Doğmalarımızın sağlamlığının keşiyində durmaq hər birimiz üçün çox vacib preoritetlərdən biridir. Ailədə xəstələnən şəxsə dəqiq diaqnoz, təyinatlar və ətraflı təkliflər verə biləcək ailə həkiminin olması və seçimi çox vacib məsələdir: Bu zaman həkimdə, ailənin sağlamlıq vəziyyəti haqqında bütün məlumatları olur – birbaşa olaraq xəstəliyi müşahidə edən şəxs olur və bu zaman həkim düzgün diaqnoz qoymaq üçün daha çox imkanlara malikdir.
Ailə həkimi yazılan müalicənin dinamikası və səmərəliliyinin qiymətləndirilməsinə, daha yaxşı nəticələr almaq üçün vaxtında düzəlişlər etməyə və effektiv profilaktik plan hazırlamağa qadirdir.
Xəstə və yaxınlarında hər zaman tibbi xidmət ala biləcəyi əminliyi yaranır. Hər zaman ailə həkimi ilə əlaqə saxlayıb, suallara cavab tapa bilərsiniz.
Düzgün ailə həkiminin seçimi ailənin sağlam gümrah olmasının bünövrəsi deməkdir.
Ailə həkimi seçmək meyarları, həkimin tibbi təhsilə malik olması, həqiqətən etibarlı və profesional mütəxəssis olmasından çox asılıdır, beləki həkimin:
Təkmilləşmə səviyyəsi: Bu təcrübə müddəti ilə müəyyən edilir, həkim mütəmadi olaraq sahəsi üzrə bilik və bacarıqlarını artırmalı, kurslar və yeni müalicə metodları öyrənməlidir.
Reputasiyası: Bu gün bir həkim haqqında məlumat tapmaq çətin deyil: xəstələrin fikirlərini qiymətləndirərək, həkim haqqında rəy və təəssüratları dinləyərək məlumat əldə edə bilərsiniz.
İş yeri: Adətən, tanınmış klinikada işləyən həkimə üstünlük verilir. Klinikanın texniki avadanlıqlarının yüksək səviyyədə olması müayinə, müalicə-diaqnoz üçün bir çox imkanlar açır. Mühüm aspekt isə həkimə etibar etməkdir, həkimdə öz növbəsində ailənin hər bir üzvünə diqqət yetirməlidir.
Mövzu ilə bağlı müraciət etdiyimiz Mayomed Medikal Fizioterapiya və Reabilitasiya Klinikasının baş həkimi, həkim-terapevt , ailə həkimi Nərminə Abbasova ailə həkiminin fəaliyyət istiqamətləri ilə bağlı danışarkən dedi ki, ailə həkimi sağlamlıqla bağlı bütün problemlərin həllində iştirak edir, müəyyən müddətdən sonra ailənin bir üzvü kimi olur, həmin ailənin xəstəlik problemləri də nəzərəçarpacaq dərəcədə azalır. Çünki ailə həkimi ailədə olan vərdişlərdən, genetikada olan problemlərdən xəbərdar olduğundan vaxtında profilaktik tədbirlər görə bilir. Həmçinin həmin ailənin düzgün qidalanmasına yardımçı olur. Bu da öz növbəsində qidalanma ilə sıx şəkildə bağlı olan xəstəliklərin azalmasında özünü büruzə verir. Ailə həkimi pasiyentinin keçirdiyi bütün xəstəliklərdən xəbərdar olur, bu isə insana hansısa bir müalicəni tətbiq etməyin düzgün olub-olmamasını müəyyən etmək imkanını verir. Ailə həkimi ailə üzvləri ilə yaxın olduğundan bu ailədəki münasibətlərə də yaxşı bələd olur. Bu xüsusiyyət onun ailənin psixoloqu rolunda da çıxış etməsinə kömək edir.
Uzun müddətdir ailə həkimi kimi fəaliyyət göstərən Nərminə Abbasova onu da dedi ki, ailə həkimindən yüksəkixtisaslı peşəkar mütəxəssis olmaqla yanaşı, həm də pasiyentlərlə sadə dildə danışmağı bacarmaq, müayinə və müalicənin bütün mərhələləri haqqında dolğun məlumat vermək, xəstəni “eşitmək” istedadına sahib olmaq da tələb olunur.