Azərbaycan cəmiyyətində əsrlər boyu formalaşmış çoxsaylı adət-ənənələr mövcuddur. Onlar xalqın həyat tərzini, düşüncə tərzini və sosial münasibətlərini müəyyənləşdirib. Lakin müasir dövrdə bəzi adətlər artıq hüquqi müstəvidə qəbul edilmir, hətta qanun pozuntusu hesab olunur. Bunun əsas səbəbi insan hüquqlarının qorunması, gender bərabərliyinin təmin edilməsi və müasir dövlət idarəçiliyində hüququn adət qarşısında üstünlüyüdür.
Əvvəllər bəzi bölgələrdə qızların erkən yaşda ərə verilməsi normal sayılırdı. Hətta bu, ailə və şərəf məsələsi kimi qiymətləndirilirdi. Lakin qanunvericilikdə 18 yaşına çatmayan şəxslərin nikaha daxil olması cinayət hesab olunur. Belə hallar həm uşaqların hüquqlarını pozur, həm də onların təhsil və sağlamlıq imkanlarını məhdudlaşdırır.
Kənd yerlərində uzun illər “qız qaçırmaq” evliliyə gedən yol kimi təqdim olunurdu. Halbuki bu, həm şəxsi azadlığın pozulması, həm də ailə institutuna zərbədir. Cinayət Məcəlləsinə görə, insanı iradəsi əleyhinə azadlıqdan məhrum etmək və ya nikaha məcbur etmək ciddi hüquqi məsuliyyət yaradır.
Bir çox ailələrdə qızın ərə verilməsi zamanı yüksək miqdarda “başlıq pulu” və ya cehiz tələbi adət kimi qəbul edilirdi. Müasir qanunvericilikdə isə bu, maddi məcburiyyət və ya iqtisadi zorakılıq sayılır. Belə hallar ailə-məişət zorakılığının tərkib hissəsi kimi hüquqi məsuliyyətə səbəb ola bilər.
Ənənələrdə rast gəlinən “qan davası” və ya qisas almaq meyli də bir zamanlar şərəf məsələsi kimi qəbul edilirdi. Halbuki bu, hüquq müstəvisində ağır cinayət, qəsdən adam öldürmə, sağlamlığa zərər vurma və digər hüquq pozuntuları ilə nəticələnir. Müasir dövlət üçün ədalət yalnız məhkəmə yolu ilə təmin olunur.
Bəzi bölgələrdə toy və yas mərasimlərinin həddindən artıq təmtəraqlı keçirilməsi “adət” hesab olunur. Lakin dövlətin qəbul etdiyi qərarlarla bu məsələlərə məhdudiyyətlər qoyulub. Pandemiya dövründə kütləvi tədbirlərin qadağan olunması, yaxud son illərdə israfçılığın qarşısını almaq üçün qəbul edilən qaydalar buna nümunədir.
Adətlər xalqın kimliyini qorusa da, qanun insan hüquqlarının təminatçısıdır. Əgər bir ənənə insanın azadlığını, ləyaqətini, sağlamlığını və ya hüquqlarını pozursa, onun davam etməsi mümkün deyil. Müasir dövrdə qanun adətlərin üzərindədir və cəmiyyətin inkişafı üçün bu, zəruridir.
Leyla Mirzə