Çox zaman ciddi qəbul edilməyən burun tıxanıqlığı ürəyi yorur və ürək xəstəliklərinə yol aça bilir.
Qulaq-burun-boğaz mütəxəssisi dos. dr. Eren Taştanın fikrincə, gecələr burundan nəfəs almamaq, ağzıaçıq yatmaq, xoruldamaq, tez-tez oyanmaq, səhərlər yorğunluq hissi kimi şikayətləri olanlar mütləq qulaq-burun-boğaz həkiminə müraciət etməlidirlər. Burun tıxanıqlığı yuxu problemləri və yorğunluq kimi yaşam keyfiyyətini azaldan narahatlıqların ortaya çıxmasına gətirib çıxarır.
Uzun müddət davam edən burun tıxanıqlığı ürək xəstəliklərinə səbəb ola bilər. Müxtəlif yollarla müvəqqəti şəkildə aradan qaldırılmağa çalışılan bu problem uzun müddət davam edərsə, ürəyi yoraraq ürəklə bağlı narahatlıqlar əmələ gətirir. Burun tıxanıqlığı bəzən sadəcə tıxanıqlıq kimi, bəzi hallarda isə xoruldama və burun axıntısı kimi əlamətlərlə də müşahidə olunur. Allergik qrip və infeksiyalar da bunun səbəblərindən biridir.
Polip kimi kütlələr də burnun tamamilə tıxanmasına səbəb ola bilər. Soyuqlama, qrip və sinüzit kimi infeksiyalar da qısamüddətli burun tıxanıqlığına yol aça bilər. Xalq arasında burun əti adlandırılan kütlələr quruluşca da böyük ola bilir. Sümükdə və ya qığırdaqda əyrilik və ya sürüşmə varsa, xəstənin şikayəti də bu səbəblərdən qaynaqlanırsa, tək çarə kimi cərahiyyə əməliyyatı məsləhət görülür. Xroniki sinüzit olan xəstələrdə əvvəlcə tibbi müalicə tətbiq olunur.
Əgər problemin bu yolla aradan qaldırılması mümkün olmayıbsa və ya sinüzit tez-tez təkrarlanırsa, xüsusilə anatomik problem və ya əyrilik (deviasiya) olan burunda cərrahiyyə əməliyyatına ehtiyac ola bilir. Allergik qripdən qaynaqlanan burun tıxanıqlığında əvvəlcə burun spreyləri və müxtəlif dərmanlardan istifadə edilir.