Nə dünyaya gəlişini, nə də ata-anasını uşaqlar seçmir. Ailə olmağa, dünyaya uşaq gətirməyə valideynlər qərar verir. Lakin son zamanlar boşanmaların artması fərdlərin nikaha daxil olarkən məsuliyyəti anlamadıqlarını göstərir. Ailə həyatına biganə yanaşma, müxtəlif səbəblər üzündən artan boşanmalar dünyası iki yerə dağılan, atılan, atasız böyüyən uşaqlar problemini aktual etdi.
Bu uşaqlar uşaqlığının tam sevincini yaşamayan, atası ilə xoşbəxt vaxt keçirən uşaqlara həsədlə baxan, sevgisi nifrətə qarışan, kiçik yaşlarından böyük zərbə alan, bu zərbənin yarasına ömür boyu dözənlərdir.
Dövlət Statistika Komitəsinin məlumatına görə, Azərbaycanda 1995-ci ildə 5669, 2005-ci ildə 8895, 2011-ci ildə 10747, 2012-ci ildə 11087, 2013-cü ildə 11730, 2014-cü ildə 12 088, 2015-ci ildə 12 764, 2016-cı ildə 13114 boşanma qeydə alınıb. Ötən il hər 1000 nəfərə düşən nikahların sayı azalaraq 6,9-a enib, boşanmaların sayı isə artaraq 1,4-ə yüksəlib. Rəsmi statistika təsdiq edir ki, ölkədə boşananların sayı artmaqdadır. Boşanmadan sonra əksər hallarda uşaq anası ilə qalır. Çox vaxt bu alınmayan münasinbətlərdə uşaqlar qisas üçün alətə çevrilir. Adətən analar boşanmadan sonra uşağı atadan gizlətməyə, onların münasibətlərinə əngəl olmağa, uşağın gözündə atasını kiçiltməyə, vicdansız bir insan kimi çıxartmağa çalışır. Amma boşanmadan sonra uşağı unudan atalar da az deyil.
Milli Məclisin İnsan Hüquqları Komitəsinin üzvü, millət vəkili Fazil Mustafanın sözlərinə görə, ər və arvad boşanmağı qərara alıbsa, bu prosesin uşaqlar üçün bacardıqca az ağrılı keçməsinə çalışmalıdırlar: “Boşanmadan sonra uşağın ananın, yoxsa atanın himayəsində qalması məhkəmə qərarı ilə həll olunur. Əslində məhkəmənin qərarı uşağın məhz ananın himayəsində qalmasına yönəlmir. Məhkəmə zamanı kimin uşağa daha yaxşı baxması, böyütməsi, qayğısına qalması, tərbiyə etməsi imkanlarının olub-olmaması araşdırılır, uşağın mənafeyi düşünülür. Ona görə anaya verilməsi qərara alınır. Elə olur ki, uşaq anaya verilmir. Ananın həyat tərzi yaxud, yaşam şərtləri buna imkan verməyəndə uşaq anada qalmır. Burada həm də uşağın kiminlə qalması istəyi önəm daşıyır”.
F.Mustafanın dediyinə görə, boşanmadan sonra əsas odur ki, uşaqları vaxtı-vaxtında valideynlərə göstərmək məsələsi həllini tapsın: “Uşağın ayrı düşdüyü valideynlə görüşmək imkanı təmin olunmalıdır. Məhkəmə də buna qərar verir.
Amma boşanmadan sonra bir sıra hallarda atanın birinci nikahdan olan uşaqlarını unutması, bu, artıq mənəvi məsələdir. Valideyn üçün övladı əvəzolunmaz mənəvi dəyərdir. Ata övladına sahib çıxmırsa, bu, nankorluqdur. Bunda uşağın heç bir günahı yoxdur. Ola bilsin ki, ayrılmalarında problem qadında olub. Onlar birgə yaşaya bilməyib. Amma uşağın günahlandırılması qeyri humanist davranışdır. Boşanmadan sonra atanın öladına qarşı laqeydliyi məhkəmə ilə həll olunan, qanunlarla tənzimlənən bir problem deyil. Bu sırf insan ləyaqəti ilə bağlı məsələdir”.
Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və analitik araşdırmalar şöbəsinin baş məsləhətçisi Aynur Veysəlova vurğulayıb ki, boşanmadan sonra uşaqlar çox vaxt anada qalır: “Uşağın böyüyənə qədər ana qayğısına xüsusi ehtiyacı olduğu üçün qanunda göstərilir ki, uşaqlar anada qalmalıdır. Lakin müəyyən istisna hallar da olur. Ana analıq hüququndan məhrum edilirsə, uşaq atada qala bilər. Bu, o demək deyil ki, ata öz uşağına az qayğı göstərir, ya da heç göstərmir. Xüsusilə, körpə, 2-3 yaşında uşaqların normal böyüməsi, inkişaf etməsi üçün ananın qayğısına tələbatları daha çox olduğundan, qanun da bizə bunu deyir ki, uşaqlar ananın himayəsinə verilməlidir. Amma boşanmalarına baxmayaraq, ata öz uşağına baxmalıdır. O, uşağının bütün problemləri, sağlamlıqla bağlı vəziyyəti, gündəlik ehtiyacları, tələbatları ilə yaxından tanış olmalıdır. Övladına qayğı göstərməlidir”.
A.Veysəlova məhkəmə qərarı ilə həftədə müəyyən günlər ərzində ata ilə görüş günlərinin təyin olunduğunu bildirib: “Boşanan cütlüklərdir. Onlar ər-arvad münasibətlərinə xitam verə bilər, birgə yaşamırlar. Amma öz övladlarına qarşı qayğını, uşaqları ilə bağlı vəzifə və öhdəliklərini yerinə yetirməyə borcludurlar. Bu, həm Azərbaycan Respublikasının Ailə Məcəlləsində, həm də “Uşaq hüquqları haqqında” Qanunda da öz əksini tapıb. Digər qanunvericilik sənədlərində də valideynin öz valideynlik vəzifə və öhdəliklərini yerinə yetirməli olduğu göstərilib.
Veysəlova qeyd edib ki, boşanmanın yaratdığı digər ciddi problem ataların uşaqlara az qayğı göstərməsidir: “Biz bu günləri təəssüflə deməliyik ki, boşanma zamanı ən çox zərəri uşaqlar çəkir. Bu zərər təkcə maddi durumun aşağı olması ilə ölçülmür, uşaqlar daha çox mənəvi, psixoloji zərbələr alır. Bu uşaqlar ana ilə ata arasında qalır. Seçim etməyə məcbur edilirlər. Onlara psixoloji, hətta fiziki təzyiqlər göstərilir.
Valideynlər başa düşməlidir ki, boşanmanı qınayırıq, lakin cütlüklər birgə yaşaya bilmirsə, bu və ya digər davamlı problemlər, həlli tapılmayan mübahisələr içərisindədirsə və ayrı yaşamağa qərar verir, boşanırlarsa, bu uşaqlara yansımamalıdır. Valideynlər uşaqlardan qisas üçün alət, təzyiq vasitəsi kimi istifadə etməməlidir. Həm kişi, həm qadın dərk etməlidir ki, övlad onların birgə, ortaq bəhrəsidir. Bu övladdır. Onun tərbiyəsi, maddi və mənəvi ehtiyaclarının ödənilməsində hər ikisi məsuliyyət daşıyır. Amma əksər hallarda üzləşirik ki, boşanma zamanı əziyyəti qadın və uşaqlar çəkir. Bəzi atalar düşünürlər ki, boşanırlarsa, artıq nə bu qadının, nə uşağın onlara aidiyyatı yoxdur. Qadın ola bilər ki, ona aid deyil. Amma uşaq onun uşağıdır. Onun soyadını daşıyır. Onun qanındandır, genetik kodunun daşıyıcısıdır. Bu baxımdan ata öz uşağına həddi buluğa çatana qədər qayğı göstərməli, öz atalıq vəzifə və borcunu yerinə yetirməlidir. Təəssüflər olsun ki, bir çox hallarda bunun əksi ilə rastlaşırıq. Sanki boşandıqdan sonra uşaqlar heç atanın yadına düşmür. Ya da o vaxt yadına düşür ki, uşaqları hansısa bir mürəkkəb alətə çevirərək anaya qarşı, yaxud digər məsələlər üçün istifadə edirlər”.
Hüquqşünas Aynur Musayevanın dediyinə görə, özünü atılmış, həyatı məhv olmuş kimi hiss edən qadınlar məhkəmədən sonra uşağı atadan soyutmaq üçün müxtəlif yollara əl atır: “Hüquqlardan məhrum olunma halları istisna olmaqla, atalıq hüquqları boşanmanın baş verib-verməməsindən asılı olmayaraq qüvvədədir. Atanın hüquqları Ailə Məcəlləsində birbaşa təsbit edilib. Atalıq qanunla mühafizə edilir. Valideynlər, istər ata, istərsə də ana öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Valideynlər uşaqlarını tərbiyə etməyə borcludurlar. Boşanmanın baş verməsi hər hansı valideynin uşağa münasibətdə olan hüquqlarının həcminin azalması demək deyil. Boşanma faktı iki şəxs arasında olan nikahın pozulmasıdır, bu faktın atalıq və ya analıq hüquqlarının həcminə hüquqi cəhətdən təsiri yoxdur”.
A.Musayeva bildirib ki, uşaqla ata arasında üsiyyət məsələləri araşdırılarkən nəzərə alınmalıdır ki, ilk öncə uşağın mənafeyi əsas götürülməlidir: “Uşaq valideynləri, babaları, nənələri, qardaşları, bacıları və başqa qohumları ilə ünsiyyətdə olmaq hüququna malikdir. Valideynlərsə qeyd olunduğu kimi uşaqlarına münasibətdə bərabər hüquqludurlar. Boşanmadan sonra uşaqla ünsiyyət zamanı digər valideyn tərəfindən bu və ya digər maneələr törədilirsə, uşaqla ünsiyyətin vaxtı, yeri və şəraiti məhkəmənin qərarına əsasən maraqlı şəxsin iddiası üzrə həll oluna bilər. Bu kimi məhkəmə araşdırmasında qəyyumluq və himayəçilik orqanının iştirakı vacibdir. Uşaqla ünsiyyətin şərtləri, şəraiti, forması, zamanı və dövrülüyü işin hallarından asılı olaraq hər konkret halda məhkəmə tərəfindən həll edilir. Həmin məhkəmə aktının icrası hamı üçün məcburidir. Hər hansı valideyn həmin məhkəmə aktının icrasına maneələr törədərsə, bu inzibati və cinayət məsuliyyətinə səbəb ola bilər”.
Valideynlik hüquqlarının icrasına gəldikdə isə Musayeva diqqətə çatdırıb ki, yetkinlik yaşına çatmayanların tərbiyə və təlimi vəzifələrinin valideynlər tərəfindən üzürlü səbəblər olmadan yerinə yetirilməməsinə və ya lazımınca yerinə yetirilməməsinə görə onlar xəbərdarlıq edilir və ya qırx manatdan altmış manatadək məbləğdə cərimə edilir: “Bu əməllər yetkinlik yaşına çatmayanların spirtli içki, narkotik vasitələr və ya psixotrop maddələr qəbul etməsinə və ya avaralıqla məşğul olmasına, cinayət məsuliyyətinə cəlb etməyə imkan verən yaş həddinə çatmamış uşaqlar tərəfindən cinayət əlamətləri olan ictimai təhlükəli əməlin törədilməsinə və ya on dörd yaşından on altı yaşınadək uşaqlar tərəfindən inzibati xəta əlamətləri olan əməlin törədilməsinə səbəb olduqda altmış manatdan yüz manatadək məbləğdə cərimə edilir. Qeyd edilən məsələlər yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyalar tərəfindən həll edilir”.
Nəzərə alınmalıdır ki, valideynlik hüquqlarından məhrum etmə və ya valideynlik hüquqlarının məhdudlaşdırılması kimi tədbirlər valideynlərin cəzalandırılması deyil, daha çox uşaqların hüquqlarının və mənafeyinin müdafəsi üçün tətbiq olunur. Atalıqdan məhrum edilmə istər valideynlərin nikahı dövründə, istərsə də boşanmadan sonra baş verə bilər. Valideynlər və ya onlardan biri valideynlik hüquqlarından öz valideynlik vəzifələrini yerinə yetirmədikdə məhrum edilə bilər. Valideynlik hüquqlarından məhrumetmə məhkəmə qaydasında həll edilir”.
Psixoloq Vəfa Rəşidovanın sözlərinə görə, boşanma uşaq üçün gözlənilmədən valideynlərindən birindən uzaqlaşmağa, bəzi hallarda onu itirməyə bərabərdir: “Analar uşağı ataya göstərməməyə, atanı uşaqdan uzaqlaşdırmağa çalışır. Analarda qısqanclıq da baş qaldırır. Nə qədər münasibətlərdə bir-birindən qırılmaq varsa, körpülər yanıbsa, bunun uşağa heç bir aidiyyatı olmamalıdır. Uşaqla atanın ünsiyyəti qırılmamalıdır. Atanı uşağın gözündən salmaq, atanı pisləmək də qadınların seçdiyi yanlış yoldur. Bununla onlar kişidən qısas almaq istəsələr də, ata obrazını məhv edərək uşaqlarına travma yaşadır, uşaqları gələcəkdə xoşbəxt ailə qurmaq şansından məhrum edirlər”.
Psixoloq Mehriban Mütəllimovanın fikrincə, atalar uşaqların gizli qəhrəmanlarıdır: “Çünki uşaq üçün ata güvən deməkdir. Xüsusilə, oğlan uşaqları şəxsiyyət kimi formalaşdıqda model olaraq atanı nümunə götürür. Bəzən analar oğullarının eynilə ataları kimi getdiklərini, danışdıqlarını, jest və mimikalardan istifadə etdiklərini söyləyir. Eyni zamanda qızların da tərbiyəsində müsbət ata obrazı mütləqdir. Natamam ailələrdə böyüyən uşaqları ya babasına, ya müəlliminə, ya da dayısına yönəltmək lazımdır ki, kişi obrazı uşağın üzərində olsun”.
Ər və arvad özünü çıxılmaz və dözülməz vəziyyətdə görərsə, boşanma ən son müraciət ediləcək həll yolu olmalıdır. Heç bir boşanma bir-birinə oxşamır, çünki iki ailə eyni olmur. Uşaqlar ata-anaları ayrıldığı üçün böyük kədər duyar. Onlar üçün boşanma sözünün özü belə son dərəcə sarsıdıcıdır. Kişi və qadın üçün ayrılıq bəzən bir-birindən qisas almaq, bəzən də həyatlarında yeni açılan xoşbəxt bir səhvə olsa da, övladı üçün aldığı zərbələr sayəsində qura bilməyəcəyi bir gələcəyi olar.