efzeleddin R

Ailə münasibətlərində yanlış qavram – 5-Cİ YAZI

Baxış sayı: 789

Ailə münasibətlərinin neqativ təsirləndiyi 10 yanlış qavram xətasından beşibarəsində, yəni; “nəticə almağa tələsmək”, “müsbətləri silmək”, “ifrat ümumiləşdirmə”, “şəxsiləşdirmək” və “iki qütblü düşüncə tərzi”haqdakeçən məqalələrimizdə məlumat vermişik. Sizə təqdim olunun bu məqalədə isə yanlış düşüncə tərzlərindən olan “fəlakətləşdirmə” haqda mövzumuzu davam etdiririk:

 

Fəlakətləşdirmə (catastrophizing)

İnsan düşünən varlıqdır. Onun duyğuları beynimizdə formalaşan fikirlərdən qaynaqlanır. Düşüncələrimizə uyğun duyğularımız formalaşır. Əslində, biz bu hisslərə uyğun hərəkət edirik. Belə ki, bu bizim hazırkı əhvalınıza təsir edir. Bununla da, sözügedən duyğuya uyğun hərəkət edirik. Qeyd olunan əlaqələr həm müsbət, həm də mənfi ola bilir. Bizi müdafiyə etmək üçün tənzimlənmiş beynimizin isə ümumiyyətlə gün ərzində daha çox mənfi düşüncələrə üstünlük verdiyini nəzərdə alsaq, düzgün formalaşmamaış düşüncələrimizin həyatınıza necə dərindən təsir etdiyini anlamaq elə də çətin deyil. Çünki düşüncələriniz qavrayışınızı yaradır. Bəzən situasiyaları və özünüzü olduğunuzdan daha mənfi qavramağa başlayırıq, çünki yanlış düşüncələrimiz mənfi duyğular yaradaraq, ətrafımızda baş verən hadislərdən həqiqətə uyğun olmayan qavramalara səbəb olur. Bunlardan da biri məhz elə “fəlakətləşdrmə”dir.

Təşviş pozuntusunda bu düşüncə tərzinə tez-tez rast gəlinə bilər. Belə insanlar hadisələri real formasından daha çox şişirdir və mümkün olan ən pis ssenariyə mərkəzləşir. Bu yanlış qavram həm də zehni təsvirlər və şəkillərlə müşayiət oluna bilər. Məsələn, dostunuzdan göndərdiyiniz mesaja cavab gözləyirsiniz. Mesajınıza dərhal cavab almadığı zaman, başqa bir ehtimalı nəzərə almadan onu narahat etdiyinizi, yaxud küsdüyünü, ya da ki, kiminsə ona sizi pislədiyini düşünməyə başlayırsınız. Yaxud şəxs maşın sürməyi bilmir və öyrənmək istəmir. Səbəbini izah edərkən “mən kimisə vurub öldürə bilərəm, sonra da ömür boyu həbsdə çürüyərəm” -deyə düşünür. Bütün bunları isə təsəvvür edərək düşünür.

Belə şəxslər gələcəkdə baş verəcək hadisələri ən pis ssenari ilə nəticələnəcək şəkildə şərh edir. Çox vaxt hadisələrin ən acı sonluqla bitəcəyinə əmindir. Məsələn, həyat yoldaşı, qızı, oğlu evə iki dəqiqə gec gəldiyi zaman həddindən artıq narahat olmağa başlaması, fəlakət ssenariləri qurması, müdir çağırdığında işdən çıxarılacağını düşünməsi kimi hallar fəlakətə nümunədir.

“Qarışqanı fil etmək” sözü dəsanki bu insanlar üçün nəzərdə tutulmuşdur. Məsələn ailədə kişi xanımına gül alıb gətirir, qadın fikirləşir ki hökmən məni aldadıb ki gül aldı. Nəsə bir günahı var ki, hədiyyə aldı. Yaxud kişi iş yoğunluğu, ya zehni məşğuliyyətin çoxluğu üzündən xanımına bir-iki gün xüsusi diqqət ayıra bilmir. Xanım elə o zaman da fikirləşməyə başlayır: Həyatında kimsə var. Məni artıq sevmir. Anası öyrədib. Dostları beynini yeyib. Məndən ayrılacaq. Mənim ailəm dağıldı…

Belə şəxslər hadisələri daim mənfi və fəlakət süzgəcindən keçirirlər. Hadisəyə hərtərəfli deyil, bir tərəfli yanaşırlar. Sanki təmiz suya tökülən bir damcı mürəkkəb kimi suyu tamamilə bulandırırlar.  Məsələn, xanımına bir neçə dəfə zəng edən şəxsin, onun telefonu götermədiyini görəndə ilk zehninə başına hansısa hadisənin gəldiyi, yaxud ona xəyanət etməsi gələ bilər. Evində yoldaşı ilə mübahisə edən xanım evliliklərinin ciddi təhlükədə olduğunu düşünə bilər. Elə fikirləşər ki, ailə münasibətindəki hər şey puç və mənasızdır.

Belə insanlar mənfi və fəlakət dolu düşüncələrlə özlərinə zülm edirlər. Həyatda həzz və rahatlıqdan məhrumdurlar. Daim qorxu və təşviş içindədirlər. Fəlakət hətta fiziki ağrıları da artıra bilər. Məslən, baş ağrısını beyin xərçənginin əlaməti kimi şərh etdiyi üçün ağrısı davamiyyət göstərərək şiddətlənə bilər. Təcrübələrə əsasən, bu düşüncə tərzi beyində ağrı siqnalını gücləndirir, belə ki, ağrı daha da şiddətlənir və keçməsi daha uzun çəkir. Bu sanki oda benzin tökmək kimidir.

Fəlakətləşdirmə düşüncə tərziqismən irsi, yaxud öyrənmə yolu ilə də ola bilər. Ola bilsin ki, biz də öz düşüncə tərzimizi ailə üzvlərimizdən öyrənmişik. Ailələrin övladlarına taxdıqları eynək, hər hansı bir hadisənin mümkün olan ən pis nəticəsinigörməsini təmin edə bilər.

Həmçinin, həyatınızda üzləşdiyiniz çətinliklər, aldığınız travmalar, yaşadığınız həddindən artıq stress və etibarsızlıq hissləri ən kiçik problemdə onları sizə xatırlatdığı üçün mənfi düşüncə bataqlığına sürükləyə bilər.Bu, pis bir şeyin baş vermə ehtimalını şişirtmək və bu ssenarinin mümkün mənfi nəticələrini böyütmək barədə düşünmək vərdişidir.

Belə təfəkkür tərzinə malik olan ər, yaxud xanım özü rahatlıqda ola bilmədiyi üçün qarşı tərəfə də rahatlıq vermir. Bezdirici, təşviş və narahatlıq, şübhə və nigaranlıq dolu fikirlərdən qaynaqlanan rəftarları ilə onu incidir. Bununla da, ailədə anlaşılmazlıqlar, mübahisələr baş alıb gedir. İncikliklər, narazılıqlar hamını yorur. Bunun üçün də, belə qavram və təfəkkür tərzi ilə ilk növbədə insan özü mübarizə aparmalıdır.

Ailədə, yaxud ümumiyyətlə hadisələri şərh edərkən fikrimizə ən ağır və fəlakət dolu ssenariya gəldiyi zaman bir anlıq dayanmalı və özümüzə sual verməliyik: Nə üçün belə düşünürəm? Belə olmağına dair əlimdə hansı sübut-dəlillər var? Doğurdanmı bu sübutlar tutarlıdır? Bunlar mənə nəyi xatırladır? Uşaqlıqda, keçmişdə, yaxud elə indi hansı hadisələri xatırladır? Onlardan təsirlənə bilərmi düşüncə tərziniz?

Bu hadisənin fəlakət dolu izahından əlavə başqa daha az zərərli olan mənfi yorumları mümkündürmü?

Yaxşı, onda bu hadisənin hansı adi, zərərsiz yorumları, səbəbləri və yaxud nəticələri ola bilər?

Baş verən hadisənin hansı müsbət yorumları və səbəb və nəticələrinin olması mümkündürmü? Mümkün deyilsə, mümkünsüzlüyü nə qədər real və həqiqətə uyğundur? Mümkünlüyünə qədər real görünür?

Bir sözlə, hadisənin səbəb və nəticələrini təsvir edirsinizsə, yalnız bir hissəyə baxmaq əvəzinə bütün şəklə baxmağa çalışın, hərtərəfli əsaslandırın.

Başlanğıcda düşüncələrinizə bu formada yanaşmaq bizə çətin gələ bilər, amma davam etdikcə etdikcə asanlaşacaq. Nəticədə hadisələrin xəyal etdiyiniz kimi təhlükəli, fəlakət dolu olmadığını anlayacaqsınız. Beləliklə, düşüncənizin sizə nə qədər lazımsız narahatlıqlar yaratdığını görə biləcəksiniz. Bu faktı xatırlamaq növbəti dəfə fəlakətli düşüncələrə qapılmamaq şansınızı artıracaqdır.

Burada bir məsələni də qeyd edim ki, bəzən isə “keçini öldürmək” lazımdır. Bu atalar məsələnin maraqlı bir hekayəsi mövcuddur. Rəvayətə görə,b ir gün bir mürşüd və mürid birlikdə səhrada azırlar. Uzaqda burunlarına bir yanıq qoxusu gəlir. Görürlər ki bir çadır var. Gedıb orada qonaq olurlar. Orada tənha bir qadın yaşayırdı. Qadının gözünün ağı-qarası bircə keçisi vardı. Atasız qalan övladını onun südü ilə bəsləyirdi. Qadın onlara qonaq edib öz övladının payını,keçinin südünü verir. İçirlər, gecə orada qalıb sübh tezdən yola çıxmaq istəyirlər. Mürid mürşidə deyir ki, bu qadın bizə yaxşılıq etdi ona necə kömək edək? Mürşid deyir: Get, onun keçisini öldür. Mürid təəccüb edir, amma mürşidin nəsə bildiyini düşündüyü üçün keçini öldürür…

Bir neçə il üzərindən keçir. Yenidən bu məntəqəyə yolu düşən mürid və mürşid yenə də qalmağa yer axtarır. Hamı səxavətli bir xanımın saraynı onlara göstərir. Gedib sarayda gecələyirlər. Sübh sarayın sahibinə təşəkkür etmək üçün onu axtarırlar. Görürlər ki, bu həmin keçisini öldürdükləri xanmdır. Mürid soruşur necə oldu ki, bu qədər inkişaf etdin? Xanım deyir: Mən bütün ümüdümü bir keçiyə bağlamışdım. Amma siz gedəndən sonra onun öldüyünü gördüm. Başqa çarələr axtardım çətin oldu, amma axırı ki uğurun yolunu tapdım.

İndi əzizlərim, bəzən keçini öldürmək lazımdır… Belə ki, bütün ümidimizi bağladığımız keçi inkişafımız üçün maneə belə ola bilir. Əlbəttə, bunun mənası ümidimizi düzgün yerə və mənbəyə bağlayıb, həmin sahədə istəklərimizi tam təmin edib, inkiaf etdiyimiz zaman, ona arxa çevirmək və daha da əlasını axtarmaq demək deyildir. İnsan ilk növbədə potensialına və istedadlarını ölçməli və ona uyğun addım atmalıdır. Amma bütün ümüdünüzü bir nəfərə, bir işə, bir məntəqəyə bağlamayın! Bəzən fəlakətlədirmə düşüncələri bizi təkcə ailəvi problemlərlə üzləşdirmir, əslində inkişafdan belə geri saxlayır. Yeniliyə açıq olun. Amma bilin ki ilk addımda çətin olacaq! Amma bilin ki, düzgün yol ilə, iradə ilə, dözümlə, maneələri tanımaqla yenilənə bilərsiniz! Bacarığınızın nə olduğunu kəşf edin. Çətinliklər, çarəsizliklər insanların alternativ yollar axtarmasına və inkişafına səbəb olur! Əlbəttə tənbəl, tez yorulan, işin asanına qaçan şəxslər istisnadır…

Amma insan möhkəm iradəli olmalıdır. Bu həqiqətən də insana yaraşan ən gözəl xüsusiyyətlərdən biridir! Lap elə təbiətdə olduğu kimi… Şirlərin bəzən maraqlı ov qaydası var. Qoca şirlər qaça bilmədikləri üçün bir tərəfdə durur, cavan şirlər isə bir az uzaqda, onların əks tərəfində qərarlaşırlar. Qoca şırlər ovu qorxudur, qorxudan özünü itirən şikarları cavanlara sarı qaçır. Nəticədə isə cavan şirlər onları rahatlıqla ovlayırlar… Əzizlərim, fəlakətləşdirən düşüncədən qorxub qaçmayın. Qorxunun üzərinə qaçın. Onda görəcəksiniz ki, doğurdan da qorxduğunuz kimi deyilmiş. Mübarizə apardığınız zaman onun bütün yalançı əzəmətini, bütləşdirdiyiniz qorxunu sındırmış olacaqsınız.

 

PhD. Əfzələddin Rəhimli

İlahiyyat üzrə fəlsəfə elmlər doktoru,

Peşəkar ailə müşaviri, Həyat koçu




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir