usaq

Ailə faciələrinin uşaqlarla birgə müzakirəsinin fəsadları

Baxış sayı: 1. 164

Daim uşaq hüquqlarından danışılır, amma hər addımda da uşaqların hüquqları pozulur. ATV telekanalında yayımlanan “Bizimləsən” proqramının 09.01.2020-ci il tarixli yayımı zamanı bir oğlan uşağının anasının axtarışı aparıldı. Aparıcı israrla ananı axtarır, ondan canlı bağlantıya qoşulmasını istəyirdi. Və bütün bu olaylar uşağın gözü qarşısında cərəyan edirdi. Uşaq haldan-hala düşürdü. Gah hardansa hədiyyə gəldi, uşaq sevindi, sonra anasının onu atıb getməsindən danışıldı, uşaq göz yaşlarına boğuldu, verilişin sonuna yaxın ana “tapıldı”, bu dəfə də proqrama dəvətlilər ananın üzərinə hücuma keçdi, uşaq bildiyi qədər, əslində danışa bildiyi qədər danışdı, qonaqlar uşağın sözündən söz tutub, “a bala, bayaq başqa şey deyirdin” söyləyib bu dəfə uşağa “cumdular”. Tam sərsəm bir səhnə!.. Ağız deyəni qulaq eşitmirdi. Proqrama dəvətlilər bir-birinə aman vermirdilər. Biri sözünü bitirməmiş o biri başlayırdı, yəni, xaos. Bu, tək “Bizimləsən”ə aid mənzərə deyil. Özəl tv-lərin hamısında demək olar eyni vəziyyət yaşanır.

Faciəli həyat hekayələri tv-lərin “bəzəyi”nə çevrilib. Belədirsə və Ailə, Qadın, Uşaq Problemləri üzrə Dövlət Komitəsi üzərinə düşən vəzifəni yerinə yetirə bilmirsə, o zaman özəl TV-lərdəki sosial tv-layihələrin aparıcılarından ibarət Komitədə həmsədrlik institutu yaratsınlar, bu aparıcılar da ölkədəki münaqişəli ailələrin problemlərinin həlli ilə məşğul olsunlar. Ya da hüquq-mühafizə orqanlarında işə qəbul olunsunlar. Çünki onsuz da istər “Bizimləsən” olsun, istərsə də “Xəzər” TV-dəki “Səni axtarıram”, ya digər telekanallarda aparıcılar telejurnalistikanı bir kənara qoyub, ya hakim, ya prokuror cübbəsi “geyinir”, ya da istintaq orqanı əməkdaşı funksiyasını üstlənirlər. Dərdli adamı sorğu-suala çəkmək, müstəntiqsayağı suallar vermək, bəyənmədikləri hallarda vətəndaşın üstünə çığırmaq, “ağıl” öyrətmək bizim tv-aparıcıların əsas iş prinsipidir. Proqram iştirakçısını alçaltmaq hüququnu bunlara kim verib görəsən? Proqramın iştirakçıları arasında uşaqlar, yeniyetmələr varsa, məsələ daha da ciddidir. Çünki uşaqlar xüsusilə toxunulmaz olmalıdır.

Üstəlik, 2020-ci il yanvarın 1-dən “Uşaqların zərərli informasiyadan qorunası haqqında” qanun qüvvəyə minib.

Amma nə fayda?! Uşaqlar efirə çıxarılır, ağladılır, həyəcanlandırılır, sorğu-sual edilir… Bütün bunlar uşaq psixologiyasını dərindən yaralayır. Ötən günlər ərzində tv-lərin əsas mövzusu məhz uşaqlarla bağlı olub. 10 yaşlı Nərmin faciəsinin uşaq psixologiyasına hansı sarsıdıcı zərbə vurduğunu təxmin etmək heç də çətin deyil.

 

 

“O proqramla bağlı cinayət işinin açılması mümkündür”

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İctimaiyyətlə əlaqələr və informasiya şöbəsinin rəhbəri Elgün Səfərov AYNA-ya uşaq hüquqlarının qorunmasına söykənən qanunun tənzimlənməsindən danışıb.

Onun sözlərinə görə, həmin qanunun mexanizmləri hazırlanıb: “Qanunda normalar qeyd olunsa da, tənzimlənmə yox idi. Nazirlər Kabinetinin qərarı və təsdiqini gözləyirik. Bir neçə qurumla yanaşı biz də öz sənədlərimizi təqdim etmişik. Fevral ayından biz öz təlimlərimizə start veririk, rəsmi təlimatları əldə etdikdən sonra isə konkret işlərə başlayacağıq. Bəli, telekanallardakı verilişlərə qanundan çıxış edərək tələblər qoya bilərik, hətta onların birdəfəlik yığışdırılması məsələsi də gündəmə gəlməlidir”.

Komitə rəsmisi əlavə edib ki, dəfələrlə rəsmi qurumun təkidi ilə daha çox tamaşaçının zərərinə işləyən verilişlərin bağlanmasına nail olunub: “Təəssüf ki, həmin verilişlər yeni adla başqa kanalda yayımlanmaqda davam edir. Bəzi məsələlər var ki, bizim səlahiyyətlərimiz daxilində deyil. Ona görə qeyd olun qanunla bağlı təlimatlar təsdiqini tapdıqdan sonra baryer ortadan qalxacaq və biz daha ciddi şəkildə tələblər qoya biləcəyik”.

E.Səfərov Tovuzda baş verən Nərmin Quliyeva cinayətinə də toxunub: “Elə itmiş uşağın meyitinin dəhşətli formada ortaya çıxmasında məlum televerilişin rolu var. Bu veriliş əməliyyat-axtarış prosesinə mane olub, məhz o verilişdən sonra meyitin tapılması hər kəsdə təəssüf doğurdu. Hətta burada inzibati qaydada cinayət işinin açılması mümkündür. Vurğulayım ki, tezliklə uşaq hüquqlarını pozan, zorakılıqla bağlı olan televerilişlərin, hər hansı informasiya xarakterli məhsullarla bağlı prosesə başlayacaq, səbəbkarların məsuliyyətə cəlb olunması üçün ciddi tədbirlər görəcəyik”.

“Komitə Nərminin itməsi ilə bağlı xəbərin ardından dərhal fəaliyyətə başlayıb. Nərmin noyabrın 21-də yoxa çıxdı, səhəri Tovuz rayonunda monitorinq komissiyamız işləməyə başladı, amma biz araşdırma bitməmiş öz işimizi görə bilmirik. Qeyd etməliyəm ki, həmin ailədə hazırda başqa uşaq da var, o uşağın təhlükəsizliyi və psixoloji vəziyyəti üçün bir müddət ailədən alınması məsələsi də gündəmdədir”. Yazı müəllifi qeyd edir ki, “Xəzər” TV-də efirə gedən “Səni axtarıram” verilişində N.Quliyeva ilə bağlı bir sıra süjetlər yayımlanıb. Həmin verilişlərdən birində itkin qızın anası “Heç olmasa, övladımın ölüsünü verin” müraciətini edib. Bu müraciətdən sonra 10 yaşlı qızın yandırılmış meyiti aşkarlanıb.

“Uşaqdan ifadə almağa çalışmaq yolverilməzdir”

Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə ailə problemlərinin uşaqlarla birgə müzakirəsinin yolverilməz olduğunu deyir:

– Uşaqların efirə dəvət edilməsinin qaydası var. Əgər valideyn özü övladı ilə birgə efirə çıxmağa razıdırsa, burada qanun pozuntusu yoxdur, çünki uşağın əsas qəyyumu valideyndir. Valideyn müxtəlif məsələlərlə bağlı – deyək ki, övladının müalicəsi, sosial yardım məqsədilə efirə çıxa bilər. Amma valideynin iştirakı olmadan hər hansı bir uşağın efirə çıxarılması, uşağın iştirakı ilə ailə münaqişələrinin müzakirəsi yolverilməzdir və qanun pozuntusudur. Ailədəki münaqişələr heç bir halda uşaqların iştirakı ilə müzakirə edilməməlidir. Uşaqlara stres yaşatmaq olmaz. 10 yaşlı Nərminin fotoları dəfələrlə efirdə nümayiş olunub, uşağın faciəsindən danışılıb. Bir valideyn mənə zəng edir ki, uşaq o verilişə baxıb, fotoları görüb, gecə yata bilmir, psixoloq yardımı istəyirəm. Axı niyə ana övladına o görüntüləri izləməyə icazə verirdi? Niyə bu haqda günlərdir tv-lərdə danışılmalı idi? Burada söhbət 10 yaşlı qızcığaza yaşadılan dəhşətdən gedir. Mən iş fəaliyyətimdə sığınacağa gətirilən uşaqların tarixçəsini heç vaxt danışmıram. Normativlər var, qanun var, onlara hamı əməl etməlidir. Münaqişəli ailələrdə yaşayan uşaqları tv-lərə çıxarmaq lazım deyil, onlarla psixoloqlar işləməlidir. Bu uşaq sabahın müstəqil bir vətəndaşı olacaq. Bu gün onunla bağlı hər hansı TV proqramda yayımlanan süjet, yaxud ailəsi barədə danışılan sözlər sabah onun həyatına mane ola bilər. Bilirsiz, uşaqların efirə çıxarılmasını zəruri edən səbəblər ola bilər. Məsələn, hüquq-mühafizə orqanları bizə itkin düşmüş bir uşaq təhvil verir. Onun valideyninin tapılması üçün uşağın efirə çıxarılması və məlumat verilməsi artıq zəruri xarakter alır. Amma uşağı efirə çıxarıb ondan ifadə almağa cəhd etmək, uşağın qarşısında ailəsini, ata-anasını təhdid etmək, onları pisləmək nə insanlığa, nə də əxlaq normalarına sığır və əlbəttə, tamamilə qanunaziddir.

 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir