Artıq bir müddətdir ki, Ali məktəblərə verilən imtahan nəticələri bəllidir. Sabahdan isə abituriyentlər ixtisas seçimini etməyə başlayacaqlar. Kimisi artıq hansı peşəyə yiyələnəcəyinə qərar versə də, hələ də seçim arasında qalanlar da az deyil. Belə olan halda daha çox ailədən, valideynlərdən onların ixtisas seçiminə müdaxilələr olur.
Bəs abituriyentlər ixtisas seçimi edərkən valideynlərin fikirlərinə yer ayırmalıdırmı? Ümumiyyətlə, sağlam gələcək formalaşdırmaq üçün abituriyentlərin ixtisas seçiminə müdaxilə etmək olarmı?
Məsələ ilə bağlı danışan psixoloq Gülnarə Əliyevanın sözlərinə görə, əgər uşağımızı müstəqil böyütmüşüksə, özünü ifadə edə bilirsə, maraq dairələrinə uyğun yönləndirmişiksə, onun seçiminə də hörmətlə yanaşmalıyıq: “Lakin bunlar edilmədikdə, valideyn öz seçiminə uyğun övladını yönləndirirsə, bu zaman həmin seçimi də valideynin özü etmiş olur. Yaxud da uşaq özü ilə valideyn istəyi arasında çaşbaş qalacaq. Ümumiyyətlə, biz uşağımızın nəyə qadir olduğunu bilməliyik. Həkim ola bilməyəcəksə, onun buna potensialı, səbri yoxdursa, ondan artığını gözləmək əlində olanı da almaq deməkdir. Bu zaman onun güvənini zədələyirik. Həddindən artıq müdaxilə etdiyimiz zaman onda “mən həyat rolumu öz əlimdə tutmaq ixtiyarında deyiləm” kimi fikirlər formalaşır. Körpəlikdən ana-ata seçimləri ilə böyüyən uşaqlar ixtisas seçimində də onların seçdiyi ixtisasa yönəlirlər. Amma bu uşaqlar sonuna qədər müvəffəqiyyətli ola, həyatda öz yerlərini tapa bilmirlər. Çünki bir müddətdən, bir yerdən sonra valideynlər bizimlə birlikdə olmur. Artıq biz karyera qurmağa başlayır, ailə həyatı qurur, öz ətrafımızı formalaşdırırıq. Və ömür boyu seçdiyimiz iş, peşə ilə baş-başa qalırıq. Müəyyən yaşdan sonra isə ikinci ixtisasa sahib olmaq da gec olur. Ona görə də uşaqları sərbəst buraxmaq lazımdır. Təbii ki, kontrol hər zaman əlimizdə olmalıdır. Amma uşaqlarımızın istedadının fərqində olmalıyıq, onları potensialına uyğun yönləndirməliyik. Tamamilə uşağın öhdəsinə buraxmaq da olmaz. Ona görə də bu cür məsələləri son iki ilə, yəni 10 və 11-ci sinfə buraxmaq heç düzgün deyil. Uşaqlıqdan artıq onun hansı peşəyə sahib olacağına birlikdə qərar vermək lazımdır. Uşaq kiçik yaşlarından müxtəlif peşələrlə tanış olmalı, özünə uyğun olanını seçməlidir. Valideynlə uşaq həmfikir olmalıdır. Lakin ən önəmlisi isə uşağın fikridir. Çünki peşə ilə uşaq ömürlük birlikdə tək qalacaq”.
Sosioloq Əhməd Mansurov isə bildirir ki, abituriyentlər ixtisas seçərkən olduqca diqqətli olmalıdırlar: “Çünki bu onların gələcək taleyini birbaşa müəyyənləşdirəcək bir hadisədir. Təəssüflər olsun ki, abituriyentlərin çoxu bu prosesə hazırlıqlı ola bilmirlər. Buraya bir neçə amil təsir edir. Çünki təhsil prosesinin özü, mövcud ailə modeli, sosial mühitin təsiri altında onlar məcbur olub, digər cəmiyyətin fikirlərini nəzərə almalı olurlar. Bir növ özlərinin sərbəst fikirlərinin formalaşdırılmasında, qərarvermə prosesində iştirak etməkdə çətinlik çəkirlər. Bu məsələ sırf ixtisas seçimində deyil, ondan əvvəl də formalaşıb. Çünki tipik olaraq bizim ailələrin əksəriyyətində valideynlər övladlarının əvəzinə qərar verməyə meylli olurlar. Bu özünü gələcəkdə abituriyentlərin sərbəst qərarvermə funksiyasının formalaşmasına təsir edir. Çünki sərbəst qərar verə bilməyən gənclər gələcəkdə həm də iş həyatı, həm ailə problemləri olduqda qərar verə bilmirlər və s. Və beləliklə, onlar daim dəstək gözləyirlər, digər şəxsin rəyini, qərarını gözləyirlər. Amma şəxs özü qərar verdikdə, seçimini özü etdikdə daha xoşbəxt olurlar. Bu baxımından valideynlər daha yaxşı olar ki, övladlarının istəyini, maraqlarını soruşsunlar. Bu məsələdə onlara dəstək göstərsinlər. Buna görə də biz əgər istəyiriksə, həkim öz ixtisası ilə ürəkdən məşğul olsun, gələcəkdə cəmiyyətin sağlamlığına biganə qalmasın, əgər bir psixoloqun xalqın, insanların psixoloji problemlərinə ürəkdən iştirak etsin, onda biz gənclərin ixtisas seçimində öz maraqlarını dəstəkləməliyik. Bu maraqları özlərinin müəyyənləşdirməsi onların gələcəkdə həyatını asanlaşdıracaq. Çünki çətin anlarda onların qərarvermə qabiliyyəti formalaşacaq. Çətin anlarda qərarvermə qabiliyyətinin olması onları gələcəkdə həm ailə mühitində, həm iş həyatındakı risklərdən qoruyacaq”.