Qurban Yetirmisli

“Abşeronda zəlzələ ocağı yoxdur” – MÜSAHİBƏ

Baxış sayı: 502

Türkiyədə baş verən zəlzələ “Əsrin fəlakəti” oldu. Bu hadisə insanlarda müxtəlif suallar yaratdı. Bizdə də insanlar təbii olaraq narahat olmağa başladılar. Ən çox narahat olanlar isə seysmoaktiv bölgələrdə yaşayanlardır. Yaşadığımız binanın tikintisinin keyfiyyətindən tutmuş ərazinin seysmik xəritəsinə qədər müxtəlif mövzuda suallar yaranır. Bu sualların bir qismi ilə bağlı Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) baş direktoru Qurban Yetirmişli ilə söhbətləşmişik.

 

– Azərbaycanın seysmik təhlükəli ərazi olduğu deyilir. Bir ərazinin seysmik təhlükəli ərazi olmasını şərtləndirən amillər nələrdir?
– Azərbaycan Alp-Himalay seysmik qurşağında yerləşir. Bu qurşaq Alp dağlarından başlayır, Himalay dağlarında qurtarır, Sakit okeana qədər uzanır. Burada plitələrin, plitədaxili blokların hərəkəti həmişə aktivdir. Azərbaycan da həmin seysmik qurşaqda yerləşir. Bizim mərkəz tərəfindən aparılan tədqiqatlar kompleks şəklindədir. Bu həm seysmoloji, həm geofizikidir. Eləcə də geodinamik tədqiqatlar aparırıq. Ölkə ərazisində 24 GPS stansiyamız var, 84 seysmik cihaz quraşdırmışıq. Dünyada ilk dəfə olaraq palçıq vulkanlarının seysmik stansiyalar vasitəsilə müşahidəsinə başlamışıq. Bunun üçün vulkanlar ətrafında 12 seysmik stansiya quraşdırılıb. Bundan başqa, ölkə ərazisində 300-dən çox poliqonumuz var. Poliqonlarda ayın 10-15 günü həm qravimetrik, həm də maqnitometrik ölçmə işləri aparırlar. Tədqiqatlarımız deyir ki, il boyu təkcə Azərbaycan hüdudunda 9-10 min yeraltı təkan qeydə alınır. Bunların içərisində hiss olunanları, olunmayanları var. Hiss olundu-olunmadı, fərqi yoxdur, maqnitudası 3-dən yuxarı olanları mətbuata açıqlayırıq.

 

“Seysmoaktiv zonalarımız 8-9 ballıqdır”

– Ümumi olaraq seysmik qurşaqda yerləşirik. Bəs ölkə ərazisində ən seysmik təhlükəli ərazilər hansılardır?
– Seysmoaktiv zonalarımız 8-9 ballıq zonalardır. Birinci Xəzər dənizini deyim. Deməli, Abşeron rayonunda 25 stansiyamız var. Hələ Abşeron yarımadasının özündə zəif təkan belə qeydə alınmayıb. Deməli, Abşeronda zəlzələ ocağı yoxdur. Yarımadaya təhlükə Xəzərdə olan zəlzələ ocaqlarından gəlir. Ümumiyyətlə, bütün respublikamız seysmoaktivdir. Xəzərin cənub-şərqi, şərqi, şimali-şərqi, şimal hissəsi, Xəzərin özü. Quru hissələrdə Quba, Qusar, Xaçmaz seysmoaktivdir. Böyük Qafqazın cənub şərq hissəsinə keçsək Şamaxı, İsmayıllı bütöv aktiv zonadır. Şimal-Qərb hissəmiz Şəki, Zaqatala, Balakən, Qərb hissəsi – Gəncəbasar zonası, sonra Talış dağları, Kür çökəkliyi. Naxçıvan da həmçinin. Orada da tarixən böyük zəlzələlər olub.

 

– Onlar içərisində də fərqləndirə biləcəyimiz yəqin ki var.
– Ümumi hesablamalarda ən seysmoaktiv bölgəmiz Şamaxı-İsmayıllıdır.

 

– Bu nəticə nəyə əsasən əldə edilib?
– Bizim illik hesabatlarımız olur. Aktivlik xəritəsi tərtib edirik. Aktivlikdə həm ərazidə baş verən təkanların sayı, həm də onlardan ayrılan enerjinin miqdarı önəm kəsb edir. Məsələn, bir ərazidə maqnitudası 1-3 arası olan 50 təkan baş verə bilər. Başqa ərazidə 5-6 bal gücündə təkan olursa, aktivlik burada daha çox artmış olur.

 

“Azərbaycanın yeni seysmik xəritəsi tərtib olunmalıdır”

– Şamaxı şəhərini dəfələrlə zəlzələ dağıdıb. Amma bu gün orda şəhər var. Belə yerlərdə şəhərin yenidən salınmasına niyə gedilir?
– Tarixən belədir ki, harada yaxşı şərait var, insanlar orada məskən salıblar. Yəni havası, suyu yaxşıdırsa, təsərrüfat üçün uyğun yerdirsə və s. Ona görə nə qədər dağıntı olsa da, insanlar orda yenidən məskunlaşırlar. Zamanla tikintilər necə təkmilləşib? Hansısa bu tipli hadisələr baş verdikcə, daha dayanıqlı olsun deyə, tikintilərdə də təkmilləşmə gedib. Yəni köçmək əvəzinə zamanla tikintilərin dayanıqlılığını artırıblar. Bir də ki torpaqdır, insan dədə-baba yurdundan getmək istəmir.

 

– Azərbaycan ərazisi ümumilikdə, neçə ballıq zəlzələ regionu hesab edilir? Gah 7 deyilir, gah da 8. 
– Sovet vaxtı SSRİ-yə daxil olan ölkələrin ümumi seysmik rayonlaşdırma xəritəsi tərtib olunmuşdu. O xəritəyə əsasən, Azərbaycan 7 ballıq zona hesab edilirdi. Ancaq zamanla həmin xəritədəki ölkələrdə qeyd ediləndən daha yüksək balda zəlzələlər qeydə alındı. Məsələn, 7 bal yazdıqları yerdə 9 ballıq zəlzələ olmuşdu. 1989-cu ildə SSRİ-yə daxil olan respublikalarda bu məsələyə yenidən baxdılar və göstəricilər 1 bal artırıldı. 7 idisə, 8 ballıq oldu, 8 idisə, 9. Ancaq 9 yerində qaldı. Azərbaycanı 8 ballıq götürdülər. 1991-ci ildə bizdə də belə qəbul edilib. Ancaq o xəritə bir işə yaramır. Ərazinin tədqiqatı aparılmalı, Azərbaycanın yeni seysmik xəritəsi tərtib olunmalıdır.

 

Zəlzələnin episentri çox dərində deyildi deyə, bu qədər dağıntı oldu

– Biz hər zaman zəlzələlərin neçə bal olmasına fikir verirdik. Ancaq Türkiyə zəlzələsindən sonra hansı dərinlikdə baş verməsinin də nə qədər önəmli olduğunu gördük. Eyni balda zəlzələ dərində və dayazda baş verəndə, hansı fərq yaradır?
– Bəzi yerlərdə zəlzələ yerin çox dərin qatlarında olur. 30-40 kilometr, yaxud ondan da dərin qatlarda. Dərinliyi çox böyük olan zəlzələlərin təzahürü yerdə çox zəif olur. Dərində olan zəlzələnin silkələnmə dairəsi böyükdür, ancaq yer üstündə hiss olunması, dağıntısı zəifdir. Nə qədər səthə yaxın olsa, o qədər çox dağıntı yaradır. Türkiyədəki 5, 10, 12 kilometrdə idi, ona görə bu qədər dağıntı oldu. Həmin zəlzələ 30-40 kilometr dərinlikdə olsaydı, bu qədər dağıntı olmayacaqdı.

 

– Bir də zəlzələnin müddəti məsələsi var.
– Zəlzələnin müddəti artdıqca, vurduğu zərər də artır. Ən uzun müddətli zəlzələ 30-40 saniyə olur. 1 dəqiqəyə qədər də olub. Ancaq ən təhlükəli zəlzələ ardıcıl olanlardır. Biri var tut ağacını 30-40 saniyə silkələyirsən, bir də var eyni templə dəfələrlə silkələyirsən. Dəfələrlə silkələyəndə, ağacın dəymişi də tökülür, kalı da.

 

Süni zəlzələ törətmək mümkündürmü? 

– Türkiyədə baş verən zəlzələni süni zəlzələ adlandıranlar çox oldu. 
– Harada zəlzələ baş verirsə, süni zəlzələ ehtimalını dilə gətirənlər olur. İnsanları çaşdırmaq, öz siyasi məqsədləri üçün bunları edənlər olur. Süni zəlzələ ilə təbii zəlzələ seysmoqramda fərqlənir. Məsələn, tədqiqatlarımızda təbii zəlzələlər öz yerində, eləcə də sənaye partlayışları olanda, onları da qeydə alırıq, onların gücünü də veririk. Bilirik ki, bu partlayışdan dolayı olan silkələnmədir, bu isə təbii zəlzələ. Zəlzələni bilməyən adamlar ortaya elə ehtimal atırlar.

 

– Bəs biz necə bilək ki, baş verən süni zəlzələdir, yoxsa təbii?
– Sovetlər dövründə Qazaxıstanda SSRİ-nin poliqonu var idi. Yer altında nüvə silahlarının sınağını həyata keçirirdilər. Silahlardan asılı olaraq fərqli gücdə təkanlar hiss edilirdi. Çox dərində olmadığına görə 5-6 bal gücündə zəlzələ əmələ gəlirdi. Ağacı yıxmaq, maşını çevirmək gücünə malik olurdu. Bu həmin ərazidə olurdu, orda da hiss edilirdi. Müasir dövrə gəlincə, tektonik silahlar var, zəlzələ ocaqlarına enerji buraxıb həmin zəlzələni tezləşdirməyin mümkün olduğunu deyirlər. Amma bir məsələ var, sən neçə kilometrlərdən hansısa əraziyə bu enerjini necə buraxa bilərsən? Metro xətti deyil ki, gəlib o silah bu əraziyə dəysin, burda zəlzələ yaratsın.

 

“Dəqiq vaxt yoxdursa, bu proqnoz nəyə yarayır?”

– Zəlzələlər baş verəndə “Bunu niyə proqnozlaşdırmaq olmur?” deyirlər. 
– Orta və uzun müddətli zəlzələləri proqnozlaşdırmaq olur. Orta müddətli proqnoz odur ki, bir neçə aya, bir neçə ilə qədər harada zəlzələ ola bilər? Uzunmüddətli isə 5, 50, 100 il üçün olan proqnozdur. Ancaq qısamüddətli zəlzələni proqnozlaşdırmaq, yeri, vaxtı və gücü dəqiq demək olmur. Buna görə orta və uzunmüddətli proqnozların heç bir əhəmiyyəti yoxdur. 2000-ci ildə biz aprelin 27-də rəsmi şəkildə dedik ki, Bakıda zəlzələ gözlənilir, amma vaxtını bilmirik. Zəlzələ noyabrda oldu. Dəqiq vaxt yoxdursa, bu proqnoz nəyə yarayır?

 

“Hər nöqtənin balını nəzərə alıb tikinti aparmaq lazımdır”

– Respublikamız kifayət qədər seysmoloji təhlükə olan zonada yerləşir. Belə regionda tikintidə nələr nəzərə alınmalıdır?
– Tutaq ki ərazi 8 ballıqdır, amma sən daha yüksək zəlzələyə davamlı tikməlisən. 9 ballıq yerdirsə, 9-dan yüksək üçün nəzərdə tutmalısan ki, 9 ballıq zəlzələ olanda, daha dayanıqlı olsun.

 

– Şəhərdə hansısa bir ərazini götürək və deyək ki, bu rayonda binalar filan bala uyğun tikilməlidir.
– O yerdə rayon olaraq ümumi bal demək olar ki, orda layların hamısı bir cinsdir, dümdüzdür. Ancaq elə yerlər çox deyil. Ona görə ərazi olaraq ümumi götürə bilmərik. Şəhərdə hər nöqtənin öz balını nəzərə alıb tikinti aparmaq lazımdır. Bir məhlədə yan-yana 3 bina tikilməlidir. Ərazini yoxlasaq, iki bina 8 ballıq regionda yerləşir, biri 9 ballıq əraziyə düşür. Yan-yanadır, amma fərqlidir. Məhlədə filan bina tikiləndə, yoxlanıb, 8 ballıq ərazidir – demək olmaz. Orada 9 ballıq ərazi də ola bilər və onu bilmək lazımdır.

 

“Tikintinin bizə aidiyyəti yoxdur”

– Bu günlərdə bir açıqlamanız gündəm oldu. Dediniz ki, 2019-cu ildən sonra yeni binalar tikilməzdən öncə seysmoloji rəy üçün sizə müraciət olunmur. Belə nəticəyə gəlmək olarmı ki, 2019-dan sonra tikilən binaların zəlzələyə davamlılığı sual altındadır?
– Düzdür, bizə müraciət etməyiblər, amma mən onu da iddia edə bilmərəm. Bununla bağlı normativ hüquqi sənəd var, Fövqəladə Hallar Nazirliyinin (FHN) Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi o sənəd əsasında lazım olan ünvanlara müraciət edir. O sənəddə Seysmoloji Xidmət Mərkəzinə müraciət nəzərdə tutulmayıb. Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi bu məsələlərə çox ciddi yanaşır. Çox sayda binalar var ki, normativlərə uyğun olmadığı üçün tikintisini təsdiq etməyiblər.

 

– Bəziləri deyirlər ki, köhnə tikililər təhlükədir, ancaq həm də belə fikirlər səsləndirilir ki, yeni tikililərdə qənaət məsələsi filan olur, təhlükə ehtimalı var. 
– Tikintinin bizə aidiyyəti yoxdur. Biz elmi tədqiqat işləri aparırıq. Biz tikintinin layihəsindən öncə əraziyə getməli, orda tədqiqat aparmalı, ərazinin ballığını müəyyənləşdirib bu ərazidə maksimum hansı gücdə zəlzələ ola biləcəyini deməliyik. Layihələndirilmədən öncə tədqiqat aparılmalıdır. Əvvəllər şirkətlər tərəfindən bizə müraciət olunurdu, indi edilmir. Qruntların növünə görə, ya necəsə müəyyənləşdirib tikirlər, özləri bilirlər, bizlik deyil.

 

Aygün Asimqızı




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir