Çinin “Tencent” telekommunikasiya şirkəti uşaqlar üçün funksional “ağıllı” saatlardan birini təqdim edib.
1,12 düym (2,85 sm) diaqonallı ekranla təchiz edilən və 128×128 pikselli təsvir ölçüsünə malik “QQ Watch” saat modeli “IP65” dərəcəli toz və sukeçirməz mühafizəyə malikdir ki, bu, onun su altında da işləməsinə imkan verir.
AzərTAC “Lenta” saytına istinadən bildirir ki, qurğu əsasən uşaqlar itərkən onların olduğu yeri müəyyənləşdirmək üçün nəzərdə tutulur. Valideynlərə təcili məlumatın göndərilməsi üçün “SOS” düyməsi nəzərdə tutulub. Uşağın olduğu yeri maksimum dəqiqliklə müəyyənləşdirmək üçün yeni təqdim edilən qurğu “GPS”, “Wi-Fi” və mobil rabitə şəbəkələrinin məlumatlarından yararlanır.
Saat həmçinin 0,3 meqapikselli kamera ilə təchiz edilib. Onun köməyi ilə itmiş uşaqlar valideynlərinə olduğu yerin ətraf fotoşəkillərini göndərə biləcəklər.
İstehsalçı şirkətin nümayəndələrinin sözlərinə görə, qiyməti hələ məlum olmayan qurğunun tam doldurulan akkumulyatoru beş gün işləyə biləcək. Satışlara bu ilin oktyabrında başlanılması nəzərdə tutulur.