Deyirlər ki, “evləndiyin şəxslə, boşandığın şəxs eyni deyil”. Yəni evlənənə qədər bir başqa tanıdığın insan, evlilik dönəmində sənə əsl simasını göstərir və başa düşürsən ki, bu şəxs evlənənə qədər tanıdığın insan deyil. Boşanmaların statistikasına baxanda və hüquqşünaslarla müzakirələr aparanda məlum olur ki, tərəflər daha çox maddi səbəblərdən boşanırlar. Qadınların dəbdəbəli həyat arzusu ailə olmaq arzusundan daha güclü olur və ailə dağılır. Burada sosial şəbəkələrin də müəyyən qədər rolu var. Sosial şəbəkələrdə dəbdəbəli həyat görən qadınlar bunu öz həyatlarında da istəyirlər. Nəticədə ayrılıq qapını döyür…
Hüquqşünas Ramil Süleymanov bildirir ki, evlənmək yetkinlik yaşına çatmış insanların hüququ olduğu kimi boşanmaq da bir hüquqdur, sadəcə boşanmaların səbəblərinə fikir vermək lazımdır.
“Bir çox hallarda boşanan cütlüklər ailələrin maddi durumu və maddi keçimsizlikdən boşandıqlarını açıqlayırlar. Burada şəxslərin dəbdəbəli həyat arzu etməsi və yaxud boşanmanın səbəbi qohumunun rəfiqəsinin və ya sosial şəbəkələrdə olan blogerlərin və digər istifadəçilərin lüks və dəbdəbəli həyatları əsas gətirilməklə boşanılırsa, bu vəziyyət artıq daxili mənəviyyatsızlığın göstəricisidir. Belə ailələrin dağılması qaçılmazdır. Bu səbəbdən də Ailə Məcəlləsinə nikahın pozulması ilə bağlı müəyyən düzəlişlərin, əlavələrin edilməsi üçün şərait yetişib.
Məsələn, bir çox hallarda ailələrə qonşu ölkələrin təcrübələrində və qanunvericliklərində ailələrə müdaxilə, tərəflərin digərini əxlaqsızlıqda, xəyanətdə ittiham etməsi və yaxud əvvəldən vəziyyəti və şəraiti bildiyi halda evlənməklə, sonradan sanki bilmirmiş kimi əsas gətirib boşanan şəxslərlə bağlı qanunvericilik sərt tədbirlər görülməlidir. Bu zaman evliliyə addım atan şəxslər öz məsuliyyətlərini anlayacaq. Çünki ailə institutu dövlətin özəyini təşkil edən institutlardandır. Nəticə etibarilə, bu institutun günbəgün inkişafı və möhkəmlənməsi indi daha çox lazım olduğu bir zamanda vətəndaşların absurd yanaşmalar sərgiləməklə ailələrini dağıtması, gələcək nəslin mənəviyyatsızlığa yönləndirilməsi və daha çox travmalar almasına səbəb ola bilir. Bu da mütəq şəkildə dövlət tərəfindən nəzarətdə saxlanılmalıdır. Dövlət bu məsələnin qanunvericiliyə əsasən tənzimlənməsini də həyata keçirməlidir”-deyə hüquqşünas əlavə etdi.
İradə Cəlil