qorxu_tecavuz_usaq_0122

Uşağı təkbaşına televizor qarşısında qoymaq olmaz – AUTİZM TƏHLÜKƏSİ

Baxış sayı: 1. 698

“Təəssüf ki, valideynlər uşaqları televizorun qabağına qoyur və yalnız uşaq 5 yaşa çatanda anlayır ki, uşaq danışmır, deməli, autizmlidir”

“Hamiləlik dövründə ananın alkoqollu içkilərdən, siqaretdən istifadə etməsi uşaqda autizmin yaranmasına təkan verir”.
Bunu APA TV-də yayımlanan “Sosium” proqramının qonağı, psixoloq Aygül Məlikova deyib.
Psixoloq autizmlə bağlı maariflənməyə diqqət yetirildiyini deyib: “Gün ərzində təxminən 10-dan çox valideyn normal uşağının autizmli olması şübhəsi ilə bizə müraciət edir. Bizdə autizmlə bağlı maarifləndirmə işləri çox aparılır, amma autizmlilərlə necə davranmaq barədə məlumat azdır. Maarifləndirmə daha çox problemin aşkara çıxarılması ilə bağlıdır. Bizə müraciət edən valideynlərin əksəriyyətinin uşağı 5, 7,10 yaşdan böyük olur.  Təəssüf ki, valideynlər uşaqları televizorun qabağına qoyur və yalnız uşaq 5 yaşa çatanda anlayır ki, uşaq danışmır, deməli, autizmlidir. Amma nitq ləngiməsi problemindən şübhələnmir. 3 yaşı tamam olmamış uşaqlara autizm diaqnozu qoymaq olmaz. Sadəcə, daha erkən yaşda müraciət edəndə problemi həll etmək daha rahat olur. 3 yaşına qədər uşağın qızıl dövrüdür. Bu müddətdə autizmin ayrı-ayrı əlamətlərini aradan qaldırmaq mümkündür”.
Aygül Məlikova autizmin yaranma səbəblərindən də danışıb: “90 faiz hallarda autizm genetik yolla keçir. Bu zaman son üç nəsil nəzərdə tutulur. Autizm daha çox oğlan uşaqlarında ortaya çıxır. Hamiləlik zamanı ananın qəbul etdiyi dərman preparatları da buna təsir edir. Autizm beyin ensefaloqramında aşkar edilmir. Beyində heç bir əlamət olmasa da, davranışlarda müşahidə etmək olur. Amma ümumiyyətlə, autizmin səbəbi tam bilinmir”.
Autizmin növləri və formaları barədə məlumat verən qonaq erkən müdaxilənin əhəmiyyətini xüsusi qeyd edib: “Klassik autizm, yəni tipik forma autizmin ən əğır növdür və gələcəyinə heç bir ümid yoxdur. Yüksək funksiyalı autizmlilər iş həyatı, ailə həyatı qura bilirlər. Autizmin Asperger növünə Eynşteyni misal göstərmək olar. Rett sindromu da autizmin ağır növüdür və 98 faiz hallarda qızlarda ortaya çıxır. Yüksək funksiyalı autizmdə 1,5-2 yaşa qədər uşaq normal inkişaf edir, heç bir gerilik müşahidə olunmur. Lakin bu yaşdan sonra söz bazası artmır. Bu zaman valideyn elə bilir ki, uşaq qızdırmadan, qorxudan, yıxılmaqdan sonra belə olur. Rett sindromunda qızılcadan sonra bəzi xromosomlar dəyişdiyi zaman əlamətlər özünü göstərir. Autizmi digər xəstəliklərlə, məsələn dezinteqrativ pozuntularla qarışdırırlar. Bu da müəyyən xəstəlikdən sonra ortaya çıxır. Lakin bu zaman autizmdən fərqli olaraq öyrədilənlər yaddan tez çıxır. Erkən diaqnoz və vaxtında müdaxilə müalicənin nəticəsinə yaxşı təsir edir.
Autizmlilərə sosial bacarıqlar aşılanır. 3 yaşında reabilitasiyaya gələn uşağı stulda oturtmaq mümkündür, amma 5 yaşında artıq onları oturtmaq çətindir, stulu aşırırlar, müəlliməyə vururlar”.
Aygül Məlikova bəzən autizmli uşaqlarla valideynlərin yanlış davrandığını da qeyd edib: “Autistik uşaqlar çox həssasdırlar. Onlara toxunaraq, qucaqlayaraq sakitləşdirmək olur. Ancaq əgər onlarla aqressiv davranılarsa, nəinki sakitləşdirmək, öz aləmlərinə qaytarmaq mümkün olmayacaq. Autizmlilərin özlərinə xas xəyal dünyası var, özlərinə xas nitqlə danışırlar. Bu zaman valideyn onunla sərt davranarsa, uşaqda da aqressivləşmə olur. Valideynlər autistik uşaqları, həmçinin normal uşaqları da texnoloji avadanlıqlardan – televizor, kompüter, planşet və sairdən  3 yaşına qədər uzaq tutmalıdır. Bəzən valideynlər autizmli uşaqlardan imtina edirlər, nənə-baba və ya xala, dayı onları gətirib bizə müraciət edirlər. Bəzən atalar autistik uşaq doğulanda ailəni tərk edir”.
Psixoloq daha çox genetik faktorla əlaqəsi olan autizmin hamiləlik zamanı xüsusi testlərlə müəyyənləşdirilməsinin mümkün olduğunu deyib: “Elə ailələr var ki, 3 uşaq da autistikdir. Bu isə genetik faktorun təsirini gücləndirir. Bəzən isə ailədə bir autizmli uşaq doğulanda artıq ikinci uşağı istəmirlər. Lakin bu heç də o demək deyil ki, ikinci uşaq da mütləq autizmli doğulacaq. Hamiləliyin 12-ci həftəsində ikili test analiz olunur, 16-cı həftədə isə dördlü test analizi olunur. Əgər uşaqda əqli problem olarsa, bu analizdə özünü göstərir”.
.
Aygül Məlikova autizmlilərin cəmiyyət tərəfindən qəbul edilmədiyini deyib: “Autizmli uşağı olan valideynlər ictimai nəqliyyatdan rahat istifadə edə bilmirlər, ətrafdakılar onları qınayır. Cəmiyyət onları qəbul etmir, buna görə də valideyn onları cəmiyyət içərisinə çıxara bilmir. Digər tərəfdən də, autistik uşaqlar nəqliyyatdakı səsləri, siqnal səsini, metronun səsini qəbul edə bilmir. Təəssüflər olsun ki, bizdə küçə nəqliyyatında olduqca aqressiv davranış var. Bu lazımsız səs-küy autizmli uşaqların cəmiyyətdə sosiallaşmasına mane olur”.
Qonaq autizmin müalicəsində tətbiq olunan yeni metodlar barədə məlumat verib: “Hazırda 3D texnologiyası ilə müalicə ilə autizmliləri öz xəyal dünyasından ayırmaq mümkündür. Davranış terapiyası ilə onlara sosial bacarıqlar aşılanır. Bunlara özbaxım aiddir. Özbaxım deyərkən, paltarını geymək, yeməyini yemək və s. nəzərdə tutulur. Bu davranışlar orqanizmin kiçik motor aparatını hərəkətə keçirir. Kiçik motor aparatı nə qədər çox inkişaf etsə, onların nitqinə daha yaxşı təsir edəcək. Normal şəxsin barmaqlarının ucunda sinir ucluqları var. Amma autistik uşaqlarda nitq yoxdursa, onların barmaqlarında sinir ucluqları da inkişaf etmir. Autizmli uşaqların 75 faiz hallarda ağrıya qarşı həssaslığı olmur. Onlar yıxılanda, əziləndə hiss etmirlər.
Amerikada autizmin müalicəsi üçün hipoterapiyadan, yəni atlarla terapiyadan istifadə olunur. Bu çox gözəl effekt verir. Təəssüf ki, bizdə mərkəzlərdə belə şərait yoxdur. Hipoterapiyada təmas, at üzərində oturma və at hərəkət edərkən özünü saxlamaq vərdişləri yaranır. Bu zaman onların həm kiçik, həm də böyük motor aparatı işləməyə başlayır. Autizmlilər ağrı bilmədiklərindən özlərinə də xəsarət yetirə bilərlər, məsələn, bıçağı götürüb əlini, ayağını kəsə bilərlər, başqasını zədələyə bilərlər. Onlarda duyğuları, ağrı hissini formalaşdırmaq üçün sensor otaqlardan istifadə olunur. Bu otaqlarda analizatorlar var. Musiqi terapiyasından, aromaterapiyadan istifadə edirik”.
Psixoloq autizmli uşaqların xüsusi pəhrizlə qidalanmasını vacib hesab edir: “Autizmli uşaqlara hər şeyi yedirmək olmaz. Onlara xüsusi pəhrizlər təyin olunur. Hər səhər mütləq bir yumurta yeməlidirlər. Tefal tavalarda qızartmalar olmaz, qızartmalarda zeytun yağından istifadə olunmalıdır. Çeynəmə zəif olduğundan ət yeməklərini sevmirlər, yalnız çəkilmiş əti yeyə bilirlər. Lakin valideyn hər dəfə ona blenderdən çəkilmiş yemək verməməlidir. Çünki terapiya görən uşaqlarla loqoped işləyir və artikulyar aparat inkişaf etdirilir”.
Aygül Məlikova valideynlərin autizmin qarşısın almaq və övladları ilə məşğul olması üçün məsləhətlərini verib: “Ananın hamiləlik dövründə alkoqollu içkilərdən, siqaretdən istifadə etməsi uşaqda autizmin olmasına təkan verir. Reabilitasiya ilə yanaşı, valideyn çox səbirli olmalıdır. Seanslar ləngiyirsə, gətirməyə imkan yoxdursa, uşaqla işləməyi saxlamaq olmaz. Valideyn özü də uşaqla işləməlidir, onlar öz-özünə düzəlmir. Aqressiv davranılarsa, heç bir nəticə əldə olunmayacaq. Ətrafdakı insanların fikirlərinə çox əhəmiyyət verməsinlər, buna görə uşaqları evdə saxlamasınlar”.



Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir