. Yaxud da ki, uşağı savadlı dayələrə etibar etsinlər. 25 ilin müəlliməsiyəm, ən çox nənə-babalara minnətdaram. Nənələr-babalar uşaqları ərköyün etsələr də, vətənpərvərliyi analardan çox aşılayırlar”.

Körpənizin ilk sözü “vətən” olsun
Psixoloq Gülnarə Əliyeva deyir ki, vətənə məhəbbət körpəlikdən, beşikdə ananın dediyi layladan, söylədiyi nağıllardan başlayır. Uşaqlara vətən sevgisi aşılamaq üçün həm də valideynlər o ruhda olmalıdırlar: “Dinimizi, dilimizi, tariximizi, mədəniyyətimizi bilməliyik ki, uşaqlarımıza da aşılayaq. Dinimizi qorumaq rahat, toplu şəkildə ibadət etmək üçün azad dövlətdə sahib olmalıyıq. İnsanın öz dilində ən rahat danışdığı, özünü ən rahat ifadə etdiyi ərazi onun dövlətidir. İllərdir formalaşan, ata-babalarımızın qoruduğu mədəniyyəti qorumaq bizim borcumuzdur. Vətən sevgisinin təməli tariximizi, keçmişimizi bilməyimizdən başlanmalıdır. Ulu babalarımızın bizə qanı, canı bahasına yadigar qoyduğu bu torpaqları qorumaq bu gün bizim, sabah övladlarımızın borcudur”.
Psixoloq deyir ki, evdə, ailədə davranış və danışıqlarımızla nümunə olmalıyıq. Daha sonra bağça, məktəb, universitet, iş həyatı və ömür boyu davam etməlidir. Çünki vətəni sevmənin yaşı, cinsi, məkanı yoxdur: “Hər şərtdə, hər şəraitdə vətənə sədaqətlə bağlı olmalı və uşaqlara da bunu aşılamalıyıq. Dili söz tutmayan körpəmizə çalışıb ilk sözünü “vətən” dedizdirməliyik. Zamanla bayrağımızı onda olan rəngləri, simvolları izah etməliyik, şeirlər əzbərlətməliyik”.
G.Əliyeva deyir ki, vətən üçün gözümüzü belə qırpmadan ölümə getməyə hər an, hər dəqiqə hazır olmağı da uşaqlara öyrətmək lazımdır. Amma burada uşaqlara qəhrəmancasına ölümün nə olduğunu savadlı, şüurlu şəkildə başa salmaq lazımdır ki, “ucuz qəhrəmanlıqlar” etməsinlər: “Biz uşaqlarımıza başa salmalıyıq ki, vətənə xidmət yalnız cəbhədə olmur. Savadlı bir həkim, mühəndis və ya siyasətçi olmaq və vətən uğrunda işlər görmək, arxa cəbhədə vətən üçün çalışmaq da vətənpərvərlikdir. Vətən olmadan bir millətin ayaqda dayanması mümkün deyil. Bir millətin var olması, həyatını davam etdirə bilməsi ancaq vətəninə sahib olmasıyla mümkündür”.

Böyük psixoloji qələbə
“Gənc Psixoloqlar” İB-nin sədri, psixoloq Orxan Oruc isə bildirdi ki, ölkəmizdə son günlər baş verən hadisələri analiz edərkən, ayrı-ayrı vaxtlarda cəmiyyətimizin müxtəlif baxışlı üzvləri kimi davranan, bəzən fərdi məqsədlərini ümumi cəmiyyət məqsədlərindən üstün tutan insanların da bir amal ətrafında heç bir tərəddüd etmədən birləşməsi qürurverici və tariximiz üçün unudulmaz bir həmrəylikdir: “Bu hadisə eyni zamanda, yeni nəsil üçün də bir qan yaddaşına çevrildi. Öz təhlükəsizlik tələbatını ödəmək üçün fərdlər bir məqsəd ətrafında birləşə bilirlər. Cəbhə xəttində baş verən döyüşlərin şiddətlənməsi, real təhlükə şəraiti yaratması, eyni zamanda illər öncə təhlükəsizlik tələbatının tam ödənilə bilməməsi nəticəsində qan yaddaşımızda qalmış milli özünü təsdiq ehtiyacı üçün real şəraitin yaranması kütləvi vətənpərvərlik hissinin ən yüksək zirvəsinin yaşanılmasını labüd edirdi. Düşünürəm ki, bunun özünü böyük psixoloji qələbə hesab etmək olar”.

Aygün Asimqızı




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir