Biz keçən məqalələrimizdə ailədə cütlüklər arasındakı bir sıra problemlərin kökündə, onların yanlış anlamaları və məsələni qeyri-dəqiq dəyərləndirmələrinin dayandığı haqda danışdıq. Bunun təməlində dayanan 10 yanlış idrak xətasının olmasına işarə etdik. Bu məqaləmizdən etibarən onların hər biri barəsində geniş söhbət açacağıq:
1) Nəticə almağa tələsmək (jumping to conclusions)
Ailədə cütlüklərin ən əsas problemlərinin kökündə hadisələrlə qarşılaşdıqları zaman nəticə almağa tələsmələridir. Belə ki, bir-birilərinin rəftarları qarşısında kifayət qədər möhkəm bir dəlil-sübut və əsas olmadan nəticə çıxarırlar. Təəssüflər olsun ki, elə bu nəticəyə əsasən də davranış nümayiş etdirirlər. Bu da ailədaxili münaqişələrə yol açır. Məsələn, həyat yoldaşının gecikdiyini görən xanım, ona zəng etdiyi zaman telefonunun söndürülmüş olduğunu, yaxud əhatə dairəsində olmadığını gördükdə, ilk düşüncəsi ərinin dostları ilə əylənməsi və onun telefonunu bilə-bilə açmaması, yaxud ona xəyanət etməsi olursa, deməli o, qeyd etdiyimiz düşüncə xətasına sahibdir. Yaxud xanımının ona soyuq cavab verdiyini görən ər, “nankor, bir dəfə istəyini etmədiyim üçün belə edir”-deyə fikirləşir. Halbuki, xanımının narahat olması üçün onlarla başqa səbəblərin də olması mümkündür. Lakin ər yanlış idrak və qavrama sahib olduğuna görə birbaşa onun narahatlığının səbəbinin “nankorluq” olmasına hökm edir.
Nəticə almağa tələsmək, yaxud nəticəyə qaçmaq iki formada baş tutur: 1) Zehin, düşüncə oxumaq 2) Falçılıq, ekstrasenslik etmək. (Beck, J. S. (2001). Bilişsel Terapi: Temel İlkeler ve Ötesi. Ankara: Türk Psikologlar Derneği Yayınları.)
1) Zehin, düşüncə oxumaq (mind reading)
Özbaşına və heç bir əsas olmadan başqalarının davranışlarının səbəbi ilə bağlı mənfi nəticələr çıxarmaqdır. Digər insanların nə düşündüyünü bildiyimə inanmaqdır. Düşüncə oxumaq qarşımızdakı insanların ağlından keçənləri oxumaq və bunun doğru olduğuna inanmaq və davranışlarımızı buna uyğun olaraq formalaşdırmaqdır. Bu tip idrak xətalarında, insan başqalarının onun haqqında necə hökm etdiyini və hiss etdiyini təxmin edir. Narahatedici hal budur ki, bu təxmin etdiyi düşüncəni həqiqət kimi qəbul edir və ona uyğun davranır. Məsələn, kiminləsə söhbət əsnasında o əsnəyirsə, heç bir səbəb olmadan danışığımızın onun üçün darıxdırıcı olduğunu düşünə bilərik. Yaxud onun bizə əhəmiyyət vermədiyini, bizi dəyərli bilmədiyini fikirləşə bilərik. Halbuki, bu sadəcə bizim özümüz haqda və onun davranışları haqda olan tələsik mühakimələrimizdir. Haradan bilirik, bəlkə də gecə yaxşı yatmayıb. Yaxud olduqca yorğun və stressli bir gün keçirib.
Başqa bir misal vuraq: Təsəvvür edin ki, səmimi dostunuz sizin yanınızdan keçir, amma sizə salam vermir. Bunun müqabilində kifayət qədər dəlil olmadan bir onun sizdən incidiyini düşünürsünüz. Ya da ki, dünən sizinlə yola getməyən birisi ilə söhbət etdiyini gördüyünüz üçün ona təsir qoyduğunu fikirləşirsiniz. Yaxud “vəzifəsi yüksəldiyi üçün sizi saymadığı” qənaətinə gəlirsiniz.
Burada bir növ bumeranq effekti yaranacaqdır. Yəni siz hansısa keçmiş düşüncələrinizə, hadisələrə əsasən onun davranışını şərh edirsiniz. Bu sizin ona öncədən dediyiniz söz də ola bilər, müşahidə etdiyiniz hər-hansı hadisə də ola bilər, onun kariyerasında irəliləməsi də ola bilər. Hər-halda reaksiyalarınız öncədən zehninizdə hazırladığınız yanlış düşüncələrə dayanır. Sizin buna reaksiyanız necə olar? Onun nömrəsini silərsinizmi? Yoxsa vatsapla yazıb həddini bildirərsinizmi? Yoxsa küsüb günlərlə yazdığı mesajlara cavab verməzsinizmi? Əgər belədirsə, deməli siz “zehin, düşüncə oxumaq” adlı yanlış təfəkkür və qavrama sahibsiniz. Çünki o, sizi görməmiş də ola bilər və ya başına gələn pis bir hadisəyə görə gözü sizdə düşüncəsi isə başqa yerdə olduğuna görə sizlə salamlamamış ola bilər, ya da ki hansısa bir iş haqda fikirləşə də bilər. Bir halda ki, sizin bundan xəbəriniz yoxdur.
Amma zəng edib hal-əhval edib onu fikirli gördüyünüzü və sizi salamlamadığını deyib, nə kimi kömək lazım olduğunumu soruşsanız, bununla da əsl səbəbi öyrənə bilərsiniz.
Belə şəxslər başqalarının rəftarlarını öz mənəvi dünyasına görə şərh edir, çünki daxilən düşünür ki özü də darıxdırıcı və cansıxıcı bir insandır, əslində o, özünü yanlış tanıdığı üçün başqalarının davranışlarını da yanlış yozur. Bəzən insanların ən kiçik reaksiyası onun təhrif olunmuş düşüncə tərzinə görə yanlış nəticə çıxarmasına səbəb olur. Buna görə də, onun aldığı nəticələr öz düşüncəsinin səhv fərziyyələrinə əsaslanır. Deməli, əslində başqalarının davranışları onun düşüncələrinin səbəbi deyildir. Əsl səbəb onun zehnindəki inanclara əsasən “insanların düşüncəsini oxumağı”dır.
Bu yanlış qavrama tərzinin ən bariz nümunəsi, ətrafındakı digər insanlardan bu haqda heç eşitmədiyi halda, ona nifrət etdiklərini hiss etdiyi üçün buna inanan bir insandır. Heç bir əsas olmadığı halda sadəcə mənimlə səmimi olmadığı üçün “filankəsin məndən xoşu gəlmir, o mənə nifrət edir” və yaxud “filankəs mənim ayağımın altını qazır, bilirəm” -deyə düşüncələr də buna misaldır. Biz başqalarının nə düşündüklərini və hiss etdiklərini bildiyimizi və ya hiss etdiyimizi düşünə bilərik, lakin bunun belə olduğuna dair heç bir sübutumuz olmadığı zaman, bunu reallıq kimi yaşamağa çalışmaq yanlış qavramdan və zehin oxumaqdan xəbər verir. Unutmayın ki, əsaslı məlumat olmadan birbaşa nəticələrə keçmək insanın həyatında bir çox problemə səbəb olacaq.
Diqqət etmək lazımdır ki, “düşüncə oxumaq” ən çox səmimi münasibətlərdə olur. Doğrusu ən səmimi münasibətlər isə ailə münasibətləridir. Ər, yaxud xanım həyat yoldaşının zehnində nələr olduğunu bildiyini düşünür. Məsələn, “Ürəyində mənə gülür”, “Axmaq olduğumu fikirləşir”, “Soruşmağa ehtiyac yoxdur nə düşündüyünü bilirəm”, “Məni adam yerinə qoymur”, “İki gündür mənə qayğı göstərmir, yüz faiz başqa qadınla rabitə qurub” kimi qavramlar.
2) Falçılıq, ekstrasenslik etmək (divination )
Bu əslində həyatımızda tez-tez baş verir. Heç bir səbəb olmadan gələcəyimizi bədbin görə və başımıza pis bir şey gələcəyini düşünə bilirik. Məsələn; “Mənimki heç vaxt gətirməyəcək”, “mənim bəxtim heç olmayacaq”, “kimə yaxşılıq etsəm pislik görəcəm”, “danışsam hamı mənə güləcək” və sair. Eynilə Qulliver cizgi filmindəki Glum xarakteri kimi: “İşimiz bitdi, uğur qazana bilməyəcəyimizi bilirəm.”
Ər-arvad ararsında da bu növ falçılıqlar çox olur. “Həyat yoldaşım mənə xəyanət edəcək”, “boşanacam”, “qaynənəm uşaqlarıma mehribanlıq edir, onları mənə qarşı dolduracaq”, “adam xanımınün üzünə çox gülməz, üz utar”, “əri boş buraxma, sonra ipini yığa bilməzsən”, “vəziyyəti izah etsəm belə başa düşməyəcəkdir” və sair kimi el arasında səslənən fikirlər zehnimizin bir küncündə yerləşib, bir sıra məqamlarda avtomatik olaraq hərəkətə keçə bilir. Əziz cütlüklər, bilirsinizmi, bu düşüncələr sizin bir-birinizə qarşı rəftarlarınızı da dəyişir! Hissləriniz, duyğularınız, emosiyalarınız nigaran, narahat və stressli olur! Bu çox dağıdıcıdır!
Yükləmə nəzəriyəsi
Sözügedən düşüncələri daha yaxşı anlamaq üçün Yükləmə nəzəriyəsinə bir azca toxunsaq lap yerinə düşərdi. “Məna və səbəb yükləmə nəzəriyyəsi” hadisələrin və davranışların səbəblərini izah etmək üçün insanların istifadə etdiyi modellərlə məşğul olan əhəmiyyətli bir sosial psixologiya nəzəriyyəsidir. Bu nəzəriyyə, Fritz Heider ilə başlayır. Heider insanların davranışlarını fərdlərin necə qavrayaraq izah etdiyini öyrənən ilk sosial psixoloq idi. Onun fikrincə, hər fərdin özünəməxsus ümumi bir baxiş tərzi və tərəzisi vardır ki, onun vasitəsilə insanların davranışlarını çək-çevir edir, qiymətləndirir və əsaslandırır. O bunu sadəlövh psixologiya adlandırırdı. (Taylor, S. E., Peplau, L. A. ve Sears, D. O. (2007). Sosyal Psikoloji. (Çev. Dönmez, A.). İstanbul: İmge Kitabevi. 2003)
Heiderə görə, insanın çevrəsi ilə əlaqədar özünü təhlükəsiz hiss etməsi üçün iki güclü ehtiyacı var: 1. dünyanı tutarlı şəkildə anlamaq və 2. ətraf mühiti idarə və kontrol etmək. Bu ehtiyaclar səbəbiylə insanlar başqalarının necə davranacağı ilə bağlı proqnozlar vermək istəyirlər. Sözügedən ehtiyacları qarşılamağın əsaslarından biri də insanların necə davranacaqlarını təxmin etməkdir. “Nə üçün? Niyə? Nədən baş verdi?” sualı həmişə düşünülmüş şəkildə və məntiqi formada cavablandırılmır. Çox vaxt insanlar, məna yükləməyi insanların davranızları, bədən dili, mənsubiyyətləri və sairdən aldıqları təəssüratlarına əsaslanaraq avtomatik olaraq icra edirlər.
Çünki şəxs fikirləşir ki, insanların niyə bi formada davrandıqlarını və dolayisi ilə bundan sonra necə davranacaqlarını proqnozlaşdıra bilsə, bu yolla çevrəsini tutarlı şəkildə anlaya biləcək, bununla da onu gözələyən təhlükələrdən uzaq ola biləcək və nəticədə daha yaxşı formada, nəzarət edə bildiyi şəkildə mənimsəyəcəkdir. Məsələn, bəzi cəmiyyətlərdə xanımın həyat yoldaşına mədəni etiraz etməsi belə “ədəbsizlik” və “faciə” kimi qələmə verilir. Yaxud bəzi cəmiyyətlərdə qız övladının evlilikdə özseçim etməsi “hayasızlıq” kimi qıymətləndirilir. Çünki belə xanımın əri, yaxud qızın atası bunu özbaşınalıq və ona qarşı bir növ hörmətsizlik kimi qəbul edir. Dolayısı yolla o, əslində vəziyyəti kontrol edə bilməyəcəyindən çəkinir, bu onu vəhşətə gətirir. Halbuki bu yersiz qorxu və sadəlöhvlükdür… Dəqiq analiz deyil.
Buna görədir ki, insanlar sosial mühit və başqalarının davranışları ilə bağlı balanslaşdırılmış, ardıcıl və nəzarət edilə bilən vəhdətyönlü bir bütöv yaratmaq üçün müəyyən prinsiplərdən istifadə edirlər. Anlaşılmamazlıqlar da elə buradan meydana gəlir.
Ailədə də belədir. Ər yaxud arvad ailənin yeknəvaxt və eyniyönlü olmasını istəyir. Bir-birilərinin seçimlərinə, zövqlərinə, istəklərinə bir təhlükə kimi baxırlar. Kontrol etmə istəyi bu təhlükələrdən qorxmaqla yaranır. Qorxunun gətirdiyi tələblər, sonda qorxduğunuz şeyin başınıza gəlməsini tətikləyir!
Ailədə biz bir almanın iki yarısıyıq deyə bir bütövləşmə axtarmaq da elə buradandır. Bir almanın iki yarısı olmaq lazım deyil, bu mükəmməl bir ailə quruluşunun əsası deyil, bir birinizə uyumlu, uyğunlaşan, məmnuniyyət hissi bəxş edən iki ayrı insan olmaq elə mükəmməlliyin özüdür. Hər birinizin öz fərqli baxışları, amma bir-birinə maneçilik törətməyən şəkildə bir-birinə zərər vurmayan şəkildə, bir-birini inkişaf etdirən formada ailə olmaq olar.
Heiderə görə, insanlar kiminsə barəsində səbəbli nəticələr çıxardıqda bunları iki fərqli səbəbdən birinə bağlaya bilərlər. Bunlar daxili səbəblər və xarici səbəblərdir.
Daxili səbəblər; şəxsiyyət xüsusiyyətləri, motivlər, münasibətlər, əhval-ruhiyyə, istedad və səy kimi fərdi xüsusiyyətlərdən ibarət olsa da, xarici səbəblər; adətlər, şanslar, tale, ətraf mühit və ya digər insanlar kimi fərdin xaricində meydana gələn amillərdən ibarətdir. Yəni insanlar bir hadisənin səbəbləri ilə bağlı nəticə çıxaranda ya daxili səbəblər, ya da xarici səbəblər ilə əlaqələndirirlər. Beləliklə, müəyyən mühitlərdə, fərqli şərtlərdə yanlış qavramalara görədir.
Bundan əlavə, tanınmış tədqiqatçılar insanların bir hadisəni və ya davranışı izah edərkən “məsuliyyət anlayışlarına görə izah etmələri”ni vurğulayır. Yəni hansısa problemlə üzləşdikləri zaman həllyönümlü deyil, reaksiya yönümlü yanaşır və ən əsası da problem üçün “məsuliyyət daşıyan” şəxsi hədəf seçirlər. Buna görə, hadisələri izah edərkən insanlar yalnız “niyə” sualının cavabı ilə maraqlanmır, həm də hadisədən kimin “məsul olduğu” ilə maraqlanırlar. (Davey, A. Fincham, F. D, Beach, S. R. H. and Brody, G. H. (2001). Attributions in Marriage. Examining the Entailment Model in Dyadic Context. Journal of Family Psychology, 15 (4), 721-734.)
Nəticə
İlk növbədə sizi hansı düşüncənin daha çox incitdiyini və narahat etdiyini dəqiqləşdirin. Sonra həmin düşüncənin doğurdan da, həqiqətə uyğun olub-olmadığı haqda məntiqli və əsaslı dəlillərin olmasını araşdırın. Başqalarının düşüncəsinin sizinkindən fərqli olduğunu özünüzə xatırladın! Başqalarının necə düşündüyünü bilmirsiniz! Hələ də onların necə mühakimə etdiyinə tam nəzarətiniz yoxdur! Ağlınıza, düşüncənizə gələn daha çox sizin fikirlərinizdir. Özünüzə sual verin: Mənim hisslərimin səbəbi həqiqətən də qarşı tərəfin problemli olmasıdır, yoxsa mənim əsassız düşüncələrimdir? Mən niyə belə düşünürəm? Onun hərəkətlərinə görəmi, yoxsa onun rəftarı mənə nəyi isə xatrladır? Hansısa qorxularımı, ailəmi, qonşuları, dostlarımın davranışlarını, filmlərdəki mənfi xarakterləri? Nə üçün belə düşünürəm? Qorxumun və uyğun olmayan düşüncəmin səbəbi nədir?
Əksini düşünsəydiniz necə hiss edərdiniz? Hər şey fərqli olardı, deyilmi? “Bu gün pis gün keçirəcəyəm” demək əvəzinə, “Bu gün bir çox problemim var, amma bunların öhdəsindən gəlirəm.” Desəniz nə baş verəcək sizcə?
“Yoldaşım məni sevmir” söyləmək əvəzinə, “Onun qayğıya ehtiyacı var, yorğundur, necə kömək edə bilərm?” deyə fikirləşsək, vəziyyəti necə dəyişə bilərik?
Təbii ki, bəziləri bu sözlərimi qəbul etməyə də bilər. Narahat olub, “həyat elə siz dediyiniz kimi gül-gülüstan deyil” -deyə də bilər. Bilirsiniz niyə? Çünki yanlış düşüncələr müqavimətlidir. Belə rahatlıqla onları silib ata bilməzsiniz. Avtomatik olaraq zehniniz bu yanlış düşüncələri silməmək üçün sizə onlarla dəlil-sübut gətirə bilər. Əslində, sizə bir sirr verimmi? Siz yanlış düşünməyi sevirsiniz! Çünki bu sizə rahatlıq verir. Eyni əfyun kimi… Saxta rahatlıqlar, saxta haqlılıqlar, saxta məzlumiyyət hissi kimi… Amma belə deyil! Doğrusu budur ki, siz yanlış qavramlarınızı dəyişib həyatın nə qədər gözəl və rahat olduğunu dərk edə bilərsiniz.
Dinimizdə bu haqda gözəl tövsiyələr mövcuddur. Qurani-Kərimdə buyurulur: “Ey iman gətirənlər, çox gümanlardan uzaqlaşın. Çünki gümanların bəziləri günahdır.” (Hücurat\12)
Həzrət Əli (ə) buyurur: “Sənə aydın olmayan bir əməlini görməyincə, qardaşının rəftarını ən gözəl tərzdə qəbul et. Onun ağzından çıxan sözə yaxşı yozum tapıncaya qədər ona bədgüman olma. Heç vaxt bədgümanlıq sənə qalib gəlməsin. Çünki bu səninçün heç kəslə dostluq etməyə yer qoymaz.” (Biharul-Ənvar, c. 77, səh. 207; Əmali-Səduq, səh. 250.)
İnsan bilməlidir ki, bu qavramlar bir yalandır, xeynin oynadığı oyunlardır. Hz. Məhəmməd Peyğəmbər (s) buyurur: “(Bəd) Gümandan çəkinin. Çünki, (bəd) güman yalanların yalanıdır. Onun barəsində axtarış belə aparma.” (Biharul-Ənvar, c. 75, səh. 195)
Təssüfedici haldır ki, belə düşüncələrə malik olan insan zaman keçdikcə heç kimə inanmır, kimsə ilə yola gedə bilmir, depressiyaya düşür və sonunda tənhalığa məhkum olur. Hz. Əli (ə) bu haqda buyurur: “Vəziyyəti və günü hamıdan pis olan şəxs, qəlbi qaralığına görə heç kəsə etimad etməyən və pis rəftarına görə də heç kəsin etimad etmədiyi üçündür. Nikbin olmayan şəxs hamıdan qaçar və tənha qalar.» (Kənzul-Fəvaid, c.2, hədis 182; Ğurərul-Hikəm, hədis 9084)
Əsassız düşüncələri zehin oxumaqları, falçılıqları bir kənara tullayın. İnsan doğru və möhkəm dəlil-sübut olmadan, məntiqli əsaslar olmadan nə üçün yanlış fikirləşsin ki? Gözəl fikirləşin ki, gözəl nəticələr əldə edə biləsiniz. Bir sözlə, həyata nə verərsən onu alarsan! Məqaləni maraqlı bir hekayə ilə bitirim:
Oğul atası ilə ilk dəfə birlikdə dağa çıxırlar. Qayaların arasında oğulun ayağı ilişir yıxılır. Deyir: Ah, ağrıdı. Qayaların arasından səs gəlir: Ah, ağrıdı…
Oğlan elə bilir ki, qayalıqda kimsə var və onu ələ salır. Qışqırıb deyir: Sən çox ədəbsizsən! Yenə də səs gəlir: Sən çox ədəbsizsən!
Oğlan daha da qəzəblənir: Sənə nifrət edirəm! Qayaların arasından yenidən eşıdılır: Sənə nifrət edirəm!
Oğlan narahatlıqla atasında deyir: Ata bu kimdir ki, məni belə amansızcasına ələ salır? Atası deyir: Oğlum bu qayalardan gələn əks-sədandır. Amma bunu həyatının əks sədası kimi də düşünə bilərsən. Həyata necə baxarsansa, o eləcə də sənə dönər.
Əzizlərim sui-zənnlə baxsanız, yanlış düşünsəniz bu sizin rəftarlarınıza da təsir qoyacaq, deməli yanlış rəftar edəcəksiniz. Nəticədə, doğru olmayan addımlarınızın qarşısında sizə qarşı yanlış addımlar atılacaq və siz inciyəcəksiniz!
PhD. Əfzələddin Rəhimli
İlahiyyat üzrə fəlsəfə elmlər doktoru,
Peşəkar ailə müşaviri, Həyat koçu