usaq

Ailə məcəlləsi və dağılan ailədə uşaq fəryadı

Baxış sayı: 1. 744

Evlilik insan həyatında ən əhəmiyyətli məslələrdəndir. Normal ailəyə malik olmaq hər bir normal düşüncəli insanın arzusudur. Ailələrin qurulması, körpələrin dünyaya gəlməsi cəmiyyətin inkişafını təmin edir. Xalqın mənəvi irsi ailələr vasitəsilə yaşayır və cəmiyyət nəinki mənəvi, həmçinin bütün digər sahələrdəki inkişafını da ailə institutunun yaşamasına borcludur. Ona görə də qurulan ailələrin möhkəm və davamlı zəmin üzərində olmasına çalışmalı, gələcəyin ailəsi olan gənclərin maarifləndirilməsinə önəm verilməlidir.

Lakin bu da bir reallıqdır ki, bəzən ailələrin ömrü çox da uzun olmur.  Müxtəlif səbəblərdən ən erkən evlilik dövründə belə, ailə təməli sarsıla bilir və qurulan nikahların pozulması labüd olur. Ailənin saxlanması nə qədər çox tövsiyə olunsa da, bəzi hallarda nikahın davam etməsi daha böyük faciələrə səbəb ola biləcəyindən, bu böyük problemin həllini əsasən önləyici tədbirlərdə axtarmaq daha doğrudur. Nikahların pozulma səbəblərini araşdırmaq bu yazının əsas məqsədi olmasa da, deməliyəm ki, nikahların pozulması səbəblərinin əsasını və kökünü əksər hallarda mənəvi boşluqlar və cütlüklərin psixoloji zəifliyi təşkil edir.  Yaranmış neqativ vəziyyətləri idarə edə bilməmək, çox zaman qarşı tərəfə münasibətdə dözümsüzlük etmək, maddi sıxıntılar səbəbi ilə yaranan söz-söhbətlər, əxlaqa zidd olan hallar, ailə başçısının spirtli içki aludəsi olması, ailə fərdlərinə qarşı məsuliyyətsizlik və biganəlik – bütün bunlar ayrı-ayrı səbəblər sayıla bilsə də, nəzərə almaq lazımdır ki, bu səbəblər həm də öz-özlüyündə nəticədirlər, evlilik həyatına qədəm qoymazdan öncə gənclərin tərbiyəsində yol verilmiş səhv istiqamətin və ya lazımi qaydada doğru istiqamətləndirməməyin acı nəticəsi…

Nikah münasibətləri pozularkən ən çox əziyyət çəkənlər, əlbəttə ki, uşaqlar olur. Valideynlərindən hər-hansı birindən ayrı yaşamalı olan uşaqların psixoloji inkişafında mənfi təsirlərin neytrallaşdırılması demək olar ki, mümkünsüz görünür və bu boşluğu doldura bilmək hər valideynin fiziki və mənəvi cəhətdən imkanı daxilində deyil.

usaq

Hüquqi məsələlər

Qanunvericilikdə uşaq hüquqlarının qorunması ilə bağlı olan maddi hüquq normaları isə, əslində, maksimum səviyyədə onların mənafeyinə xidmət etmək üçün hesablanmışdır. Belə ki, uşaqların maddi, fiziki və mənəvi təminatının qanunla və dövlət tərəfindən qorunması nəzərdə tutulmuşdur. Yerli icra hakimiyyətinin qurumu olan “qəyyumluq və himayə orqanları” məhz, dövlət tərəfindən uşaq hüquqlarının qorunması üçün nəzərdə tutulan bir strukturdur. Bu struktur birbaşa və ya məhkəmə vasitəsilə uşaqların hüquqlarının müdafiəsi üçün vəzifəlidir.

Ailə münasibətləri, o cümlədən, baş verən mübahisələr Azərbaycan Respublikasının Ailə Məcəlləsi və digər qanunları ilə tənzimlənir.  Yetkinlik yaşına çatmayan uşaqları olanların nikahı məhkəmə qaydasında ləğv edilir.  Bu zaman məhkəmə uşaqların hansı valideynlə qalmasını və onların saxlanması üçün hansı miqdarda aliment tutulması məsələsini həll etməlidir. Valideynlər bu barədə razılığa da gələ bilərlər, lakin razılıq olmayanda bu mübahisəni məhkəmə həll edir.

usaq

Ailə Məcəlləsinin 60.4-cü maddəsində yazılıb:

Valideynlər ayrı yaşadıqda uşaqların yaşayış yeri onların razılığı ilə həll edilir. Valideynlər arasında razılıq olmadıqda, məhkəmə mübahisəni uşaqların hüquq və mənafelərini, onların rəyini və sair halları (uşaqların qardaş və bacılarına, valideynlərdən hər birinə olan bağlılığı, valideynlərin əxlaqi və digər şəxsi keyfiyyətləri, uşağın yaşı, onun inkişafı və tərbiyəsi üçün şərait yaradılması) nəzərə almaqla həll edir.

Göründüyü kimi, uşaqların konkret olaraq hansı valideynlə qalması qanunvericilikdə göstərilməyib, lakin onların mənafeyi bu məsələdə önəmli yeri tutur. Yuxarıdakı maddi hüquq normasında hansı halların nəzərə alınması göstərilib. Məhkəmələr uşaqların bir-birindən ayrılmamasını, uşağa hansı valideynin daha yaxşı qayğı göstərə biləcəyini və digər halları nəzərə alır. Bu zaman uşağı tələb edən valideynlərin təqdim etdikləri yazılı sübutlar və şahid ifadələri ilə yanaşı, yerli icra hakimiyyətinin qəyyumluq və himayə orqanlarının uşağın hansı valideynlə qalmasının məqsədə uyğun olması haqda xüsusi rəyi də əhəmiyyət daşıyır.

Lakin uşaqlardan ayrı yaşayan valideynin övladları ilə ünsiyyət saxlamaq və onların təlim və tərbiyəsi ilə bağlı işlərdə iştirak etmək hüququ vardır.  Uşağı yanında saxlayan valideyn bu ünsiyyətə mane olduqda ünsiyyət məhkəmə vasitəsilə tələb edilir. Məhkəmə qərarına əməl etməyən valideyn məsuliyyət daşıyır və hüququ pozulan valideyn tərəfindən iddia tələbi olarsa, məhkəmə uşağın qətnaməyə əməl etməyən valideyndən alınıb digər valideynə verilməsi məsələsinə baxa bilər. Əlbəttə ki, bu zaman uşağın mənafeyi yenə də nəzərə alınır.

Nikahın pozulub-pozulmamasından və valideynin uşaqlardan ayrı yaşayıb-yaşamamasından asılı olmayaraq, övladlarına maddi qayğı göstərməli olan valideyn əgər bu vəzifəyə əməl etməsə, ondan aliment tutulması məsələsi də məhkəmə qaydasında həll oluna bilər. Qeyd edim ki, aliment həm sabit məbləğdə, həm də əmək haqqının müəyyən hissəsi kimi tutula bilər. Əgər aliment tutulmalı tərəfin qazancı müntəzəm və müəyyən deyilsə, bu zaman aliment hər ay ödənilməli olan sabit pul məbləği ilə qət olunur. Ailə Məcəlləsinin 78-ci maddəsinə əsasən əmək haqqı alan valideyndən 1 uşağa görə əmək haqqının 1/4, 2 uşağa görə 1/3, 3 və daha çox uşağa görə isə 1/2-i miqdarında aliment tutula bilər.

Sabit pul məbləği ilə aliment tutularkən ölkə üzrə yaşayış minimumu haqqında qanun və Ailə Məcəlləsinin 78-ci və digər maddələri nəzərə alınır. Ailə Məcəlləsinin 78-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Bu zaman tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmçinin əgər tərəflərdən hər biri ilə uşaq qalıbsa, az təminatlı valideynin xeyrinə hər ay sabit pul məbləğində aliment tutulması qət edilir.

Lakin unutmaq lazım deyil ki, uşaqlar nə qədər yüksək maddi dəstək alsalar da, tək valideynli ailədə böyüməklə onların psixoloji durumları təhlükəyə məruz qalır. Ailələr dağılarkən ən çox zərər görən övladlar olur. Bu günün körpələri gələcəyin gəncləri və ailə sahibləridirlər. Onların doğru tərbiyəsi və düzgün mənəvi istiqamətləndirilmələri baş verə biləcək hər-hansı xoşagəlməz halların, o cümlədən nikahların pozulması hallarının öncədən qarşısının alınmasına birbaşa xidmət edən amildir.

 

P.S. Nə qədər ki, fürsətimiz var, övladlarımızı sevək və qoruyaq. Onların normal –mənəviyyatlı və elmli şəxsiyyətlər kimi cəmiyyətə təqdim olunmaları istiqamətində işlər aparmaq insani borcumuzdur. Çünki bu məsumlar bizə əmanətdirlər…




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir