İxtisara düşəndən sonra 40 milyard qazanan arvadbaz dahi

Baxış sayı: 1. 433

O, bir zamanlar ABŞ-ın bir nömrəli şəhəri sayılan Nyu-Yorkun meri olub. Çox gözlənilsə də, payızda ABŞ-da keçiriləcək prezident seçkilərində iştirak etməyəcəyini bəyan edib. Nə az, nə çox, düz 40 milyard dollar sərvəti var. O, “Genesis”  və Yəhudi Agentliyi (“Soxnut”) tərəfindən təsis olunan “Yəhudi Nobel” mükafatına layiq görülüb. Bu mükafat yeni yəhudi nəslinin yetişməsi, onların ruhlandırılması istiqamətində fəaliyyət göstərərək həqiqi nailiyyət əldə edənlərə verilir. Maykl Blumberq də o şəxslərdəndir.

Maykl Blumberq 14 fevral 1942-ci ildə Bostonda anadan olub. Atası süd fermasında mühasib, anası evdar xanım olub. Blumberqlər əslən yəhudidirlər. Lakin onların kökük əsil-nəcabətli Böyük Britaniya, Almaniya yəhudi ailələrinə gedib çıxmır. Onların nəsli Belarusdandır.

Maykl Blumberq yaxşı oxuyan şagird olmayıb. Orta təhsilinin ilk illərini sadəcə yola verib. Amma sonradan dönüş üçün özündə güc tapır və ali təhsilini Con Hopkins Universitetində alır. Həmin vaxt xərclərini ödəmək üçün, yanacaq doldurma məntəqəsində işləyir. 1964-cü ildə Con Hopkins Universitetindən elektrik mühəndisi ixtisası üzrə məzun olur. Bu hələ başlanğıc idi. Cəmi iki il sonra Blumberq nüfuzlu Harvard Universitetinin məzunu olur. Burada o, MBA diplomu alır. MBA dərəcəsi aldıqdan sonra maliyyə məsələləri ilə məşğul olan “Salomon Brothers” kompaniyasına işə düzəlir. Burda çox qısa müddət ərzində özünə karyera qurmağı bacarır. Az müddətdən sonra şirkətin  bərabər hüquqlu ortağına çevrilir (bunun əvəzində o səhmlərin bir hissəsini alır) və informasiya sistemləri üzrə rəhbər vəzifəsinə təyin edilir.

İxtisar!

“Salomon Brothers” neft, metal və fərqli kənd təsərrüfatı məhsullarının satışı ilə məşğul olan “Phirbo” şirkətiylə birləşdikdən sonra Blumberqin adı ixtisar siyahısına düşür. İş yerinin itirilməsi Blumberqi heç də depressiyaya salmır. Əksinə, bu, ona stimul verir və onun qarşısında yeni imkanlar açdı. Maykl harada pul qazana biləcəyini anlayır və onda möhkəm əminlik yaranır. Bunun üçün lazım olan başlanğıc kapital onda var idi. Belə ki, “Salomon Brothers” in əlində olan səhmlərini satmaq lazım idi. Onların dəyəri isə bir neçə milyon dollara yüksəlmişdi. Blumberqin ideyasına gəlincə,  o müxtəlif kompaniyalara maliyyə ilə bağlı informasiya xidməti təklif etmək istəyirdi. Öz şirkətini –“Innovative Market Systems”I  yaradır. Başlanğıc kapitalı 10 milyon dollar olan şirkətə “Salomon Brothers”dən özü kimi ixtisar edilən işçiləri dəvət edir. Həmin ərəfədə bazarda sektorun lideri “Reuters” agentliyi idi. Lakin kütləvi kompüterləşmə epoxası yetişmişdi. Sadəcə bu texnoloji inqilabı öz xeyrinə istifadə etməyi bacarmaq, ondan maksimal dərəcədə fayda götürmək lazım idi (burada qeyd etmək lazımdır ki, “Reuters” heç də yüksək texnologiyalardan tamamı ilə uzaq bir şirkət deyildi, əks təqdirdə agentlik bu gün də öz işini müvəffəqiyyətlə davam etdirə bilməzdi – red.). İdeya müxtəlif şirkətlərə işgüzar informasiya, o cümlədən maliyyə ilə bağlı xidmətlər təklif etməkdən ibarət idi. Bunu həmin dövrdə fəaliyyət göstərən digər şirkətlərdən fərli olaraq, xaotik şəkildə deyil, sistemli şəkildə cari trendləri qeyd etməklə həyata keçirmək lazım idi. Şirkətin ilk müştərisi investisiya bankı “Merrill Lynch” olur. “Merrill Lynch” kimi məşhur qurumun yeni yaranmış, iş təcrübəsi olmayan şirkətlə necə müqavilə imzalamasına gəlincə, bu, biznes tarixinin ən böyük əfsanəsi sayılır. Belə ki, Mayklın şəxsən bankın ofisinə getdiyi  və şirkətinin biznes-planını rəhbərliyə təqdim etdiyi deyilir.

Sirr ondadır ki, Maykl banka əvvəlcə pilot versiyanı göstərmişdi. Yəni, demək olar ki, gələcək məhsulu təsvir etmişdi. “Innovative Market Systems”i sınaqdan keçirən bank bu yeni layihəyə heyran olur. Çünki sistem fond birjasından məlumatları sürətlə toplaya bilirdi. Beləliklə, Mayklın ilk müştərisi və investoru meydana çıxır. “Merrill Lynch” 30 milyon dollar ödəyərək “Innovative Market Systems” şirkətinin səhmlərinin 20 faizini alır. Bu kapital Blumberqə gərəkli olur. Böyük pullara doğru gedən yolun qapısı onun üzünə açılır. 1986-cı ilə o şirkətini “Bloomberg L.P.” adlandırır. Bu gün  Maykl Blumberqin imperiyasına “Bloomberg Markets”, “Bloomberg BusinessWeek”, “Bloomberg.com”, “BusinessWeek.com”, “BloombergRadio”, “BloombergTV” kimi bütün dünyanı maliyyə xəbərləri ilə təmin edən kompüter şəbəkəsi daxildir. 2008-ci ildə o şirkətin səhmlərinin 20 faizini “Merrill Lynch”dan alır. Hazırda səhmlərin 88 faizi Maykılın  özünə məxsusdur. “Bloomberg“in 130 ölkədə bürosu, 15 min nəfər işçisi var. İş adamı  “Forbes”in siyahısında 8-ci sırada yer alır və onun sərvəti 40 milyard dollardır.

Nyu-York meri

M. Blumberq 12 il Amerikanın ən böyük şəhərinin sahibi olur. Belə ki, o, 2001-ci ildə Nyu-Yorkun meri seçilir. Belə yüksək postu əldə etməsində iki faktor rol oynayıb.  Əvvəla, M.Blumberq öz reklam kampaniyasını aparmaq üçün yaxşı maliyyə imkanlarına sahib idi. Hesablamalara əsasən, o, mer seçkilərindəki  təbliğatına 74 milyon dollar xərcləyib. İkinci səbəb isə odur ki, Mayklı  özündən əvvəlki mer – Rudolf Culianin dəstəkləyirdi. İş adamının mer kimi 12 illik fəaliyyəti müxtəlif cür qiymətləndirlir. Bəziləri onu tənqid, bəziləri təqdir edirlər. Amma bir həqiqət var: o da Maykl Blumberqin mer olduğu dövrdə Nyu-Yorkun Amerikanın ən zəngin şəhərinə çevrilməsi və yaşam səviyyəsinin yüksəlməsidir.

Arvadbaz milyarder

Kifayət qədər yaraşıqlı olan iş adamı 1976-ci ildə Süzan Braunla evlənib. Lakin bu evlilik 1993-cü ildə bitib. Səbəb kimi də onun qadınlara aludəçiliyi göstərilir. Mayklın Süzan Braunla evlilikdən Emma və Georgina adlı iki qızı var. Blumberqin sevgi macəralarına gəlincə, bu mövzuda yalnız bir sual hər kəsi maraqlandırır: bu qədər iş-gücün arasında Maykl eyş-işrətə necə vaxt tapıb? M.Blumberqin sevgililərinin siyahısına diva Diana Ros, model Marissoy Berenson, həmçinin rəqqasə Anna Rankinq daxildir. Hazırda 72 yaşlı iş adamı, maliyyəçi Diana Teylorla vətəndaş nikahında yaşayır.

İş adamı, siyasətçi Maykl Blumberq hərbi xidmətdə olmayıb. Harvardı bitirdikdən sonra əsgərliyə gedib Vyetnamda döyüşməyə cəhd edir. Lakin səhhətini əsas gətirib onu hərbiyə qəbul etmirlər. Nəzərə çatdıraq ki, İkinci Dünya müharibəsi dövründə Blumberqin atasının da hərbiyə qəbulla bağlı müraciətinə rədd cavabı verilmişdi.

Biznes haqqında məsləhətlər

Bir çox iş adamları kimi Blumberq də hesab edir ki, insan sevdiyi işlə məşğul olmalıdır. Maykl Blumberq işdə yüksəlmək və müvəffəqiyyət qazanmaq istəyənlərə öz həyatından nümunələrlə tövsiyələr verib: “Sevmədiyi işlə məşğul olub, çörəkpulu qazanan insanlara acıyıram. Əgər davamlı olaraq işləyirsinizsə, bunun üçün  oyaq qalırsınızsa, uğur şansınız artır. Daim addım atıram. Çox vaxt hər şeyi özüm edirəm. Əlimi işə bulaşdırmaqdan çəkinmirəm. Siz hətta qərarlı insan olsanız belə uduzmağı bacarmalısınız. Qətiyyən pis bir işdə çalışdığımı düşünmürəm. Həyatımda da sadəcə 2 pis günüm oldu: anamın və atamın öldüyü gün. Bunlardan daha pis nə ola bilər ki?!  Əgər siz və ailəniz sağdırsa, gerisi mənasızdır”.

Çox çalışın

Blumberq: “Əgər müvəffəqiyyətin bir açarı olsaydı, o da çox çalışmaq olardı. “Salomon Vrothers”də işləyəndə ofisə ilk gələn həmişə mən olurdum. İkinci gələn isə Barney Salomon idi. O hansısa oyunun nəticələrini öyrənmək istədikdə, ya da alışqana ehtiyacı olduqda, yanıma gəlib mənimlə danışardı. Bu iş olsa da, tez gəlməyim sayəsində qazandığım fərqlilik idi. Ona görə növbəti səviyyəyə keçə bilmək üçün işə tez gedin, gec çıxın və rəqiblərinizi ötün”.

Həqiqi hədəflər müəyyənləşdirin

Blumberq: “Heç biriniz Mark Zuckerberq olmayacaqsınız. Ona görə həqiqi xəyallar qurun”.

İşinizi sevin

Blumberq: “Əgər hər səhər oyananda gördüyünüz işə nifrət edirsinizsə, o işi atın və başqa bir şey edin. Nifrət etdiyiniz işi etməkdən daha pis heç nə olmaz və belə bir işdə daha yaxşı olmaq şansınız yoxdur”.

Çalışaraq, çətinlik çəkərək özünüzü inkişaf etdirin

Blumberq: “Əgər qarşıma “Keçən həftə xərçəngə çarə tapdım”, “2 həftə öncə möhtəşəm bir Amerika romanı yazdım” və “keçən ay Orta Şərqə sakitlik gətirdim” kimi xəbərlərlə gələn olsa, gözlərim çaşar. Amma kimsə gəlib “Atam heç yanımda olmadı, anam xərçəngdir, mən də Mc Donald’sda 5 növbə işləyirəm” desə o insanı işə qəbul etməyi seçərəm. Çünki şəxsən, heç kəsdən dəstək almadan bu nöqtəyə gələn biri kimi, biz  çalışqan, əzmli və çətinliklərlə mübarizə aparmağı bacaran birinə akademik  müvəffəqiyyətləri olandan daha üstünlük veririk”.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir