Son illər ağıllı telefonların bazara çıxarılması əsas işi texnologiya ilə bağlı olan və bu texnikadan düzgün istifadə etməyi bacaran insanların işini daha da asanlaşdırdı. Lakin bütün bunlarla yanaşı, düzgün istifadə edilmədiyi halda ağıllı telefonlar həm də şəxsi, gizli məlumatlarımızın deşifrə edilməsi baxımından olduqca təhlükəlidir. Bu tipli təhlükələrlə qarşılaşmamağınız üçün indi sizinlə Android sistemli mobil vasitələrdən istifadə edərkən, əməl etməli olduğumuz təhlükəsizlik qaydaları haqqında danışmaq istəyirik.
Ekranınızı kilidləyin!
Əməl etməli olduğunuz ən əsas təhlükəsizlik tədbiri ekranı kilidləməkdir. Bu tətbiq demək olar ki, bütün cihazlar üçün eynidir. Bunun üçün mobil alətdən istifadə etməyə başlamazdan əvvəl parametrlər bölməsindən təhlükəsizlik və ekran kilidləmə hissəsini seçin. Sizin üçün xüsusi əhəmiyyətli olan qovluqları iki dəfə kilidləyin. Bu mövzuda App Lock tətbiqini “Google Play Store”dan pulsuz yükləyə bilərsiniz.
Mobil telefonunuz itibsə, təşvişə ehtiyac yoxdur
Bu mövzuda həm Google, həm də ESET Mobile Security, Anti-Theft tətbiq proqramı sizə unikal təhlükəsizlik tədbirləri təklif edir. Belə ki, səssiz rejimdə olan telefonunuz evdə itsə belə, (divanın, şkafın arxasına düşsə də) Anti-Theft tətbiqi ilə onu asanlıqla tapa bilərsiniz. Eyni zamanda telefonunuz sizdən çox uzaqda olduğu halda başqasının əlinə keçməsin deyə, onu kilidləyə və xəritə üzərindən yerləşdiyi ərazini tapa bilərsiniz.
Gizli məlumatlarınızı telefonda saxlamayın
Məsələn, kredit kartınızın şifrəsini və ya şəxsiyyət vəsiqənizdəki fotoşəkili telefonunuzun yaddaşında saxlamağınız təhlükəsizliyiniz baxımından etibarlı deyil. Çünki mobil telefonunuz istəmədiyiniz bir insanın əlinə keçərsə, o, asanlıqla bu məlumatlardan istifadə edərək, sizin adınızdan müxtəlif xoşəgəlməz işlərə imza ata bilər. Düzdür, telefonunuzu itirdiyiniz halda siz eyni zamanda “Google Android Device Manager” və “ESET Mobile Security”də Anti-Theft proqramı vasitəsilə uzaqdan məlumatlarınızı silə bilərsiniz. Amma daha yaxşı olar ki, şəxsi məlumatlarınızı saxlamaq üçün hard disklərdən və mikro kartlardan istifadə edəsiniz.
Hər proqramı yüklədikdə icazə pəncərəsini diqqətlə oxuyun!
Androiddə tətbiq icazə pəncərləri darıxdırıcı kimi görünsə də, əslində bu sizin mobil sisteminizin təhlükəsizliyini təmin etmək baxımından çox önəmlidir. Bəzi hallarda proqram yükləyərkən icazə pəncərəsi sizdən Android funksiyasına və şəxsi məlumatlarınıza nəzarət etmək üçün icazə istəyir. Əgər bu icazə mətnini oxumadan onunla razılaşırsınızsa, deməli bilərəkdən şəxsi məlumatlarınızın təklükəsizliyini heçə endirirsiniz. Bunun üçün də daha yaxşı olar ki, nə qədər sıxıcı hesab etsəniz də, hər proqramı, tətbiqi yükləyərkən icazə pəncərəsini diqqətlə oxuyasınız.
Telefonla ödəmə edərkən diqqətli olun!
Müasir Android cihazlar telefonla ödəmə imkanı təqdim edən NFC sisteminə malikdir. Hətta bəzi ölkələrdəki mağazalarda bununla bağlı ödəmə sistemləri fəaliyyət göstərir. ESET araşdırmaçıları belə qənaətə gəliblər ki, banklarla bağlı hər yeni texnologiya komputer hücumları üçün potensial hədəfdir. Buna görə də bu texnologiyadan istifadə edərkən bankdan doğru məlumat alınması və ya birbaşa olaraq NFC sistemi ilə ödəmə edilməsi tövsiyə edilir.
Təhlükəsizlik proqramı istifadə edin!
ESET-in məlumatlarına görə, son bir ildə ağıllı telefonlarda mənfi məqsədlərlə işlədilən proqramların sayı 63 faiz artıb. Yəni heç də istifadə etdiyiniz bütün proqamlar təhlükəsiz deyil. Bunun üçün eyni ilə komputerinizi qoruduğunuz kimi cib telefonunuzu da qorumaq məqsədilə mobil təhlükəsizlik (Mobile Security) proqramları istifadə edin!