“The İndependent” yazır ki, alimlər “acı xatirələrin” beyindən “silinə” biləcəyini prinsip etibarilə sübut ediblər. Belə bir hadisə fantastika janrında çəkilmiş məşhur “Ləkəsiz zəkanın əbədi parıltısı” filmində təsvir edilib. Siçanlar üzərində aparılmış təcrübələrdən aşkar edilib ki, elektrik vurmasını xarakterizə edən səslə bağlı qorxulu xatirəni “yandırıb-söndürmək” mümkündür.
Lakin alimlər deyiblər ki, belə bir təcrübənin insanlar üzərində aparılması etik suallar doğurur və buna görə də hələ tezliklə baş verməyəcək. Bununla belə, onlar inanırlar ki, bu metoddan nə vaxtsa gələcəkdə, məsələn, bəzi insanlardakı “post-travmatik stress” pozuntusunun aradan qaldırılması və ya narkotik maddə aludəçiliyinə son qoyulması üçün istifadə edilə bilər.
Amerikanın Elmi Tərəqqi Assosiasiyasının Bostonda keçirilən illik konfransında çıxış edən professor Sheena Josselyn deyib ki, alimlər beynin “xatirələr yığılan konkret hüceyrələrini” aşkar ediblər. “Odur ki, biz indi xatirələrin cəmləşdiyi həmin nahiyəni hədəfləyə bilərik” – alim deyib və əlavə edib ki, beynin həmin hissəsində hüceyrələrin fəaliyyətini tormozlamaq mümkündür: “Bu, bir növ xatirələrin yaddaşdan silinməsidir”.
Təcrübə zamanı “yaddaşı silinmiş” siçanlar elektrik səsinə elə də reaksiya verməyiblər. Bu da bəlli olub ki, beynin sözü gedən hissəsindəki hüceyrələrin yenidən hərəkətə gətirilməsi xatirələri və yaddaşı bərpa edir. “Beləliklə, biz yaddaşı istədiyimiz vaxt ”yandıra” və istədiyimiz vaxt “söndürə” bilərik” – alim qeyd edib. Lakin onun fikrincə, yaddaşla birlikdə səhvlər və səhvlərdən öyrəndiymiz təcrübələr də silinə bilər.
Qeyd edək ki, insan beynində xatirələr “enqram” deyilən hissədə toplaşır. Bu hissədəki hüceyrələr müəyyən ardıcılıqla “atəş aça” bilir.