seher

“Ağıllı şəhər”in 10 üstünlüyü

Baxış sayı: 1. 986

Elm, texnologiya inkişaf etdikcə, dünya daha çox dəyişikliklərə məruz qalır. “Ağıllı şəhər” (Smart City) layihəsi də bu dəyişikliyin əsas hissələrini özündə ehtiva edir. Dünyada “ağıllı şəhərlər” elm və texnologiyanın ən üst səviyyədə inkişaf etdiyi, cəmiyyətin, insanların  həyat tərzinin fərqli yön aldığı şəhərlər sayılır.

“Ağıllı şəhər” fikri son illərdə texnoloji şirkətlər və şəhər planını hazırlayanlar arasında çox müzakirə edilən mövzudur. Hesab edilir ki, şəhərlərimizin daha ağıllı hala gəlməsi ilə gündəlik həyatımız daha da asanlaşa bilər.

IDC tədqiqat şirkətinin qiymətləndirməsinə görə, 2020-ci ildə “ağıllı şəhər” mühitinin inkişafı üzrə təşəbbüslərə qlobal xərclər 2019-cu illə müqayisədə təxminən 19% artaraq, 124 milyard dollara yaxınlaşacaq.

Sinqapur “ağıllı şəhər” infrastrukturunun inkişafına xərclərin həcminə görə liderlik etməyə davam edəcək. Yaponiyanın paytaxtı Tokio bu göstərici üzrə ikinci yeri tutacaq. Üçüncü və dördüncü yerlərdə müvafiq olaraq Nyu-York və London şəhərləri qərarlaşacaq. IDC şirkətinin proqnozuna görə, yuxarıda adıçəkilən meqapolislərdən hər biri “ağıllı şəhər” proqramlarına 1 milyard dollardan çox vəsait xərcləyəcəklər.

Regional nöqteyi-nəzərdən təhlil onu göstərir ki, ilk üçlükdə ABŞ, Qərbi Avropa və Çin yerləşəcək. Bununla belə Latın Amerikası və Yaponiyada “ağıllı şəhər”lərə yatırılan investisiyanın həcmi daha sürətlə artacaq.

Qazaxıstanda “Smart Aqkol” layihəsi çərçivəsində  “Rəqəmsal Qazaxıstan” dövlət proqramı həyata keçirilir. Paytaxtdan 100 kilometr məsafədə yerləşən və 15 min əhalisi olan Aqkol Qazaxıstanda ilk tam rəqəmsal yaşayış məkanı olacaq. Oxşar layihə üzərində Türkmənistanda da işlər həyata keçirilir.

 

“Ağıllı şəhər”in sirri

“Ağıllı şəhər”in fəaliyyəti smart cihazlardan əldə edilən məlumatlar üzərində qurulur. Bu cihazlar telefonlar, ya da avtomobillərdə olan sensorlar belə ola bilər. Smart cihazlar vasitəsilə kifayət qədər məlumat əldə edildikdə isə məsul şəxslər şəhərin ehtiyaclarını müəyyən edə və lazımlı infrastruktur işlərinə start verə bilərlər.

1.6 milyon nəfər əhalisi olan Ninsya vilayətinin İnçuan (Çin)   mərkəzi, 3000 nəfər əhalisi olan Fudzisava (Yaponiya) şəhəri, 192 min nəfər əhalisi olan Milton-Kins (Böyük Britaniya) şəhəri, 5.5 milyon nəfər əhalisi olan Sinqapur (Sinqapur) meqalopolisi, 300 nəfərin yaşadığı Əbu-Dabi şəhərinin  qəsəbəsi Məsdər (BƏƏ)  “ağıllı şəhər”lər sırasındadır.

Təkcə 2016-cı ildə qurulan Fudzisava şəhərinin timsalında “ağıllı şəhər”in real nümunəsi haqqında təsəvvür formalaşdırmaq olar. Belə ki, hazırda 3000 nəfər əhalisi olan şəhərin bütün evlərində yalnız günəş enerjisindən istifadə olunur. Əsas nəqliyyat vasitələri elektriklə işləyən avtomobillər, velosiped və samokatlardır. Bu şəhərdə sudan az istifadə olunur. Küçələr sensorlu işıqlandırma sistemləri ilə təchiz olunub. Zəlzələ və digər fövqəladə hadisələr zamanı şəhər özünü 3 gün ərzində saxlaya bilir. Yerli sakinlər isti və soyuq su, elektrik enerjisi və ərzaq cəhətdən özünü təmin edir.

 

Bizim də smart şəhərimiz olacaq

Ölkəmizdə də “Ağıllı şəhər” konsepsiyasının tətbiqi ilə bağlı təkliflər hazırlanacaq. Bu, Prezident İlham Əliyevin Sərəncamı ilə imzalanmış “Açıq hökumətin təşviqinə dair 2020-2022-ci illər üçün Milli Fəaliyyət Planı”nda da öz əksini tapıb. Belə ki, Milli Fəaliyyət Planında 2020-2021-ci illər ərzində “Ağıllı şəhər” konsepsiyasının tətbiqi ilə bağlı araşdırma aparılacaq və pilot layihə həyata keçirilməsi imkanlarının müəyyən ediləcəyi qeyd edilib. Layihənin icrası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə həvalə edilib.

 

Üstünlükləri

Bakıda “Ağıllı şəhər” layihəsinin yaradılması ilə bağlı həyata keçirilən fəaliyyət barədə danışan iqtisadçı ekspert Vüqar Bayramovun sözlərinə görə, artıq layihənin ilkin təqdimatına start verilib. Dünya praktikasına görə, “ağıllı şəhər”in 10 böyük üstünlüyünün olduğunu deyən iqtisadçı, birinci sırada səmərəli datalara və göstəricilərə əsaslanan qərarların verilməsi prosesini qeyd edir: “Təbii ki, bu, şəhərin idarə edilməsi ilə bağlı daha analitik strategiyanın yaradılmasına imkan verir. Bu, eyni zamanda qərarların konkret olaraq şəhərin göstəricilərinə uyğun olaraq verilməsi deməkdir”.

Ekspert ikinci böyük üstünlüyün vətəndaş və hökumətin əməkdaşlığından ibarət olduğunu bildirir: “Bu layihə vətəndaş və hökumət arasında daha sıx əməkdaşlığın formalaşmasına kömək edir. Həmin şəhərdə yaşayan sakinlər də fərqli alətlərdən, internet üzərindən və mobil aplikasiyalardan, portallardan, onlayn alətlərdən istifadə etməklə, şəhər idarəetməsi ilə birbaşa əlaqə qururlar”. “Ağıllı şəhər”in daha bir üstünlüyü təhlükəsiz icmaların yaradılmasıdır: “Ümumiyyətlə, dünya praktikasında daha təhlükəsiz icmalar yaradılır. “Ağıllı şəhər” təhlükəsiz şəhərdir. Bu, birbaşa onunla bağlıdır ki, burada texnologiyalardan  ciddi şəkildə istifadə olunur. Bu, texnoloji olaraq cinayətlərin üstünün daha tez və qısa zamanda açılmasına imkan yaradır və şəhəri təhlükəsiz şəhərə çevirir. Ətraf mühitin qorunması baxımından, alternativ enerji mənbələrinin imkanlarından “ağıllı şəhər”lərdə istifadə olunur”. 5-ci üstünlük nəqliyyatın inkişaf etdirilməsidir: “Ağıllı şəhər” imkan verir ki, nəqliyyat inkişaf etsin. Dünya təcrübəsində “ağıllı şəhər”lər il ərzində təxminən nəqliyyat sektoruna yönəltdikləri investisiya həcmini 25 faiz artırırlar. Bu, təbii ki, həm nəqliyyatın tənzimlənməsi, eyni zamanda, tıxacların aradan qaldırılması baxımından vacibdir”. 6-cı üstünlük rəqəmsal bərabərliyin inkişaf etdirilməsidir. Təbii ki, wi-fi-ın daha geniş ərazidə istifadə olunması, sürətinin artırılması kimi məqamlar orada öz əksini tapır. 7-ci üstünlük yeni iqtisadi inkişaf üçün imkanların yaradılmasıdır. Belə ki, “Ağıllı şəhər” yerli və xarici investisiyaların cəlb edilməsinə şərait yaradır, bu isə yeni iqtisadi imkanların yaradılması deməkdir: “Nəticə etibarilə yeni investisiyanın cəlb edilməsidir. Bu da istifadə baxımından şəhərin inkişaf etməsi anlamına gəlir. “Ağıllı şəhər”in üstünlüyü ictimai xidmətlərdə, o cümlədən, kommunal xidmətlərdə daha çox səmərəliliyin artırılmasıdır. Bu, imkan verir ki, “ağıllı şəhər”lərdə kommunal xidmətlərin fasiləsizliyi təmin olunsun, həmçinin keyfiyyəti artsın. Bu da, smart şəhərdə yaşayan vətəndaşların kommunal xidmətlərdən daha fasiləsiz və daha keyfiyyətli istifadə etməsi anlamına gəlir”.

Layihənin 9-cu üstünlüyü infrastrukturun inkişaf etdirilməsidir. “Ağıllı şəhər” imkan verir ki, yollar, körpülərlə bağlı daha əsaslandırılmış və sistemli infrastruktur qurulsun və onların təmin edilməsi və gücləndirilməsinə diqqət ayırmaq mümkün olsun: “Müasir texnologiyanı gətirməklə, bəzi şəhərlərin infrastrukturunu inkişaf etdirilmək mümkün olsun. Nəhayət, layihə ixtisaslı kadrların işlərlə təmin olunması və onlar üçün daha çox iş yerlərinin yaradılmasına imkan yaradır. Bu ixtisaslı kadrların daha qısa zamanda işlə təmin olunması sistemidir. Əsas üstünlük odur ki, “Ağıllı şəhər”in özündə məşğulluğun təmin edilməsi və kadrların işlə təminatına imkan yaradılır”.

 

Təranə Məhərrəmova




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir