Hamiləlik zamanı itkilərin əksəriyyəti abortlar (40.9%), daha sonra uşaqsalma (6%) və ölü doğuş (0.4%) nəticəsində baş verib. Hamiləlik itkilərində süni abortların payı 2006-cı ildəki 48.9-dan 40.9 %-dək azalıb.
“Publika.az”ın verdiyi xəbərə görə, bu barədə Səhiyyə Nazirliyi tərəfindən 2011-ci il “Demoqrafiya və Sağlamlıq”sorğusunun nəticələrinə həsr olunmuş sorğuda qeyd edilib.
Sorğuda həmçinin qeyd olunur ki, 20 yaşadək respondentlər arasında hamiləliklərin 8.7 %, 20-24 yaşlı qadınlar arasında hamiləliklərin 21.4%-i, 25-34 yaş arası qadınlarda isə 44.3%-i və 35-44 yaşlı qadınlarda hamiləliklərin ¾ (73.4%) abortla başa çatıb.
İqtisadi rayonlar arasında hamiləliklərin nəticəsi ilə bağlı əhəmiyyətli fərqlər nəzərə çarpır. Süni abortla nəticələnən hamilərin payı Dağlıq Şirvanda 27.1%-ə, Yuxarı Qarabağda isə 45%-ə qədər yüksəlir. Ümumilikdə reprodukti yaşlı qadınların üçdə birindən çoxu (34.5%)ən azı bir dəfə abort edib. 2006-cı illə müqayisədə abortlarda 37.9%-dən 34.5%dək azalma olub.