Onu ərə verəndə 15 yaşı təzəcə tamam olmuşdu. Fikrində yalnız məktəbi qurtarmaq, tanıdığı qızlardan fərqli olaraq ali təhsil almaq, həyatda özünü təsdiq etmək idi. O, məhz bu arzularla yaşayır, böyüyürdü. Amma bir gün bütün bu arzuları məhv oldu. Bundan sonra o nə məktəbi bitirəcək, nə ali təhsil alacaq, nə də istədiyi mövqe tuta biləcəkdi. O, fərqlənmək istədiyi həmin qızlardan biri olacaqdı. Sıradan bir evdar qadın. Kəmalə (bütün adlar şərtidir – X. M) Masallı rayonunun X. kəndində (kəndin adı gizli saxlanılır) anadan olub, elə oradaca yaşayırdı. Tezliklə məktəbi qurtarıb Bakıya gəlmək və burada institutların birində təhsilini davam etdirmək fikrində idi. Amma yuxarıda qeyd etdiyimiz kimi, onun bu arzusu gözündə qaldı.
Bir gün evə qayıdanda onu qonşuluqda yaşayan özündən 10 yaş böyük Samirlə nişanladıqları xəbərini eşitdi. Onun razılığını almadan, fikrini belə soruşmadan. Artıq edəcək heç nə qalmamışdı. Babalar işi düzüb qoşmuşdular. Sevginin, ailənin nə olduğunu bilməyən Kəmalənin “əmrə” tabe olmaqdan, bu qərara boyun əyməkdən başqa əlacı yox idi. Doğru-düzgün tanımadığı, heç üzünə də baxmadığı Samirə ərə getməli idi. Adət-ənənədən kənara çıxmamalı idi.
Beləcə, 15 yaşı tamam olan kimi onların toyu olur. Ancaq toydan sonra heç də hər şey valideynlərinin gözlədiyi kimi olmur. Kəmalə mütəmadi olaraq əri tərəfindən döyülür, zorakılığa məruz qalır. Bunu görən Kəmalənin atası ailədə münaqişənin qarşısını almaq və yardım etmək məqsədilə onlar üçün ev də tikməli olur. Lakin bu da baş verəcəklərin qarşısını ala bilmir. Kəmalə 6 il ərzində ərinin bütün zülmlərinə dözərək valideynlərinə heç bir şikayət etmir. Bir çox Azərbaycan qadını kimi susaraq dözür. Yəqin elə sükutlar, cəzasızlıq Samiri daha da azğınlaşdırır. Və 2009-cu ildə ailə münaqişəsi kəskinləşərək özünün pik nöqtəsinə çatır. Avqustun 18-də Kəmalə valideynlərinə zəng edərək, bir neçə gündür, onlarda qalan övladlarını görmək istədiyini deyir. Ana qızının səsindən sanki nəsə sezir. Evə çatanda qapının arxasından ağlamaq səsi eşidir. Zorla qapını açdırıb içəri girərkən qızının boynunda və əlində bıçaq yarası olduğunu görür. Sən demə, Kəmalə ərinin inəyi satmaq istəyinə etiraz etdiyi üçün onun qəzəbinə səbəb olub. Hətta o dərəcədə hirslənib ki, əri onun başını kəsmək istəyib. O isə yalvararaq, ona rəhm etməyi, heç olmasa sonuncu dəfə uşaqlarını görməyə icazə verməyi xahiş edib. Kəmalənin anasına zəng vurub uşaqları görmək istəməsinin səbəbi elə burdan qaynaqlanırmış.
Bundan bir gün sonra avqustun 19-da axşam radələrində isə ağlasığmaz hadisə baş verir. Samir bəlkə də indiyədək görülməyən, insanlığa sığmayan bir vəhşilik törədir. 8 aylıq hamilə olan arvadından onunla cinsi əlaqədə olmağı tələb edir. Kəmalə həkimin ona hazırda cinsi əlaqəyə girməyi qadağan etdiyini deyəndə yenə mübahisə başlayır. Səhər saat 6 radələrində Samir həyat yoldaşını yuxudan oyadaraq onu xəyanətdə suçlayır, hətta uşağın da ondan yox, kənd məscidinin mollasından olduğunu deyir. Heç nə anlamayan bədbəxt qadın ərinə yalvarmağa başlayır. Lakin gözü dönmüş kişi arvadının göz yaşlarına, yalvarışlarına məhəl qoymadan onu vəhşicəsinə döyməkdə davam edir. Daha sonra isə arvadının hər iki əlini çarpayının dirsəklərinə bağlayır. O, əlini qadının cinsi orqanına salıb, hələ dünyaya gəlməyən günahsız körpəni ana bətnindən çıxarmağa cəhd göstərir. Ən acınacaqlısı da odur ki, bu hadisə onların 6 və 5 yaşlı övladlarının gözü qarşısında baş verir. Uşaqların, ananın qışqırıq, ağlamaq səslərini eşidən qonşular qapını sındıraraq otağa daxil olur və Kəmaləni çarpayıda əlləri bağlı qan içində görürlər. Onu təcili olaraq xəstəxanaya çatdırırlar. Lakin artıq gec idi. Həkimlərin müdaxiləsi zamanı məlum olur ki, uşaq sağ olsa da, ananın məruz qaldığı işgəncələr zamanı şikəst edilib, qolu sındırılıb, başı əzilib, gözü çıxıb. Belə zədələrlə anadan olmuş uşaq 2 saat ağlayıb çığırdıqdan sonra ölür.
Belə dəhşətli bir hadisədən sonra Kəmalənin özü və valideynləri polisə şikayət etmədiyi üçün Samir kənddə hələ də azad gəzib-dolaşırmış. Yalnız hadisədən 22 gün sonra əlində balta qayınatasının evinə gələrək, “arvadımı və uşaqlarımı verin” – deyə tələb etdikdə hüquq mühafizə orqanlarına şikayət edilib. Bu il yanvarın 25-dən məhkəmə prosesi başlayıb. Kəmalənin “Təmiz dünya” təşkilatı tərəfindən təyin olunan müdafiəçisi Gülayə Səfərovanın Lent.az-a verdiyi məlumata görə, son məhkəmə prosesində təkrar ekspertiza keçirilməsi üçün vəsatət qaldırılıb: “Ekspert rəyi oldu ki, guya kişi anlaqsız vəziyyətdə olub. Ancaq şahidlərin və qızın özünün dediklərinə əsasən, onun anlaqsız vəziyyətdə olması şübhə doğurduğu üçün təkrar ekspertizaya göndərilməsi üçün vəsatət qaldırdıq. Vəsatət qəbul olundu. Bizim özümüz də rayona sorğular göndərmişik. Ekspertin təkrar rəyindən sonra növbəti məhkəmə prosesi olacaq”.
Bu da erkən nikahın qurbanı olanlardan birinin acınacaqlı həyatı. Hər halda bu cür hadisələr barmaqla sayılası qədər az deyil. Rəqəmlər də göstərir ki, Azərbaycanda erkən nikahların sayı azalmaqdansa, artmağa doğru gedir. Dövlət Statistika Komitəsinin məlumatına əsasən, ötən il erkən nikaha (18 yaşa qədər) daxil olan qadınların sayı əvvəlki ilə nisbətən 10,4 faiz artaraq 6,9 faizə çatıb. Ağsu, Şamaxı, Qəbələ, Göyçay, Hacıqabul, Siyəzən, Quba, Zərdab, Masallı rayonlarında erkən yaşda nikaha daxil olan qadınların sayı digər rayonlara nisbətən daha çoxdur.
“O qızlarda analıq hissi yerli-dibli inkişaf etmir”
Kliniki Tibbi Mərkəzin mama-ginekoloqu Təranə Həsənova erkən nikahların başqa bölgələrlə müqayisədə Cənub bölgəsində daha çox olduğunu deyir: “Çünki Cənub bölgəsində erkən yaşda ərə verilən qızların müraciətləri daha çox üstünlük təşkil edir. Məsələn, mənim yadımdadır, iki il əvvəl bizə kömək üçün bir qız müraciət etmişdi. Qızın hələ 13 yaşı tamam olmayanda onu nişanlamışdılar. Amma qızda təbii menstruasiya prosesi başlamadığına görə, hər iki tərəf hələ toy etmirdi. 14 yaşında bu proses baş verdi. Ondan sonra ailə qurdular. İki il ərzində qızda hamiləlik baş vermədi. Sonra hamilə qaldı və çox ağır gedişli hamiləliyi oldu. Hamiləliyini heç sona çatdıra bilmədi. 8 ayında uşaq doğulub öldü. Qızın özünün vəziyyəti də çox ağır idi və güclü stress keçirmişdi. Bundan sonra ailədə böyük qalmaqal yaşandı. Nəticədə qızı atası evinə qovdular. Bizə müraciət edəndə artıq 18 yaşı vardı. Ərindən ayrılmaq istəyirdi. O zaman məlum oldu ki, ayrılmağa heç ehtiyac da yoxdur. Çünki ümumiyyətlə, kəbinləri olmayıb. Qıza hüquqşünas kömək etməli oldu. Amma nə qədər kömək etsə də, məsələ qızın istədiyi qədər xeyrinə həll olunmadı. Evdən pay ala bilmədi. Məlum məsələdir ki, erkən nikahların heç birində rəsmi dövlət nikahı olmur. Əksər ailələr söz verirlər ki, vaxtı çatan kimi nikah bağlanacaq. Amma o yaş gəlib çatanda heç yada da düşmür və beləcə illər keçir”.
Həkimin sözlərinə görə, ərə getmək üçün qızların orqanizmi müəyyən qədər formalaşmalı, endokrin orqanlar funksiyasını tamamlamalıdır. Bu baxımdan hələ 17 yaşı tamam olmayan bir qız ərə gedən zaman orqanizmdə reproduktiv funksiyanı yerinə yetirən, bir başa beyinlə əlaqədar olan endokrin orqanlar öz funksiyasını hələ tam şəkildə başa çatdırmamış olur. Ona görə də belə qızlarda bir sıra fəsadlar üzə çıxır: “Birinci elə gözlə görünən patologiyanı deyim. Məsələn, 10 ildən sonra həmyaşıdları ilə müqayisədə belə qızlar xeyli yaşlı görünürlər. Hamiləliyi erkən taksikoz və başqa bir sıra fəsadlarla müşayiət olunur. Doğuş zamanı qanaxmalar çox rast gəlinən patologiyalardan biridir. Doğuşu həyata keçirən həkim də başa düşməlidir ki, bu, digər doğuşlardan daha artıq məsuliyyətli, ciddi işdir. Bir neçə dəfə bu faktla da qarşılaşmışıq ki, o analar dünyaya gətirdikləri uşaqlara qarşı hədsiz dərəcədə laqeyd olurlar. Bu, hətta ətrafdakılara da qəribə görünür. Tibb bacısı uşağı anaya təqdim edəndə əli ilə körpəni kənara tullayır, “başım ağrıyır, halım yoxdur, sonra gətirərsiniz” – deyir. O, sadəcə olaraq, uşağa yaxın durmaq, üzünə belə baxmaq istəmir. Özü hələ uşaq olan, gəlinciklərlə oynamaqdan doymayan bir insanın özünün övladı dünyaya gələndə uşaq ona artıq kimi görünür. Analıq hissini qətiyyən dərk etmirlər. O qızlarda analıq hissi yerli-dibli inkişaf etmir. Analıq hissinin inkişafı üçün qadına müəyyən yaş həddi lazımdır. Həmin yaş həddi yetişmədiyinə görə, ana olmaq onlar üçün psixoloji zərbədir. Hətta bir neçə il əvvəl baş vermiş bir hadisəni xatırlayıram. Yeni doğulmuş uşağını hər yanına gətirəndə ana ağlayır və deyirdi: “Bir də o uşağı gətirsəz, ya onu öldürəcəm, ya da özümü. Mən onu görmək istəmirəm. Qısa və konkret”. Doğum evindən çıxanda da uşağı qayınanasına təhvil verdilər. Qız qabaqda gedirdi, uşağı isə arxada aparırdılar. Erkən yaşda ərə gedən qızların ana olması onlar üçün birbaşa psixoloji zərbədir. Sonrakı mərhələdə də aydındır ki, uşağa normal baxa, qulluq edə bilmirlər”.
Təranə Həsənova kiçik yaşlı qızların ərə gedəndən sonra 1-2 il ərzində övlad sahibi olmadıqlarını qeyd edir. Onu da vurğulayır ki, ana bətnindəki dölün inkişafı da tam şəkildə yetişmir. Hamiləliyin inkişafı müəyyən qədər geri qalır. Pediatrların da apardığı müşahidələrə görə, bu uşaqların əqli və fiziki inkişafı həmyaşıdlarından xeyli dərəcədə geri qalır: “Aydındır ki, ananın hələ tam yetişməmiş orqanizminin yetişdirdiyi övlad da tam yetişkən olmayacaq”. Mama-ginekoloq fizioloji və psixoloji baxımdan qızların ailə qurması üçün ən yaxşı yaş həddinin 20-30 yaş arası olduğunu vurğulayır.
“Bir neçə ildən sonra o, ərini bir qadın kimi də maraqlandırmaya bilər”
Psixoloq Azad İsazadə isə erkən nikahların psixoloji yöndən fəsadlar törətdiyini deyir. Psixoloq Lent.az-a açıqlamasında bildirib ki, insan fizioloji, bioloji cəhətdən daha tez inkişaf edir. Arxasınca isə insanın psixikası, psixologiyası formalaşır: “İstər oğlan, istərsə də qız bioloji cəhətdən daha tez ana-ata ola bilir. Psixoloji baxımdan isə hələ vaxt lazımdır ki, bir insan kimi tam formalaşaq, böyük adam olaq. Bu baxımdan hesab edirəm ki, erkən nikahla ailə qurmağa hazır olmayan insanı faktiki bunu etməyə məcbur edirik. İkincisi, onlar hələ tam real qərar qəbul edə bilmirlər. Deməli, onların əvəzinə kimsə qərar qəbul edir. Bu kimsə adətən ata-ana olur. Demirəm ki, ata-ana pis qərar qəbul edəcək. Amma razılaşaq ki, bu, insanın öz həyatıdır və onun öz həyatında heç olmasa hansısa düşünülmüş formada iştirak etməyə ehtiyac var. Bu baxımdan mən tam razıyam ki, erkən nikahların sonradan “N” qədər fəsadları çıxır. Qız uşağı ərə gedərkən onda heç emosiyalar da oyanmır. Ərə gedəndən 5-6 il sonra tam formalaşanda ona sevgi də gələ bilər. Mütləq deyil ki, bu sevgi həyat yoldaşına qarşı olacaq. Hansısa ayrı adama yox. Bu da sabah real böyük problemlərə gətirib çıxarır”.
Psixoloq erkən ərə gedən qızların ana olan zaman öz uşaqlarına qarşı laqeyd yanaşmasının real problem olduğunu deyir: “Çünki onun özü hələ uşaqdır. Ana ilə uşaq arasında 14-15 yaş fərq olur. Bacı-qardaş arasında da belə fərq ola bilər. Həm də onların emosiyası da tam böyük insanın emosiyası deyil. Onlar üçün orta rəng yoxdur. Həyat ya qara, ya ağ, yaxşı, ya da pisdir. Ona görə də reaksiyaları bəzən çox kəskin olur. O cümlədən öz uşaqlarına qarşı. Bu cür ailələrdə hətta ər-arvad arasında da problem yaranır. Çünki bir müddətdən sonra belə qadın artıq ərinə maraqlı olmur. Nə məktəbi normal qurtarıb, nə institutda oxuyub, nə də özülə məşğul olub. Ərə gedən kimi uşaq doğub, uşağa baxıb. Sözsüz ki, bir neçə ildən sonra o, ərini bir qadın kimi də maraqlandırmaya bilər. Bunun özü də problemdir.”
Bu cür problemlərin ciddi psixi pozğunluğa gətirib çıxara biləcəyini vurğulayan Azad İsazadənin sözlərinə görə, sırf psixoloji cəhətdən ailə qurmaq üçün 30 yaş və bir az çox optimal sayılır. Amma: “O zaman fizioloji baxımdan problemlər çıxır, qadının hansısa xəstəlikləri yarana bilir. Sonra uşağı tam böyüdüb boya başa çatdırmaq qabiliyyətində olmur. Bütün amilləri nəzərə alsaq, 19-25 yaşa qədər optimal hədd sayılır. Ancaq sırf psixoloji baxımdan 30 yaş yaxşı ola bilər. Çünki artıq o yaşda ana bir insan kimi tam formalaşır”.
“Bura ayrıca dövlətdir, öz qanunları var”
“Xatun” Qadınların Sosial Problemlərinin Həllinə Yardım İctimai Birliyinin kordinatoru Müşfiq Abdullayev bir neçə il öncə erkən nikahlarla bağlı həyata keçirdiyi monitorinqi xatırladır. Monitorinqin nəticələrinə görə, bu cür hallara daha çox Cənub bölgəsində – Masallı, Lənkəran, Astara, Cəlilabad və Şimal bölgəsində Quba, Qusar, Şamaxıda rast gəlinir: “Yeniyetmə yaşında olan qızlar ailə üzvlərinin, valideynlərin təzyiqi altında özlərindən qat-qat böyük kişilərə ərə verilirlər. Bir müddət sonra xasiyyətləri tutmadıqda və ya zorakılığa məruz qaldıqda boşanmağa məcbur olurlar. Boşandıqda isə rəsmi nikahları olmadığından heç bir mülkiyyət hüququ əldə edə bilmirlər. Bu məsələ də ciddi problem olaraq qalır. Avropa Komissiyasının Azərbaycanda həyata keçirdiyi layihələrdə də bu özünü göstərir və Azərbaycan qadınlarının mülkiyyət hüququnun pozulması əsas problem olaraq qalır. Erkən yaşda ərə verilən qızların rəsmi dövlət nikahı olmadığına görə, molla kəbini ilə ərə verilirlər. Molla kəbini də heç bir hüquqi məsuliyyət daşımır”. “Monitorinqlər də göstərir ki, erkən nikahların kökünü məişət və milli mental ənənələr üstünlük təşkil edir” deyən koordinator layihə həyat keçirilən zaman baş verən bir faktı da yada salır: “Monitorinq zamanı nümayəndələrimizi Astaranın rayonun Ərçivan kəndinə buraxmamışdılar. Demişdilər ki, “bura ayrıca dövlətdir, buranın öz qanunları var. Sizin ixtiyarınız yoxdur burda monitorinq keçirəsiz”.
Eyni halla Masallının Ərkivan kəndində də rastlaşdıq. Bu, çox dəhşətli haldır. Yəni yerli ənənələr orada özünü möhkəmlədib. Ona görə də Mülki, Ailə, Cinayət məcəllələrində, Təhsil haqqında qanunda xüsusi hüquqi məsuliyyət müəyyən edən və erkən nikahların qarşısını alan maddələr öz əksini tapmalıdır ki, gənc qızların təhsildən yayındırılaraq və zorakılığa məruz qalaraq ərə verilməsinə yol verən şəxslər – istər valideynlər, istərsə də kəbin kəsən mollalar özlərində hüquqi məsuliyyət hiss etsinlər və buna yol verməsinlər. Bu baxımdan qanunvericiliyin sərtləşdirilməsinə ciddi ehtiyac var. Bunun üçün həm QHT-lər, həm də dövlət təşkilatları xüsusi təşəbbüslə çıxış etməlidir. Ötən il qanunvericiliyə dəyişiklik təşəbbüsü ortaya qoyuldu ki, ailə quran qızların yaş həddi 18-ə qaldırılsın. Qızların yaş həddi nə qədər çox artırılsa bu, onların mülkiyyət, təhsil hüququnun təmin olunması baxımından daha düzgün olar”.
“Qanunun təkmilləşdirilməsi və möhkəmlənməsi problemin həllinə 60-70 faiz kömək edə bilər”
Milli Məclisin Sosial Siyasət Komitəsinin üzvü, millət vəkili Məlahət Həsənovan isə Lent.az-a deyib ki, Azərbaycanda erkən nikaha getmə halları var, lakin, bu rəqəm çox deyil: “Hər halda bir faktın olması da XXI əsrdə yaşayan hər bir ziyalı üçün xəbərdaredici siqnaldır. Ona görə də bu hadisənin artmaması, qarşısının alınması üçün əlimizdən gələn hər bir şeyi – ictimai səfərbərlikdən, ictimai qınaqdan tutmuş qanunlarımızın təkmilləşməsinə və möhkəmlənməsinə qədər bütün işlər görülməlidir. Erkən nikah elə məsələdir ki, ən ciddi, ağır cəza da tətbiq olunsa, bu yolla qarşısını almaq qeyri-mümkündür. Biz maarifləndirmə, bölgələrdə, ictimaiyyət arasında güclü təbliğat aparmalıyıq. XXI əsrdə yaşayırıq. Qızlarımıza yüksək təhsil almaq üçün imkan yaratmalıyıq. Qızlarımız da oğlanlarımızla bərabər inkişaf etməlidir. Bu gün qadın-kişi hüquqlarının bərabərliyindən danışırıq, qadınlara bərabər imkanlar, bərabər nəticələr verilməsini tələb edirik. Amma qızlarımız təhsildən yayınıb erkən nikaha gedirsə, bundan necə danışa bilərik. Ona görə də biz bununla bağlı bütün istiqamətlərdə işimizi gücləndirməliyik”.
Bir neçə müddətdir, Ailə Məcəlləsində bəzi düzəlişlərin olması təkliflərinin səsləndiyini deyən Məlahət Həsənova bununla bağlı Demokratik İnkişaf İnstitutu İctimai Birliyi və Lider Qadınlar Birliyi ilə birlikdə bir neçə dəyirmi masa təşkil olunduğunu, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin bir sıra fəaliyyət proqramı həyata keçirdiyini qeyd edib: “Amma deyilən məsələ ilə bağlı dəyişiklik hələ öz əksini tapmayıb. Bu təkliflərin millət vəkilləri tərəfindən də dəstəklənəcəyinə əminəm. Hesab edirəm ki, müsbət həllini tapa bilər. Ən çox təklif olunan məsələ nikah yaşını bir yaş artırmaqla bağlıdır. Ancaq yenə də deyirəm, qanun nə qədər möhkəmlənsə və təkmilləşsə də, tək qanun yolu ilə problemi həll etmək və qarşısını tam almaq qeyri-mümkünüdür. Kimsə öz qızını 15-16 yaşda ərə verirsə, ata-ananı həbs etmək olmaz ki. Burada ictimai qınaq böyük amildir. Ailə məcəlləsində valideynin məsuliyyəti məsələsi də gücləndirilməli və sərtləşdirilməlidir. Yenə deyirəm bu da parlamentdə müzakirədən asılıdır. Birinci, qanuna düzəliş, möhkəmləndirilməsi lazımdır və İnşallah bu olacaq. Amma hesab edirəm ki, qanunun təkmilləşdirilməsi və möhkəmlənməsi problemin həllinə 60-70 faiz kömək edə bilər”.
“Əri gedib min oyundan çıxacaq, balaca uşaq da qalacaq evdə”
Milli Məclisin Sosial Siyasət Komitəsinin sədri Hadı Rəcəbli Lent.az-a Ailə məcəlləsinə dəyişikliklərin parlamentin yaz sessiyasında müzakirə olunacağını deyib və müzakirələrin bir qədər ləngidiyini deyib: “Bu, ciddi sənəddir. Buna hər gün dəyişiklik etmək də düzgün deyil. Ona görə də istəyirik cəmiyyətin bütün təbəqələrinin, dövlət qurumlarının, QHT-lərin fikirlərini ümumiləşdirək və son nəticədə bir qərar qəbul edək. Məsələn, biz deyirik ki, qızların evlənmə yaşını 18-ə qaldıraq. Deputat həmkarımız Elmira Axundova deyir, “yox, məsələn Maştağada qızlar tez ərə gedirlər, bu, orda camaatın narazılığına səbəb olacaq”. Digər rayonlarda, kənd yerlərində də qızlar tez ərə gedir. Əlbəttə, bu mübahisələr bir həqiqətə gəlib çıxmalıdır. Sevindirici haldır ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi UNİSEF-lə birgə böyük araşdırmalar aparıb, bizə ciddi materiallar təqdim ediblər. O materiallarda tərəflərin fikirləri var. Biz qızların nikah yaşının 18-ə çatdırılmasının tərəfdarıyıq. Amma gətirib göstərirlər ki, elə inkişaf etmiş Avropa ölkələri, Avropa İttifaqının üzvü olan dövlətlər var ki, orda nikah yaşı 17-dir. Çünki orda demoqrafik təhlükəsizlikdi. Ona görə də burda polemika var. Məhz belə səbəblərdən bu qərarı qəbul etməkdə çətinlik çəkirik”. Hadı Rəcəblinin fikrincə, qızların nikah yaşının 18-ə çatdırılması erkən nikahların qarşısını qismən ala bilər: “Cəmiyyət özü buna qınaq etməlidir. Cəmiyyət bilməlidir ki, erkən nikah əslində ailənin təməlinin dağılmasıdır. Qız yetkin olanda daha ailəcanlı olur, ailəni, uşağı dərk edir, məsuliyyəti bilir. Yoxsa ki, əri gedib min oyundan çıxacaq, balaca uşaq da qalacaq evdə. Burda çoxlu ciddi məsələlər var”.
Qeyd edək ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və BMT-nin Uşaq Fondunun ölkəmizdəki nümayəndəliyi Azərbaycanda erkən nikahlar və onların başvermə səbəblərinin öyrənilməsinə dair araşdırma aparıb. Fevralın 16-da araşdırmanın yekunları ilə bağlı ” Erkən nikahlar-uşaq hüquqlarının qorunması” toplusunun təqdimat mərasimi keçirilib. Mərasimdə komitənin sədri Hicran Hüseynova ölkənin bəzi regionlarında erkən yaşlarında ərə gedən qızların sayı artmaqda olduğunu bildirib: “Artıq formalaşmış yanlış stereotiplər nəticəsində hələ də bəzi valideynlər düşünürlər ki, qız övladlarını tez ailə qurmağa məcbur etməklə onlar üçün daha yaxşı həyat səviyyəsi təmin etmiş olurlar”. Dini İşlər üzrə Dövlət Komitəsinin şöbə müdiri Gündüz İsmayılov isə Lent.az bildirib ki, Azərbaycanda şəriət qanunları dünyəvi qanunlarla idarə olunur: “Bizim idarə olunduğumuz Azərbaycan qanunlarına əsasən, bu cür kəbinlərin bağlanması nəinki yolverilməzdir, hətta qanun pozuntusu və cinayətdir. Kim buna yol verirsə, qanunlara əsasən cəzalandırmalıdır. O ki qaldı bu məsələnin bizdən asılı olan tərəfinə, biz dəfələrlə mövqeyimizi bildirmişik. Buna qarşı əlimizdən nə gəlirsə, istər maarifləndirmə, istərsə digər sahədə bütün müvafiq qurumlar, hətta QHT-lərlə əməkdaşlıq etməyə hazır olduğumuzu demişik. Onu da bildirim ki, Qafqaz Müsəlmanları İdarəsinin bununla bağlı fətvası var. Həmin fətvaya əsasən, kim rəsmi dövlət kəbini olmadan şəriət kəbini kəsərsə, buna görə məsuliyyət daşıyır. Yəni, Qafqaz Müsəlmanları İdarəsinin təlimatına əsasən, din xadimləri, ruhanilər yalnız rəsmi dövlət nikah sənədini gördükdən sonra dini kəbin kəsə bilərlər. Bəzən təbii ki, belə olmur. Bununla bağlı bizə də müraciətlər olur, çalışırıq tədbirlər görək. Ancaq təbii ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi bilavasitə bu sahə ilə məşğul olan bir qurum deyil. Komitə səlahiyyətləri, funksiyaları və hüquqları çərçivəsində məsələnin dini tərəfi ilə bağlı maarifləndirmə işi aparmağa üstünlük verir. Biz bu maarifləndirmə işini aparırıq ki, insanlar bu cür hərəkətlərin, neqativ halların dindən qaynaqlanmadığını başa düşsünlər”.