Suriyalı tələbə: “Bir dəfə satıcı onu anlamadığımı görüb məndən çox pul almışdı”

Baxış sayı: 1. 608

“Ölkəniz haqqında heç bir məlumatım yox idi. Azərbaycanı Ukrayna kimi təsəvvur edirdim. Gələndə həqiqətən bəyəndim. Bakını çox sevirəm. Mahnıda da deyildiyi kimi, “Bakı gözəl şəhər, mehriban diyar”dır… O qədər doğmadır ki, insan özünü yad ölkədə hiss etmir. Bir il burada yaşadıqdan sonra Türkiyəyə, Dubaya getdim, hətta yaşadığım ölkənin paytaxtı belə mənə Bakı qədər sirli və təsirli gəlmədi”.

Bu sözləri bizimlə söhbətində suriyalı tələbə Al Yaseen Samee dedi. Həmsöhbətimiz Azərbaycan Texniki Universitetində Kompyuter mühəndisliyi fakültəsində təhsil alır. Suriyalı olsa da, uşaqlıqda ailəsi ilə birlikdə Səudiyyə Ərəbistanına köçüblər. Orta məktəbi bitirdikdən sonra ali təhsil alması çətinlik yaradıb. Öz vətənində təhsil almaq istəsə də, Suriyada müharibə şəraiti buna imkan verməyib. Atasının dostunun təkidi ilə Azərbaycanda təhsil almaq qərarına gəlib: “Məktəbi bitirdikdən sonra universitetə qəbul olmalı idim. Suriyadakı məlum vəziyyətə görə, ora qayıda bilməzdim. Səudiyyə Ərəbistanında isə əcnəbi tələbəni dövlət universitetinə qəbul etmirlər. Atamın dostu atama dedi ki, Azərbaycanda vəziyyət çox yaxşıdır. Əvvəlcə Tibb Universitetinə qəbul oldum. Çünki atam həkim olmağımı istəyirdi. 3 il Tibb Universitetində oxuduqdan sonra başa düşdüm ki, mən həkim olmaq istəmirəm və sənədlərimi Texniki Universitetə, arzuladığım fakültəyə verdim”.

“Dva nəfər çıx…”

Hər əcnəbi kimi Samee də ölkəmizdə dili bilmədiyi üçün çətinlik çəkib. Bir neçə dəfə çətinliklərlə mübarizə apardıqdan sonra Azərbaycan dilini öyrənməyi qarşısına məqsəd qoyub: “İlk dəfə dillə bağlı çox çətinliyim olurdu. Mağazadan heç nə ala bilmir, fikrimi izah edə bilmirdim. İşarələrlə nə istədiyimi çatdırırdım. Hətta bir dəfə satıcı onu anlamadığımı görüb məndən çox pul almışdı. Dil problemi avtobusda da məni gülünc vəziyyətə salırdı. “28 mall”a getmək istəyərkən, “20 Yanvar”da mall axtardığım günlərə indi özüm gülürəm. “20 Yanvar”dakı taksilərdən ingilis dilində “28 may”ı soruşurdum. Bir dəfə marşrutda sürücüyə pul verərkən “dva nəfər çıxın” dedim və sürücüylə yanaşı, ətrafdakılar da bu sözümə güldülər. Bu səbəbdən Azərbaycan dilini öyrənməyi qarşıma məqsəd qoydum”.

“Əlifbanı öyrəndim”

6 ay müddətinə Azərbaycan dilində tam sərbəst danışmağı isə ona həmyerlimiz öyrədib: “Azərbaycan dilini elə ölkəyə gəldiyim il öyrənməyə başladım. 2011-ci ildə turla Qəbələyə getmişdim. Bir il idi ki, Azərbaycanda idim. Avtobusda azərbaycanlı qızla tanış oldum. İngilis dilində danışırdım, amma o danışa bilmirdi. Mən də Azərbaycan dilində çox az söz bilirdim. Qız dedi ki, “sən mənə ingilis dilini öyrət, mən də sənə Azərbaycan dilini”. Sonra onunla təxminən 6 ay danışdıq. Mənimlə ancaq Azərbaycan dilində danışırdı. O mənə sıfırdan Azərbaycan əlifbasını, dilini öyrətsə də, mən ona ingilis dilini öyrədə bilmədim. O qıza minnətdaram”.

Samee ölkəmizi çox sevir. O, burada olduğu müddətdə Azərbaycanı qarış-qarış gəzib: “Gedəcəyim rayonları, şəhərləri xəritədə seçirəm. Baxıram və qərar verirəm ki, həftəsonu bu rayona getməliyəm.Təbiət vurğunuyam, təbiəti seyr etmək üçün səfalı rayonlara gedir, şəkillər çəkirəm. Gəncə ilə Lənkərandan başqa bütün rayonlarda olmuşam. Bu ikisinə bu yay gedəcəm”.

“Tələbənin yeməyi dönərdir”

Samee mətbəximizin təamlarını çox sevir. Kababla dolma isə onun qida rasionunda önəmli yer tutur: “Dadlı yeməkləriniz var. Xüsusilə kabab və dolmanı çox sevirəm. Kababı bizim ölkədə də bişirirlər. Amma sizdə dadlı və fərqli olur. Ümumilikdə isə tələbənin məşhur və müasir yeməyi dönərdir…”

İki ölkə arasında fərqlərə gəldikdə, müsahibimiz deyir ki, Azərbaycan kifayət qədər inkişaf etmiş ölkədir: “Sizin gənclər Suriyadakı gənclərdən olduqca müasirdir, daha sərbəstdir. Suriyada qızla oğlan çöldə rahat gəzə bilməz. Xüsusilə qızlar çox qapalı olur. Sərbəst deyillər. Bundan əlavə, sizin toylar çox fərqlidir. Bizim adət-ənənəyə görə, evi oğlan almalıdır, sizdə isə toydan sonra oğlanın qızın ailəsinin aldığı evdə yaşamasına normal baxılır. Bizdə bu, ayıb sayılır. Əksinə, bizdə ailə quranda qızın ailəsinə mahır, nişan olanda müqəddəm, ayrılanda muaxxır (hər üçü müəyyən məbləğdə puldur – red.) verirlər”.

“Müəllimlər səbirlidir”

Müsahibimiz deyir ki, azərbaycanlılar, xüsusilə də təhsil aldığı universitetin müəllimləri əcnəbilərə qarşı çox səbirlidirilər: “Ümumiyyətlə, azərbaycanlılar çox qonaqpərvərdir. Evinə gələn qonaq üçün dəridən-qabıqdan çıxırlar. Xaricdən gələn insanı da eynilə elə qarşılayırlar. Universitetdə dərslərimiz asan deyil. Müəllimlər çox tələbkardır, amma bir o qədər də səbirlidirlər. Elə qonaqpərvər və isti münasibətinizə görə, Azərbaycan mənə vətənim kimi əzizdir”.

Aygün ƏZİZ




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir