Ad günü hər bir insanın şəxsi bayramıdır. Hətta bu günü qeyd etməyi sevməyənlər üçün də özəl bir gündür və hamı bu günün gözəl keçməsini arzular. Çünki köhnə yaşın son günü, yeni yaşın başlanğıcında yerləşən bu gün qovşaq rolunu oynayır. İnsanlar müasir dövrə, texnoloji tərəqqiyə baxmadan, hələ də müəyyən inanclara inanırlar. Ad günü ilə bağlı da müəyyən əlamətlər var ki, inanıb-inanmasaq da, bunlara diqqət yetirmək pis olmazdı.
“Gencaile.az” bu özəl günlə bağlı inancları diqqətinizə çatdırır:
Belə bir deyim var ki, “Yeni ili necə qarşılasan, il elə də keçəcək”. Bu, ad günü üçün də keçərlidir. Yuxudan oyanan kimi gözəl şeylər haqqında düşünün. Qətiyyən kiməsə əhval-ruhiyyənizi pozmağa imkan verməyin. Qalmaqallardan, mübahisələrdən qaçın. Hətta elmi, ədəbi mübahisələr də günü korlaya, sizi yora bilər. Həmin günü yaxşı köklənmək sizi gözdəymədən də xilas edəcək. Əgər inanclı adamsınızsa, günə Allaha dua ilə başlayın. Mütləq ya təzə paltar geyinin, ya da qarderobunuzdan ən şık paltarınızı seçin. Bu günü harasa getməsəniz də, özünüz üçün bəzənib-düzənin. Evdə olduğunuzu bəhanə edib köhnə geyinməyin, hələ yırtılmış çəkələk, corabdan əsla istifadə etməyin. Paltarınızın cibinə pul qoyun. Cibsiz paltardısa, paltarın görünməyən hissəsindən sancaqla kağız pulu sancın. Mümkün olduğu qədər gerçək zinət əşyası taxın. Bijuteriyaları başqa gün də taxa bilərsiniz. Ziyafət zamanı və ya mətbəxdə iş görərkən paltarınız ləkələnsə belə onu dəyişməyin. Bu, uğursuzluq gətirə bilər.
Xüsusi diqqət ayıracağınız məqamlar:
* Ad gününü vaxtından qabaq qeyd etməyin. Əgər bazar gününə düşürsə, iş yoldaşlarınızla da qeyd etmək istəyirsinizsə, o zaman sonrakı günü qeyd edin. Çünki vaxtından qabaq ad günü ömrü qısaldır deyirlər.
* Ad günündən qabaq və ya həmin gün kimdənsə borc almayın. Bütün ili borc içində keçirə bilərsiniz.
* Həmin gün xəstə adamlarla, dərdi-səri çox olanlara ünsiyyətə girməyin. Yox əgər mümkün deyilsə, yaxınlarınızdan kimsə xəstədirsə, o zaman həmin gün cibinizə gümüş əşya qoyun. Gümüş insanı həm gözdən qoruyur, həm də müsbət enerji aurasını artırıb, orqanizmin müqavimətini tənzimləyir.
* Ziyafət təşkil edirsinizsə, qonaqların sayına fikir verin: 9, 13, 21, 51, 99 sayda adam olmasın. Bu rəqəmlər mənfi aura daşıyır. Əgər bu sadalanan rəqəmlərə uyğun yaşdasınızsa (məsələn 21, 51) tortun üzərinə şam qoymayın.
* Hər bir insanın ad günündə aurası mənfi və müsbət arasında get-gəl edir. Yəni istənilən pisliyi üzərinə çəkə bilərsiniz. Ona görə də soyuq münasibətdə olduğunuz, pis niyyətli adamları qonaq çağırmayın.
* Həmin gün qab sınanda “Xoşbəxlik naminə” deyin. Amma qırıqları evdən dərhal çıxarmayın. Ümumiyyətlə, həmin gün evdən heç nə atmayın. Zibili də sabaha saxlayın.
Ad günündə bu hədiyyələri vermək olmaz:
* İti əşyalar (bəzəkli xəncər, bıçaq dəsti və s.)
* Əlcək, pulqabı, şarf, papaq (ayrılıq rəmzi hesab olunur)
* Sınan əşyalar (sınmaq – kövrəklik deməkdir),
* Mirvari aksessuarlar (mirvari göz yaşı rəmzidir)
* Güzgü (iki dünya arasında qapıdır)
Niyyətinə şübhə etdiyiniz qonşudan, qohumdan hədiyyə almağa məcbur qalanda onu işlətməyin. Nə qədər bahalı olursa-olsun, növbəti gün atın getsin. Hətta maşın belə hədiyyə etsələr, başqasına satın. Yalnız bu yolla özünüzü görünməz mənfi qüvvələrdən xilas edə bilərsiniz.