Qadınların abort etdirməsi halları getdikcə artmaqdadır. Dövlət Statistika Komitəsinin məlumatına görə, ötən il Azərbaycanda 34569 nəfər abort etdirib. Bunlardan 20323 nəfəri 15-29 yaş arasında olan qadınlardır.
Keçən il ölkədə 15-17 yaş arası 19 qadın, 20-24 yaş arası 7773 qadın, 25-29 yaş arası 11289 qadın abort etdirib. 2015-ci ildə 15-17 yaş arası 50, 18-19 yaş arası 1425, 20-24 yaş arası 5983, 20-24 yaş arası 8365 qadın aborta gedib.
Ümumilikdə, yəni bütün yaş qrupları üzrə 2015-ci ildə abortların sayı 27 452, 2014-cü ildə 27 220, 2013-cü ildə isə 27892 olub.
2013-cü ildə ölkədə 15-49 yaşlı hər 1000 qadından 10,4-ü, 2014-cü ildə 10,1-i, 2015-ci ildə 10,3-ü abort etdiyi halda, 2016-cı ildə hər 1000 qadına düşən abortların sayı artaraq 13-ə yüksəlib.
İllər üzrə müqayisə etdikdə 20 yaşa qədər olan qadınlar arasında abort sayı azalsa da, 20-24 və 25-29 yaş qrupu üzrə abort edənlərin sayı artıb.
2016-cı ildə ölkədəki 15-29 yaşlı qadınların hər 1000 nəfərindən 16,8-si abort edib. Bu rəqəm də əvvəlki illərə nisbətən yüksəkdir. Belə ki, 2013-cü ildə hər 1000 qadına düşən abortların sayı 12,2, 2014-cü ildə 12, 2015-ci ildə 12,9 olub.
Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və analitik araşdırmalar şöbəsinin baş məsləhətçisi Aynur Veysəlovanın bildirdiyinə görə, 2014-1015-ci illərə baxanda 2016-cı ildə abortların sayı bir qədər artıb. Bunun da müxtəlif səbəbləri var. Həm sosial faktorlar, həm də tibbi göstərişlər buna səbəbdir. “Bundan başqa, bu, mini abortlar da ola bilər. Biz əvvəlki illərin statistikasına baxsaq, görərik ki, abortların sayının 3/1-ni mini abortlar təşkil edir”.
Müsahibimiz təəssüflə bildirir ki, selektiv abortlar, yəni uşağın cinsiyyətinə görə hamiləliyin süni sürətdə pozulması faktları da olur: “Bunun rəsmi statistikası aparılmadığından, dəqiq sayını, nə qədər abortun məhz uşağın cinsiyyətinə görə olduğunu deyə bilmirik. Amma doğulan uşaqların sayı onu göstərir ki, hələ də cəmiyyətimizdə oğlan uşaqlarına üstünlük verilir. Bu da, əlbəttə ki, ümumən abortların sayına təsir edir. Lakin bizim əlimizdə abortların səbəblərinin rəsmi statistikası yoxdur. Abortların məhz selektiv abortlar olduğunun, yoxsa tibbi və ya sosial göstərişlər əsasında tətbiq edildiyini bilmirik. Qanunvericilikdə belədir ki, 12 həftəyə qədər qadın öz istəyindən asılı olaraq hamiləliyinin süni surətdə pozulmasına qərar verə bilər. 12 həftədən keçdikdən sonra hamiləliyi dayandırmaq üçün mütləq sosial və tibbi göstərişlər olmalıdır”.
Veysəlova bildirib ki, məktəbli qızların da abort etdirməsi çox təəssüf doğuran bir məsələdir: “2016-cı ildə 15-17 yaş arası qızların abort etdirməsi ilə bağlı 19 fakt qeydə alınıb. Amma 2011-ci ildə bu rəqəm daha çox -135 olub. 2015-ci ildə bu rəqəm iki dəfə çox idi. İndisə 5 ildə 15-17 yaş arası qızların abort etdirməsinin sayı 135-dən 19-a düşüb. Bu da əlbəttə ki, yaxşı göstəricidir. Aparılan maarifləndirmə işləri, təlimlər, treninqlər, seminarlar bu istiqamətdə müsbət təsirlərini göstərir. Bu, zəhmət tələb edən bir məsələdir. Burada valideynlərin də, məktəbin də, müəllimlərin də üzərinə böyük məsuliyyət düşür. Çünki hər bir gənc çox sağlam, təhsilli, ağıllı böyüməli, cəmiyyətə yararlı şəxsiyyət kimi yetişdirilməlidir. Bu vəzifəni də ilk olaraq valideyn, sonra məktəb, sonra digər soial mühitlər yerinə yetirir. Bu baxımdan biz daha çox valideynlərlə iş aparmağa üstünlük veririk. Bu istiqamətdə dəfələrlə həm Bakı, həm də regionlarda böyük işlər aparmışıq. Eyni zamanda, regionlarda məktəblərdə uşaqlara dəstək mərkəzlərimiz var. Xüsusi olaraq kənd yerlərində qızlarımız, qadınlarımız arasında görüşlər, seminarlar keçirir, onlara çap məhsulları paylayırıq ki, abortların fəsadları barədə məlumatlandıraq”.
Erkən yaşda abortla üzləşən qadınların sağlamlığına gəlincə, komitə rəsmisi deyir ki, bu daha ciddi diqqət tələb edən məsələdir və bunların hamısı insanların nəzərinə çatdırılır. “Tək analarla deyil, atalarla da iş aparılır. Gənc oğlanlarla da söhbətlər aparılır ki, məsuliyyət hər bir insanın boynuna eyni dərəcədə düşür”.
Baş məsləhətçi qızların abort etdirməsi ilə bağlı statistik məlumatların saytlarda şok doğuracaq şəkildə verilməsinə də münasibət bildirib: “Təəssüflənirəm ki, 15-17 yaş arası olan qızların abort etdirməsi bəzi KİV-lərdə dəhşətli statistika kimi verilir. Məlumatlar sensasiya xarakterli verilir, amma əvvəlki illərlə müqayisəsi göstərilmir. Qızını məktəbə qoymaq istəməyən, qız uşaqları haqqında narahat olan kişilərimiz belə xəbərləri oxuduqda uşaqlarını məktəbdən yayındırmaq fikrinə düşür. Bir var ocaq yanır, onun üstünə su tökürsən, bir də var ocaq yanır, onun üstünə benzin tökürsən. Benzin tökməyək ki, alışdırmaq əvəzinə daha da rəvanlaşdıraq. Problemi alışdırmayaq. Bu, çox vacibdir. Uşaqların sağlamlığı, gələcəyi daim diqqət mərkəzində olmalıdır”.
Veysəlova diqqətə çatdırır ki, 19 fakt yox, lap bir faktın özü belə narahatedicidir: “Hər kəs öz üzərinə düşən işi yerinə yetirməlidir ki, bu olmasın. Lakin ildən-ilə bu yaş arası qızlarda abortların sayı aşağı düşür”.
Baş məsləhətçi əlavə edib ki, preizdent “Ana və uşaqların sağlamlığının yaxşılaşdırılmasına dair 2014-2020-ci illər üçün dövlət proqramı”nı təsdiq edib: “Həmin proqramda abortların qarşısının alınması, ziyanı, gənclərdə bu xoşagəlməz halların qarşısının alınması ilə bağlı güclü maarifləndirmə işlərinin aparılması dövlət orqanlarının üzərinə qoyulub. Bu sahədə iş aparılır və müsbət nəticələrini görürük”.
Ginekoloq Naibə Həsənovanın dediyinə görə, abortların artmasının səbəbləri, əlbəttə ki, maddi çətinlikdir: “Maddi təminatı az olan ailələrdə bir və iki uşaqdan sonra abort etdirirlər. İkinci səbəb maddi sıxıntı zəminində baş verən boşanmalardır. Boşanma ərəfəsində olan qadınlar hamiləliyini süni surətdə pozmağı qərara alırlar. Nikahdan kənar hamiləliklər də abortların artmasına təsir edir”.
N.Həsənova bildirib ki, məktəblilər arasında abortların artması Azərbaycanda cinsi tərbiyənin, cinsi maarifləndirmənin zəif olmasıdır: “Dəfələrlə bu haqda demişəm ki, çıxış yolu artıq 7-8-ci sinifdən etibarən sırf cinsi tərbiyə mövzusunda dərslərin keçirilməsidir. Qızlar və oğlanlar üçün bu dərslər ayrı-ayrılıqda da keçirilə bilər. Bu cür dərslərdə nə maraqlı sualları varsa, şagirdlər birbaşa həkim ginekoloqlara verə bilər. Məktəblilər bu haqda doğru məlumat almalıdır. “Cinsi əlaqə necə olmalıdır? Neçə yaşdan sonra başlanılmalıdır? Hansı yollarla hamiləlikdən qorunmaq mümkündür” kimi sualların cavablarını bilməlidirlər”.
Həmsöhbətimizə görə, erkən yaşda abort etdirmək ana ölümlərinin sayını artırmaq deməkdir. Eləcə də, erkən yaşda edilən abortlar sonradan vaxtından əvvəl doğum sayının artırılması, həm qadın, həm də uşaqda ağır doğum travmalarının artırıması deməkdir.
Psixoloq Mehriban Mütəllimova bildirir ki, abort hər nə qədər eşitmək, xatırlamaqla istəmədiyimiz pis bir əməliyyat olsa da, dünyada və ölkəmizdə son zamanlar daha çox tətbiq olunur: “Bəs kimlər daha çox abort etdirir?
Bura daxildir körpənin qız olduğunu öyrənənlər, qeyri-qanuni şəkildə körpə sahibi olanlar, çox uşaq istəməyən evli qadınlar, yeni bir uşaq üçün hələ vaxtın gəlmədiyini düşünənlər və uşaqda hər hansı bir qüsurun olduğunu öyrənənlər və s. Məncə, səbəbi nə olursa olsun, bu vəziyyət bir qadın üçün olduqca ağırdır”.
Psixoloq deyir ki, qadınlar abortdan sonra həyata baxış tərzlərinə görə fərqli təsirlənir. Bəzilərinə görə, Allahın verdiyi bir canın yox edilməsini istədiyi üçün vicdan əzabı çəkir, ağır depressiya yaşayır. Bəziləri isə var olan şərtlər daxilində ən doğru seçimi etdiklərini fikirləşərək rahatlanma hissi yaşadıqlarını ifadə edirlər. “Bununla bərabər bəzi qadınlar üçün abort – kədər, günahkarlıq,utanc və peşmanlıq kimi fərqli duyğuların eyni anda yaranmasına səbəbdir. Adətən abort sonrası qadınlarda “övladım yaşasaydı, bu yaşlarda olacaqdı” kimi cümlələrə çox rast gəlinir”.
Qadın həyatına əhəmiyyətli dərəcədə təsir edən bu tibbi müdaxilənin psixoloji ölçüsünün olması da qaçılmazdır. Edilən araşdırmalar abortdan sonra ən məşhur görülən psixoloji əlamətin günahkarlıq və dəyərsizlik duyğuları olduğu müəyyən olunub. Nadir hallarda, abort sonrası ani başlayan ağıl xəstəlikləri yarana bilər. Daha əvvəldən ciddi psixoloji narahatlıq keçirənlərdə abortdan sonra psixoloji problemlər daha tez-tez rast gəlinir.
Aynurə MƏMMƏDOVA