ehmed qesemoglu

Ailə institutunun zəruriliyi

Baxış sayı: 872

Artıq ailənin köhnəlmiş bir model olduğu fikirində olanlar, bunu elmi olaraq əsaslandırmaq istəyənlər də az deyil. Ona görə də ailə institunun əsas mahiyyətini aydınlaşdırmağa, onun indiki dövrdə və gələcəkdə də nə dərəcədə lazım olduğunu elmi olaraq təhlil etməyə böyük ehtiyac vardır.

Əvvala onu qeyd edək ki, əsas dini sistemlərin hamısı, olduqca müdrik insanların əksəriyyəti ailənin cəmiyyətin həyatı, inkişafı üçün olduqca mühüm bir özül olduğunu dönə-dönə qeyd etmişlər. Bununla bağlı saysız-hesabsız misallar çəkmək olar. Bəs bu fikirlər müasir dövrün reallığına nə dərəcədə uyğundur? İndiki dövrdə ailə instituna nə dərəcədə ehtiyac vardır? Müasir dövrün ailəsi necə olmalıdır? Hansı prinsiplər əsasında qurulmalıdır?

Əvvala onu qeyd edək ki, ailə, insanların nə vaxtsa qəbul etdiyi bir normalarla, qaydalarla, yalnız sosial bir təsisat olaraq yaranmayıb. Elmə yaxşı məlumdur ki,  müxtəlif növ həşaratlar, böcəklər, balıqlar, quşlar, heyvanlar aləmində də ailə qurma halları  vardır. Həm də onlarda, bir çox hallarda sədaqət hissi insanlardan daha yüksəkdir. Deməli ailə qurmaq təkcə sosial hadisə deyildir. Müxtəlif növ canlılara xas olan bir xüsusiyyət, bir mühüm təlabatdır. Amma, təbii ki, insanlara aid ailədə sosial-psixoloji, mənəvi, iqtisadi və s. amillər də mühüm rol oynayaraq ailənin xarakterini xeyli dəyişir. Tarixi inkişaf prosesində müxtəlif  xalqlarda onların həyat tərzindən, məşğuliyyət növlərindən, etiqad etdikləri dindən, başlarına gələn hadisələrdən, elmin, təhsilin inkişaından  və s. asılı olaraq  ailə barədə təsəvvürlər müxtəlif çür formalaşmış, müxtəlif xarakterlər almışdır. Amma bütün xalqların həyatında ailə institutu mühüm rol oynamışdır.

Bir anlıq təsəvvürümüzə gətirək ki, hansısa bir məkanda ailə institutu yoxdur. O zaman nə baş verərdi? Bunu təsəvvür etmək üçün məqsədəuyğun,  normal bir ailənin olmasının müsbət cəhətlərini nəzərdən keçirək. Normal bir ailə aşağıdakı kimi xüsusiyyətləri ilə seçilir:

  1. Normal ailə hər bir insanı mənəvi, psixoloji olaraq tənhalıqdan qurtarır. Əks cinsin yaratdığı energetika, ilham, doğmalıq onun daxili potensialını hərəkətə gətirir, həyat eşqini çoxaldır. Musiqi alətində bir tel başqa telə köklənəndə, onların hər ikisinin potensialı ortaya çıxıb gözəl bir melodya yaratdığı kimi iki insan da biri-biri ilə ahəngdar olaraq kökləndiyi zaman gözəl münasibətlər qurulur.
  2. İnsan öz məxsusi qayğılarını doğmalıqla bölə bildiyi bir insanla yaxın ünsiyyətdə olur. Əks cins onun ehtiyacı olduğu bir çox məsələlərdə ən yaxın, təmənnasız köməkçi olur. Onlar biri-birlərini ahəngdar olaraq tamamlayırlar. Bu isə öz növbəsində onların fəaliyyətlərini xeyli gücləndirir. Bir çox hallarda stress hallarının qarşısını alır.
  3. Hər bir ailə insanın daha əhatəli şəkildə sosiallaşmasına, cəmiyyətlə daha qayğıkeş, ahəngdar münasibətlərin qurulmasına mühüm kömək edir.
  4. Normal ailə, ailə üzvlərinin daha mənəviyyatlı davranmasına, kamilləşməsinə, dini baxımdan maariflənməsinə, cəmiyyətdə də mənəvi inkişafın zənginləşməsində iştirak etməsinə kömək edir.
  5. Hər bir ailə xalqın yeni nəslinin yaranmasında iştirak edir.
  6. Hər bir normal ailə fərdləri – körpələri, uşaqları cəmiyyətə kompleks şəkildə hazırlayan ən ciddi, unikal bir məktəbdir.
  7. Hər bir normal ailə ən doğma, etibarlı bir müalicəxanadır. Çəmiyyətdə insanın üzərinə gələn neqativ enerjidən azad olmaq, öz daxili rahatlığını bərpa etmək məkanıdır. Eyni zamanda o fiziki olaraq xəstələnəndə, qayğıkeş bir mühitdə sağlmaq yeridir. Ailənin olması ilk növbədə ər və arvadı bir çox yolxucu xəstəliklərdən qoruyur. Uşaqların sağlamlıq mədəniyyətinin formalaşmasına kömək edir.
  8. Hər bir normal ailə insan üçün öz peşəsində kamilləşmək, təhsildə uğur qazanmaq üçün hazırlaşmağa şəraitin yarandığı məkanıdır. Ailə üzvləri biri-birlərinə öz karyeralarını qurmaqda, hansısa bir iş, təsərrüffat yaratmaqda mühüm kömək edir.
  9. Ailə asudə vaxtı daha səmərəli, faydalı, məzmunlu şəkildə keçirmək üçün mühüm bir yerdir.
  10. Hər bir normal ailə o ailənin üzvü olan hər bir kəs üçün bir qürur mənbəyidir. Ailə insan üzərinə məsuliyyət qoymaqla yanaşı onu daha da fəallaşdırmağa, tək özü üçün yox, ailə üzvlərinin də qayğısına qalmaq üçün də hərəkətə gətirir.
  11. Ailə üzvləri biri-birinin cəmiyyətdəki davranışının daha ahəngdar şəkildə formalaşmasına həm kömək edir, həm də doğmalıqla nəzarət edir.
  12. Hər bir normal ailə öz yaşlı nəslinin, doğma, qayğıya ehtiyacı olan insanların qayğısına qalır, onlara kömək edir. Eyni zamanda, ailədəki yaşlı insanlar arxayın olur ki, onlar qocalsa, yaxud ağır xəstələnsə kimsəsiz qalmayacaq. Onun qayğısını çəkənlər olacaq. Bu isə öz növbəsində cəmiyyətdəki bir sıra sosial problemlərin həllinə kömək edir.

Təbii ki, bir sıra başqa  cəhətləri də qeyd etmək olar. Göründüyü kimi bütün bu cəhətlər hər bir şəxsin həyatını daha məzmunlu etməklə yanaşı, eyni zamanda  cəmiyyətdə də dayanıqlı, ahəngdar münasibətlərin qurulmasına, tərəqqi imkanlarının yaranmasına mühüm kömək edir. Bu şərtlərin ödəndiyi bir institutun, mexanizmin olması cəmiyyət üçün çox əhəmiyyətlidir. İstənilən tarixi dövrdə bu şərtlərin  bir necəsinin yerinə yetməməsi həmin cəmiyyətdə ahəngdarlığı pozulmasına səbəb olur. Ona görə də tarixi şəraitin dəyişmələrindən asılı olmayaraq hər zaman məqsədəuyğun olar ki, yeni şəraitdə, yeni dövrün xüsusiyyətlərini nəzərə alaraq bu funksiyalara yerinə yetirən bir ailə modeli fəaliyyətdə olsun. O ailə daha çox xoşbəxtdir ki, bu sadalanan cəhətlər həmin ailədə daha çox vardır. Təəsüf ki,  indiki vaxtda  dünyanın hər yerində, o cümlədən Azərbaycanda artıq belə normal, xoşbəxt ailələrin sayı get-gedə azalmaqdadır. Bu isə cəmiyyətdə gərginliyin artmasına,  yeni nəslin keyfiyyətli böyüməsi sahəsində ciddi problemlərin yaranmasına, insanlarda müxtəlif tip xroniki, ağır xəstəliklərin əmələ gəlməsinə səbəb olur.

 

Ailədə baş verən gərginliyin əsas səbəbləri 

Təəssüf ki, bütün tarix boyu bu qədər diqqət verilmiş ailə institutu son onilliklərdə ciddi aşınmalara məruz qalmışdır.  Artıq hər bir ölkədə ailələrdə müxtəlif şəkildə  dəyişmələr getməkdədir. Bu dəyişmələr əsasən aşağıdakı amillərin təsiri altında baş verir:

  1. Hər bir ölkədə, uzun əsirlər boyu davam edən adət-ənənələrin təsiri altında formalaşan, xalqın daxili potensialından doğan ailə sterotipləri ortadan çıxır. Onların yerini ailə barədə mücərrəd, bir sıra hallarda isə yanlış təsəvvürlər tutur.
  2. İndi ailəni əhatə dən mühitdə ailə institutuna diqqət xeyli azalıb. Əksinə bu mühitdə, cəmiyyətdə ailədə gərginliyin artmasına səbəb olan proseslər, vasitələr, davranış tərzləri xeyli çoxalıb. Bir vaxt ailə ilə bağlı cəmiyyətdə hakim olan ictimai rəy, ictimai qınaq daha əvvəlki rolunu oynamır. Lap yaxın keçmişə qədər ailələrdəki münasibətlərin tənzimlənməsində “ictimai qınaq”  amili də mühüm rol oynayırdı. Ailənin hər bir üzvü hər zaman özünə “el nə deyər?”  sualını verirdilər. Bu sual xalqın ailə ilə bağlı adət-ənənələrinin keşiyində dururdu.  Hər bir cəmiyyətdə, mühitdə bu sualın hökmü mövcud qanunların hökmündən daha güclü idi. İndi bu amil xeyli zəifləyibdir.
  3. Cəmiyyətin hər bir üzvü, xüsusi ilə gənclər ailə institutuna dağıdıcı təsir göstərən güclü informasiya axınının təsiri altındadır. Bu informasiyalar sırasına TV kanallarının naşı fəaliyyətləri hesabına ortaya çıxan xeyli sayda şit, mənəvi aşınmaya səbəb olan verilişlər, müəyyən texnologiyalarla yaradılan teleseriallar, proqramlar, sosial şəbəkələrdəki söhbətlər və s. aiddir.
  4. Ailə institunda münasibətlərin formalaşmasına olduqca ciddi təsir edən amillərdən biri insanların, əhalinin üstünlük verdikləri dəyərlər sistemidir. Dəyərlər sistemində bir stabillik olanda, mənəvi dəyərlər öndə olanda ailədə qarşılıqlı münasibətlər daha arzu edilən formada olur. Əksinə olduqda isə, gərginlik artır.
  5. Ailələrdə iqtisadi cətinliklərin artması ilə paralel olaraq mənəvi dəyərlərin arxa plana keçməsi prosesi də baş verir ki, bunun da nəticəsində ailədə çox ciddi gərginliklər yaranır.

Təbii ki, başqa səbəblər də vardır. Ailə ilə bağlı problemləri daha uğurla həll etmək üçün bu səbbələri kompleks şəkildə üzə çıxarmağa kömək edən elmi araşdırılmaların aparılmasına böyük ehtiyac vardır.

 

Sosioloq Əhməd Qəşəmoğlu




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir