don

Ağ qısa donlar yazın arzulanan trendi kimi

Baxış sayı: 546

Donlar yaz-yay qarderobunda ən əvəzolunmaz elementdir. Moda dəyişkən olsa da, bəzi üslublar çoxdan klassikaya çevrilib. Məsələn, kiçik qara paltar artıq uzun illərdir ki, qadın qarderobunun ayrılmaz hissəsi hesab olunur. Belə bir libası rahatlıqla həm ofisə, müxtəlif şənliklərə, romantik görüşlərə, həm də teatra geyinə bilərsiniz. Amma dizaynerlər yeni mövsümdə bizi qısa qara paltarı onun ağ alternativi ilə əvəz etməyə dəvət edirlər.

Bu model “Versace”, “Saint Laurent” kimi lüks moda evlərindən tutmuş, bir çox əlçatan markaların kolleksiyalarında tapıla bilər.

İsti mövsümdə ağ donlar ən yaxşı dostunuz olacaq, buna şübhə yoxdur. Həm gözəl görünür, həm də sıradan bir gündə geyinsəniz belə, bayram əhval-ruhiyyəsi yaradırlar. 2024-cü ilin yaz-yay nümayişlərində bir çox moda evlərinin kolleksiyalarında qısa ağ libaslar gördük. Ən məşhur fasonlardan biri də trapesiya-paltarlardır. Bizi 60-cı illərin estetikasına qaytarır. “Versace” markası yaxasında muncuq və strazlar ilə bəzədilmiş belə bir model təqdim edib. Razılaşırıq, olduqca zərifdir, eyni zamanda gündəlik üçün də əlverişlidir. Sabato de Sarno isə debüt kolleksiyasında “Gucci” üçün daha minimalist bir versiya hazırlayıb. Başqa bir ağ əlbisə “Saint Laurent” kolleksiyasında qarşımıza çıxdı.

Əvvəllər yalnız lakonik variantlar dəbdə olsa da, indi dekorativ versiyalar daha aktualdır və onlardan qorxmağa ehtiyac yoxdur. Məsələn, Pierpaolo Piççioli “Valentino” moda evi üçün perforasiya olunmuş dəridən hazırlanmış ağ libas yaradıb. “Blumarine” isə gözəlliyinizi çiyin dekoltesi ilə vurğulamağı təklif edir. Bir sözlə, bu mövsüm ağ mini paltarlar istənilən stildə ola bilər: lakonik, ipək, şifon və ya dekorasiyalarla bəzədilmiş. Hansı stili seçdiyinizdən asılı olmayaraq, uduzmayacaqsınız. İlk növbədə, üstünlüklərinizə diqqət yetirin, sadə və klassik bir model istəyirsiniz, yoxsa, parlaq və göz oxşayan paltara üstünlük verirsiniz? Dizaynerlər istənilən variantı təklif edirlər.

Bəs belə bir libası hansı ayaqqabılarla uzlaşdırmaq olar?

Biz sizə ağ mini libası stilettolar, səndəllər, baletkalər, loaferlər və ya kobud çəkmələrlə birləşdirməyi təklif edirik. Üzərinizə bir palto, plaş və ya pencək ata bilərsiniz. Ondan da əmin olun ki, ağ qısa əlbisələr öz aktuallığını uzun müddət itirməyəcək, onlar zaman-zaman moda səhnəsində görünən tendensiyalardan biridir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir